Accessibility links

Prokuror Tofiq Yaqubluya 10 il həbs cəzası istəyib


Tofiq Yaqublu
Tofiq Yaqublu

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi üzrə növbəti iclas keçirilib. Dövlət ittihamçısı Yaqubluya ciddi rejimli cəzaçəkmə müəssisəsində 10 azadlıqdan məhrumetmə cəzası istəyib.

“Əgər məhkəmə dövlət ittihamçısının səsləndirdiyi hökmü qüvvədə saxlayaraq məni həbs etsə, aclıq aksiyasına başlayacağam və ölənədək dayanmayacağam. Haqsız yerə həbsxanada oturmayacağam”, qızı Nigar Həzinin bildirdiyinə görə Tofiq Yaqublu bugün keçirilən məhkəmə iclasında deyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin “dələduzluq” və “sənədləri saxtalaşdırma və istifadə etmə” üzrə müvafiq maddələri ilə cinayət işi başlanıb.

Yaqublu bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Ancaq Nigar Həzinin sözlərinə görə, məhkəmə prosesinin son iclasında Elnur Məmmədovun mobil telefonlarıyla bağlı anten məlumatları tədqiq edilərkən xeyli ziddiyyətlər ortaya çıxıb.

Elnur Məmmədov Elnur Hüseynovdan aldığı pulu Yaqubluya 8 dekabr 2023-cü ildə Zabrat qəsəbəsində verdiyini iddia etsə də, telefon anten bilgiləri həmin vaxt Yaqublunun Pirşağı qəsəbəsində olduğunu ortaya çıxarıb.

“Artıq onuncu aydır ki, bu məhkəmə prosesi gedir və məhkəmə prosesi başdan-ayağa Tofiq Yaqublunun bu saxta cinayət işini ifşa etməsi ilə yadda qalıb. Tofiq Yaqublu dedi ki, bu qədər ifşalardan, bu qədər sübutlardan, faktlardan, alibilərdən sonra siz mənə nə deyib hökm oxuyacaqsınız?!”, Nigar Həzi deyib.

Nigar Həzi: Bu qədər sübutlara baxmayaraq, Tofiq Yaqubluya 10 il cəza istədilər
please wait

No media source currently available

0:00 0:05:35 0:00

Nigar Həzi həmçinin bildirib ki, müdafiə tərəfinin təqdim etdiyi bir sıra vəsatətlər də təmin edilməyib.

64 yaşlı siyasətçi əvvəlki məhkəmə iclaslarında da şərləndiyinə dair çoxsaylı sübut, fakt və dəlil təqdim etdiyini, ancaq məhkəmənin onun cinayət törətdiyinə dair bircə sübut belə ortaya qoya bilmədiyini deyib.

“Bu gün hüququn ayaqlar altında tapdalandığı daha bir gün oldu”, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli məhkəmə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Tofiq Yaqublu bu gün də dönə-dönə özünün təqsirzliyi ilə bağlı sübutlar gətirdi. Ümumiyyətlə, bu cinayət işi başdan ayağa qurama idi. Tofiq bəy də onu çox savadlı şəkildə ifşa elədi və bir daha sübut elədi ki, onun heç bir suçu olmadığı halda, o, bu millətin sözçüsü olduğuna görə, bu millətin haqqını tələb etdiyinə görə, hakimiyyəti sərt tənqid etdiyinə görə açıq-aşkar, həyasızcasına şərləyərək həbs etmək istəyirlər”, Əli Kərimli vurğulayıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Tofiq Yaqubluya qarşı cinayət təqibini siyasi motivli hesab edir.

Arxiv fotosu: Tofiq Yaqublu məhkəmə iclasında
Arxiv fotosu: Tofiq Yaqublu məhkəmə iclasında

Siyasətçi bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.

Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 26-da keçiriləcək.

Forum

XS
SM
MD
LG