Accessibility links

Milli Şura Tofiq Yaqubluya qarşı ittihamların tam saxta olduğunu deyir


Tofiq Yaqublu
Tofiq Yaqublu

Demokratik Qüvvələrin Milli Şurası (Milli Şura) müxalif siyasətçi Tofiq Yaqubluya 10 il həbs cəzasının istənilməsi ilə bağlı bəyanat yayaraq ona qarşı ittihamların tam saxta olduğunu vurğulayıb.

Bəyanatda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya qarşı “sifarişli məhkəmə prosesi”nin başa çatmaq üzrə olduğu, fevralın 19-da baş tutan növbəti məhkəmə prosesində dövlət ittihamçısının Yaqubluya 10 il həbs cəzası tələb etdiyi qeyd edilir.

“Tofiq Yaqublu Azərbaycan müxalifətinin görkəmli nümayəndələrindən və ölkə başçısı İlham Əliyevin əsas tənqidçilərindən biri, olduqca prinsipial və mübariz insandır. O, artıq 4-cü dəfədir ki, siyasi sifarişlə həbs olunur”, bəyanatda vurğulanır.

Milli Şura hesab edir ki, Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamlar tam saxtadır və istintaq orqanı tərəfindən quraşdırılıb – “Yaqublu məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları darmadağın edib, onların tam saxta olduğunu sübuta yetirib”.

Bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Yaqublu həbs ediləcəyi təqdirdə, aclıq aksiyasına başlayacağını bildirib.

Milli Şura Tofiq Yaqublunun həbsinin Prezident İlham Əliyevin Azərbaycanda xalqı “tamamilə susdurmaq, real müxalifəti, azad mətbuatı və vətəndaş cəmiyyətini məhv etmək üçün yürütdüyü davamlı repressiya siyasəti” ilə bağlı olduğunu vurğulayıb.

“İlham Əliyev Azərbaycanda avtoritarizmlə də kifayətlənməyib, totalitar rejim qurmaq niyyətindədir. Buna görə də ona qorxu mühitini gücləndirmək, rejimlə mübarizəyə təşviq edən parlaq nümunələrdən cəmiyyəti daha çox məhrum etmək lazımdır. Tofiq Yaqublu kimi cəsur və prinsipial, rejimi ən sərt şəkildə və ardıcıl olaraq tənqid edən bir müxalif siyasətçinin həbsi bu qara niyyəti tam təmin edir. Ona görə də Tofiq Yaqublunu uzunmüddətli həbsə göndərmək sifarişini bilavasitə İlham Əliyevin verdiyi şübhə doğurmur”, Milli Şura bəyan edib.

Milli Şura onu da bildirib ki, Tofiq Yaqublunu bundan sonra da qətiyyətlə müdafiə edəcək, onun pozulmuş hüquqları uğrunda mübarizədən geri çəkilməyəcək. Tofiq Yaqublu başda olmaqla, bütün siyasi məhbusların müdafiəsi və onların azadlığına nail olmaq Milli Şuranın bundan sonra da əsas fəaliyyət istiqaməti olaraq qalacaq.

Müxalif koalisiya həmçinin Azərbaycan xalqını “onun xoşbəxtliyi uğrunda öz azadlığını itirmiş” siyasi məhbusları, o cümlədən Tofiq Yaqublunu daha mütəşəkkil qaydada və uca səslə müdafiə etməyə çağırır.

“Azərbaycan cəmiyyəti Tofiq Yaqublunun və bütün başqa siyasi məhbusların mümkün qədər tez azadlığa çıxması naminə əlindən gələni etməlidir. Milli Şura həmçinin beynəlxalq birliyi, dünyanın demokratik qüvvələrini Azərbaycanda siyasi həbslər və siyasi məhbuslar problemini arxa plana keçirməməyə, başda Tofiq Yaqublu olmaqla, hazırda sayı 350 nəfəri keçmiş siyasi məhbusların azadlığını İlham Əliyev hökumətindən israrla tələb etməyə səsləyir”, bəyanatda qeyd edilir.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin “dələduzluq” və “sənədləri saxtalaşdırma və istifadə etmə” üzrə müvafiq maddələri ilə cinayət işi başlanıb.

Yaqublu bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yaxınlarının bildirdiyinə görə, 10 aydan artıqdır davam edən məhkəmə prosesi ittiham tərəfinin ziddiyyətləri iddiları, Yaqublunun bu iddiaları ifşa etməsi ilə yadda qalıb.

“Artıq onuncu aydır ki, bu məhkəmə prosesi gedir və məhkəmə prosesi başdan-ayağa Tofiq Yaqublunun bu saxta cinayət işini ifşa etməsi ilə yadda qalıb. Tofiq Yaqublu dedi ki, bu qədər ifşalardan, bu qədər sübutlardan, faktlardan, alibilərdən sonra siz mənə nə deyib hökm oxuyacaqsınız?!”, Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Tofiq Yaqubluya qarşı cinayət təqibini siyasi motivli hesab edir.

Siyasətçi bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.

Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG