ABŞ Seçkiləri 2020
Facebook və YouTube Trampın videosunu silib, Twitter onun hesabını müvəqqəti bağlayıb

Facebook və Alphabet-ə məxsus YouTube çərşənbə günü Prezident Donald Trampın ABŞ Kapitolisinə daxil olan tərəfdarlarını dağılmağa çağırdığı zaman seçkinin saxtalaşdırıldığına dair əsassız iddialarını dilə gətirdiyi videonu yığışdırıb.
Twitter minlərlə etirazçı Konqresi Trampın Prezident seçilmiş Demokrat Co Baydenə məğlubiyyətini ləğv etməyə məcbur etməyə çalışdığı bir vaxt istifadəçilərinin “zorakılıq riski səbəbilə” həmin videonu təkrar paylaşmalarının qarşısını alıb. Twitter daha sonra Trampın yenidən yanlış yerə seçkidə qalib gəldiyini iddia etdiyi tvitini blok edib.
Bunun ardınca çərşənbə günü Twitter sosial media platformasını mülki dürüstlük qaydalarını “davamlı və sərt qaydada pozduğuna görə” prezidentin hesabını 12 saat müddətinə blok edib.
Facebook-un Dürüstlük üzrə Vitse-Prezidenti Qay Rozen tvit ataraq videonun “davam edən zorakılıq riskini azaltmaq əvəzinə artırdığına” inandığını bildirib və bunun “müvafiq təcili” tədbirlərinin bir hissəsi olduğunu söyləyib.
Google-a məxsus YouTube videonun “geniş yayılmış saxtakarlıqlar və ya səhvlərin 2020-ci il ABŞ prezident seçkisinin nəticələrini dəyişdirdiyini” iddia edən məzmunla bağlı qaydalarını pozduğunu bildirib. YouTube-un sözçüsü Fərşad Şadlu bildirib ki, şirkət əlavə kontekstin olduğu videoalara icazə verir.
Sosial media şirkətləri platformalardan seçki ilə bağlı dezinformasiyaya nəzarət etmək üçün təzyiqlə üzləşirlər. Tramp və onun müttəfiqləri davamlı olaraq internetdə yer alan seçki saxtakarlığı ilə bağlı əsassız iddiaları yayıblar.
Anti-Diffamasiya Liqası çərşənbə günü bəyanatda sosial media şirkətlərini Trampın hesablarını müvəqqəti bağlamağa çağırıb və Kapitolidə baş verənlərin “birbaşa Oval Ofisdən gələn qorxu və dezinformasiya”nın nəticəsi olduğunu bildirib.
Facebook-un sabiq təhlükəsizlik sədri Aleks Stamos Twitter-də: “Twitter və Facebook onun sözünü kəsməlidir” yazıb.
Ağ Evin sözçüsü şərh istəyinə cavab verməyib.
Tədqiqatçılar və ictimai postlara əsasən, son üç həftədə bir neçə qrup, o cümlədən Tramp tərəfdarları, ağ millətçilər və QAnon konspirasiya nəzəriyyəsinin entuziastları çərşənbə günü mitinq planlaşdırdığı bir vaxt sosial media platformalarında silahlarla bağlı zorakı ritorika və tövsiyələr əhəmiyyətli dərəcədə artıb.
Dünya liderlərinin ABŞ Konqresindəki qarışıqlığa reaksiyaları

Prezident Donald Trampın noyabr ayı prezident seçkisində məğlub olmasına görə qəzəblənən tərəfdarlarının çərşənbə günü ABŞ Kapitoli binasına daxil olması dünya boyu şok, kədər və sarkazmla qarşılanb.
“Bu gün Vaşintonqda baş verənlər Amerika deyil,” Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Twitter-də yerləşdirdiyi video mesajda bildirib. “Biz demokratiyalarımızın gücünə inanırıq. Biz Amerika demokratiyasının gücünə inanırıq,” o əlavə edib.
Hindistanın baş naziri Narendra Modi də Twitter hesabında yaydığı bəyanatda Vaşinqtonda baş verən “iğtişaş və zorakılığı” onu “narahat etdiyini” bildirib. “Hakimiyyətin nizamlı və dinc şəkildə ötürülmə prosesi davam etməlidir. Qanunsuz etirazların demokratik prosesi sarsıtmasına imkan verilməməlidir.”
Tayvanın Xarici İşlər Nazirliyi cümə axşamı bəyanatında zorakılıqlarla bağlı təəssüf hissi keçirdiyini bildirib. Nazirlik Tayvan vətəndaşlarını Vaşinqton rəsmilərinin tətbiq etdiyi komendant saatı ilə əlaqədar “sayıq olmağa və təhlükəsizliyə diqqət yetirməyə” çağırdığını bildirib.
Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çudri cümə axşamı müxbirlərə bildirib ki, hökumət Vaşinqtonda baş verənləri yaxından izləyir. “Biz ümid edirik ki, vəziyyət yaxında normala dönəcək və davam etməkdə olan keçid prosesinə hər hansı təsir göstərməyəcək,” Çudri deyib.
Cənubi Koreyanın hakim Demokrat Partiyasının yüksək vəzifəli qanunvericisi Sonq Yonq-gik Facebook-da insidentin “Birləşmiş Ştatların utancverici tərəfini” üzə çıxardığını bildirib. “Bu cür davranışdan öz davranışlarına bəraət qazandırmaq istəyən diktaturalar tərəfindən sui-istifadə oluna bilər,” Sonq əlavə edib. “Mən Birləşmiş Ştatların sistemini bərpa etməsini səbirsizliklə gözləyirəm.”
“ABŞ Konqresində biabırçı mənzərə. Birləşmiş Ştatlar dünya boyu demokratiyanı dəstəkləyir və hazırda hakimiyyətin dinc və nizamlı şəkildə ötürülməsi zəruridir,” Britaniyanın baş naziri Boris Conson Twitter-də yazıb.
Avropa İttifaqının rəsmiləri çərşənbə günü Tramp tərəfdarlarının Kapitoliyə daxil olaraq Baydenə verilən səslərin sertifikatlaşdırma prosesinə mane olmasının ardından Baydenə dəstəklərini ifadə ediblər.
“Mən ABŞ qurumları və demokratiyanın gücünə inanıram. Hakimiyyətinin dinc şəkildə ötürülməsi onun mühüm hissəsidir. @CoBayden seçkidə qalib gəldi,” Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Twitter-də yazıb.
“Bu demokratik seçkinin nəticəsinə hörmət göstərilməlidir,” NATO-nun sədri Yens Stoltenberq Twitter-də bildirib.
Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə günü bəyanat yayaraq, Birləşmiş Ştatlardakı vətəndaşlarını izdihamlı yerlər və toqquşmalardan uzaq durmağa çağırıb.
“Biz ABŞ-dakı bütün tərəfləri təmkinə və sağlam düşünməyə dəvət edirik. Biz inanırıq ki, ABŞ bu daxili siyasi böhranın öhdəsində gələcək,” nazirlik bildirib.
İran Prezidenti Həsən Ruhani cümə axşamı televiziyada yayımlanan çıxışında deyib ki, çərşəbə günü ABŞ Kapitolisində baş verən hadisələr Qərb demokratiyasının kövrək və populizmə həssas olduğunun sübutudur. O deyib ki, “Populist gəlib və son dörd ildə ölkəsini fəlakətə doğru aparıb.”
Ruhani əlavə edib ki, o, “Ağ Evin növbəti sakinlərinin” “ölkəni Amerika xalqına layiq vəziyyətə döndərəcəyinə ümid edir, çünki Amerika xalqı böyük bir xalqdır.”
ABŞ qanunvericiləri Kapitolidə baş verən xaosla bağlı xatirələrini bölüşürlər

ABŞ qanunvericiləri çərşənbə günü Tramp tərəfdarı ekstremistlərin Kapitoliyə daxil olmasının ardınca təxliyyə olunduqları və onlara qaz maskaları taxmaq göstərişinin verildiyi anlarla bağlı xatirələrini bölüşüblər.
Kütlənin binaya daxil olması ilə Co Baydenin qələbəsini sertifikatlaşdırma prosesini həyata keçirən Senat işinə fasilə verib.
“Mən Nümayəndələr Palatası auditoriyasının yuxarı eyvanında oturan təxminən on nümayəndədən biri idim. Biz qaz maskalarını çıxardıq və yerə uzandıq,” Vaşinqton ştatından Konqresin Demokrat üzvü Pramila Cayapal Twitter-də yazıb.
“Kapitoli polisi qapılardan istehkam qurdu və silah çəkdi. Bizə daha sonra binanı dərhal tərk etməli olduğumuzu söylədilər,” o bildirib.
"Bizə yerdə uzanmaq və qaz maskası taxmaq göstərişi verildi,” Miçiqanlı Demokrat Dan Kili Twitter-də yazıb. “Palatanın təhlükəsizlik qüvvəsi və Kapitoli Polisi palatanın qapısını döyən etirazçılara silah çəkdi.”
Kapitoliyə daxil olan Tramp tərəfdarlarını dağıtmaq üçün Kapitolinin Rotundasına göz yaşardıcı qaz atılıb.
Amerikanın Səsinin rus xidmətinə danışan Şimali Karolinadan Respublikaçı konqresmen Qreq Mörfi deyib ki, onun həmkarlarının çoxu təhlükəsizliklərindən narahat idilər.
“Çoz insan narahat idi. Amma biz təhlükəsiz və nizamlı şəkildə təxliyə edildik,” o bildirib.
Çərşənbə günü gündüz saatlarında Kapitoli ətrafında tam qapanma tədbirləri görüldüyü zaman, qanunvericilərin çoxu sosial mediada dəstəkçiləri və izləyicilərinə salamat olduqlarını bildiriblər.
Təhlükəsizlik rəsmiləri Kapitolini çərşənbə günü yenidən açıblar. Vaşinqtonda axşam saat 6-da tətbiq olunan komendant saatına baxmayaraq Kapitoli ətrafında onlarla Tramp tərəfdarı olub.
Polis Tramp tərəfdarlarına və hadisələri kənardan izləyənlərə ərazini könüllü tərk etməli olduqlarını, əks halda komendant saatını pozduqlarına görə həbs oluna biləcəklərini söyləyiblər.
Mətbuatda yer alan xəbərlərə görə, Kapitolidə baş verən çaxnaşma zamanı güllə ilə vurulan bir qadın həyatını itirib. Onun kimliyi ictimaiyyətə açıqlanmayıb.
ABŞ qanunvericiləri Kapitolidə təhlükəsizliyin pozulması ilə bağlı təhqiqata çağırır

Prezident Trampı dəstəkləyən bir qrup insanın ölkənin qanunvercilik qolunun binasına daxil olmasından sonra ABŞ qanunvericiləri Kapitolini qoruyan polis qüvvələri ilə bağlı istintaqın aparılmasına çağırıb, eyni zamanda onları tərifləyib.
İstintaqa yeni Konqresdə ABŞ Kapitolisinin polisinin büdcəsinə nəzarət edən alt komitələrə rəhbərlik edəcək iki Demokrat qanunverici çağırış edib.
“Çox sayda video olacaq, onların bəziləri narahatlıq doğuracaq, bəziləri isə qəhrəmanlıq göstərəcək. Biz Kapitolidə təhlükəsizliyin necə bu qədər tez pozulduğu ilə bağlı hərtərəfli təhqiqat aparmalıyıq,” senator Kris Mörfi deyib.
Konqresmen Tim Rayan çərşənbə günü Prezident Donald Trampın tərəfdarlarının onun məğlubiyyətini əsassız şəkildə rədd etməsini dəstəkləmək məqsədilə keçirdikləri mitinqlərdən öncə hazırlığın aparılmadığını bildirib.
"Fikrimcə açıq-aydındır ki, yaxında çox sayda insan işsiz qalacaq, çünki bu həm hücum edən kütlə, prezident, üsyan və çevriliş cəhdi, həm də gözlədiyimiz hadisələrə qarşı peşəkar hazırlığın olmaması səbəbilə xəcalətdir" o deyib.
Konqres üzvü İlhan Ömər əlavə edib ki, “Biz milli təhlükəsizliyə milyardlarla dollar pul xərcləyirik və bu gün ölkə paytaxtını qanunsuz kütlədən qoruya bilmədik. Bu, qəbuledilməzdir!”
Çərşənbə günü baş verən hadisələr Trampın günorta saat 12-də Ağ Evin cənubunda yerləşən Ellipse parkında çıxış etməsi ilə başlayıb. O, Konqres üzvləri seçki nəticələrini təsdiq etməyə hazırlaşdığı bir vaxt orada toplaşan kütləni seçki nəticələrinə etirazları davam etməyə çağırıb.
“Biz Pennsilvaniya prospektində yürüməyə davam edəcəyik...və biz Kapitoliya gedirik...biz Respublikaçılarımıza ölkəni geri almaq üçün ehtiyacları olan qürur və cəsarətlə təmin edəcəyik,” o deyib.
Gündüz saat 1:30 radələrində ABŞ Kapitolisinin polisi artıq Nümayəndələr Palatası və yaxındakı Konqres kitabxanasının binasındakı insanlara binaları tərk etmək göstərişi verirdi. Saat 2-dən bir az sonra “ABŞ Kapitoli binasının qərb hissəsində kənar təhlükənin olduğuna,” bundan qısa müddət sonra isə “binanın daxilində təhlükəyə”dair xəbərdarlıq verildi.
Qanunvericilər və onların işçilərinə gizlənmək, qapıları bağlamaq və pəncərələrdən uzaq durmaq göstərişi verildi.
Şəhərin Metropoliten Polis İdarəsinin rəisi Robert Konti deyib ki, Kapitoli polisi o zaman artıq yardım üçün onun idarəsinə müraciət edib.
Sosial media və televiziyada yayımlanan bəzi videolarda barikadaları aşan kütlənin Kapitoli Polis idarəsinin zabitlərindən sayca kifayət çox olduqları və onların qarşısını almağa çalışan polis zabitlərindən yan keçməkdə müvvəffəq olduqları göstərilir. İğtişaşçların bəziləri divarlara dırmanıb, binaya daxil olmaq üçün pəncələri sındırıb.
Nümayəndələr Palatası və Senatın üzvləri, o cümlədən səslərin təsdiqi prosesinə sədrlik edən Mayk Pens təxliyyə olunublar.
Kütlə binanın daxilində, o cümlədən Nümayəndələr Palatası Nensi Pelosinin ofisində saatlarla vaxt keçiriblər, qapıları, mebelləri əziblər.
Kapitoli polisi Milli Qvardiya və federal hüquq-mühafizə orqanlarının yardımı ilə axşam saat 6-da nəzarəti ələ keçirməkdə müvvəffəq olub. Polis bir qadını güllələyərək öldürüb, daha üç nəfər isə tibbi səbəblərdən həyatını itirib.
Metropoliten Polisi 52 nəfərin həbs olunduğunu, polis idarəsinin 14 zabitinin yaralandığını bildirib.
Vaşinqtonun meri Muriel Bouser axşam saat 6-dan başlayaraq komendant saatı tətbiq edib. Qanunvericilər axşam saat 9-da Kapitoliyə geri dönərək sertifikatlaşdırma prosesinə davam ediblər.
Respublikaçı senator Mitt Romni Kapitoli Polisinə, Federal Təhqiqat Bürosuna, Gizli Xidmətə və Milli Qvardiyaya təşəkkür tviti atıb və onları göstərdikləri “peşəkarlıq və cəsarətə” görə alqışlayıb.
Oreqonda Demokrat konqresmen Örl Blumenauer Kapitolinin “mədh edilməmiş qəhrəmanlarına” təşəkkür edib.
ABŞ Konqresi Baydenin seçki qələbəsini sertifikatlaşdırdı

VAŞİNQTON – ABŞ Konqresi Demokrat Co Baydenin noyabr prezident seçkilərindəki qələbəsini sertifikatlaşdıraraq cümə axşamı öz Konstitutsiya borcunu yerinə yetirib. Sertifikatlaşdırılma seçkilərdə məğlub olmuş Prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsindən bir neçə saat sonra tamamlanıb.
Yarımçıq kəsilmiş və sonradan işini bərpa etmiş sessiyaya qaydalara uyğun olaraq Vitse Prezident Mayk Pens rəhbərlik edib. O, rəsmi Elektoral Kollegiya səslərinə görə, Baydenin 306, Trampın isə 232 səs aldığını bəyan edib.
Son iki ayda Tramp dəfələrlə və əsassız olaraq özünü qalib elan edərək öz tərəfdarlarını nəticələrin aradan qaldırılması istiqamətində mübarizə aparmağa çağırıb. Bu tendensiya onun çərşənbə günü verdiyi bəyanatlarda da əks olunub.
Konqres Baydenin qələbəsini sertifikatlaşdıran kimi Tramp yanvarın 20-də intizamlı hakimiyyət keçidinə öhədlik götürüb, lakin əlavə edib ki, seçki nəticələri ilə “tamamilə”razılaşmır.
Trampın bəyanatını prezidentin sosial media dirketoru Dan Scavino paylaşıb. Həm Facebook, həm də Twitter çərşənbə günü iğtişaşlarla bağlı verdiyi bəyanatlara görə Trampın hesablarını dayandırıb.
ABŞ Kapitoli polisi, federal, ştat və yerli hüquq-mühafizə orqanları Tramp tərəfdarlarını Kapitoli ərazisindən uzaqlaşdırdıqdan sonra Senat və Nümayəndələr Palatasının üzvləri məşvərət zallarına qayıda biliblər.
Nümayəndələr Palatasının spikeri Demokrat Nensi Pelosi çərşənbə günü Kapitoli ətrafında baş verənləri sərt şəkildə qınayıb.
“Bu gün demokratiyamıza rüsvayçı hücum edildi,” Pelosi deyib. “Bu, hökumətin ən yuxarı səviyyəsinin xeyir-duası ilə baş verdi. Lakin bu, bizi Co Baydenin seçilməsini təsdiqləmək borcumuzdan yayındıra bilməz.”
“Siz qalib gəlmədiniz. Zorakılıq heç vaxt qalib gəlmir,” deyə Vitse-Prezident Mayk Pens Senatın təsdiqləməyə başlaması ərəfəsində etirazçılara xitabən bəyan edib.
Toqquşmalar Mayk Pensin qanunvericilərə məktubunda Baydenin qələbəsinin sertifikatlaşdırılmasının qarşısını almağa cəhd etməyəcəyini bildirməsindən iki saat sonra başlanmışdı. O, bu addımı Prezident Trampın dəfələrlə Vitse-Prezidenti Baydenin Ağ Evə gedən yolunu kəsməyə çağırmasından sonra atmışdı.
ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş vermişdi. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildirmişdilər.
Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilib. Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilib.
Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları “Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə” çağırıb.
Paytaxt Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.
Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, “Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək.”
Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.
“Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram,” Bayden deyib.
Kapitoli etirazçılardan təmizləndikdən sonra konqresmenlər Baydenin qələbəsini təsdiqləmək üçün yenidən toplanıb

Prezident Donald Trampın tərəfdarlarından ibarət kütlənin ABŞ Kapitoli binasına zorla daxil olmasından bir neçə saat sonra qanunvericilər binaya qayıdaraq Elektoral Kollegiya səslərinin sertifikatlaşdırılması prosesini davam etdirirlər. Səsvermənin nəticələri Demokrat namizəd Co Baydenin 20 yanvarda növbəti ABŞ prezidenti, Kamala Harrisin isə Vitse-Prezident olaraq inaqurasiyasına yol açacaq.
“Siz qalib gəlmədiniz. Zorakılıq heç vaxt qalib gəlmir,” deyə Vitse-Prezident Mayk Pens Senatın təsdiqləməyə başlaması ərəfəsində etirazçılara xitabən bəyan edib.
ABŞ Kapitoli polisi, federal, ştat və yerli hüquq-mühafizə orqanları Tramp tərəfdarlarını Kapitoli ərazisindən uzaqlaşdırdıqdan sonra Senat və Nümayəndələr Palatasının üzvləri məşvərət zallarına qayıda biliblər.
Pens Senatı “geri işə dönməyə” və Baydenin prezident seçkilərində qələbəsinə qarşı Respublikaçıların etirazları üzərində debata başlamağa səsləyib.
Lakin Konqres sertifikatlaşdırılmasını əvvəllər etiraz etməyi planlaşdıran bir neçə Respubliaçı senator bir qadının əsnasında öldürüldüyü zorakılıqların ardınca bu fikirdən daşınıblar.
Senatda müzakirələr başlayanda Respublikaçı Senatorlar Stiv Deyns, Mayk Braun və Kelli Loffler Baydenin qələbəsinə artıq etiraz etməyəcəklərini bəyan ediblər.
Nümayəndələr Palatası da oxşar qaydada müzakirələri bərpa edib.
Palatanın spikeri Demokrat Nensi Pelosi çərşənbə günü Kapitoli ətrafında baş verənləri sərt şəkildə qınayıb.
“Bu gün demokratiyamıza rüsvayçı hücum edildi,” Pelosi deyib. “Bu, hökumətin ən yuxarı səviyyəsinin xeyir-duası ilə baş verdi. Lakin bu, bizi Co Baydenin seçilməsini təsdiqləmək borcumuzdan yayındıra bilməz.”
Toqquşmalar Mayk Pensin qanunvericilərə məktubunda Baydenin qələbəsinin sertifikatlaşdırılmasının qarşısını almağa cəhd etməyəcəyini bildirməsindən iki saat sonra başlanmışdı. O, bu addımı Prezident Trampın dəfələrlə Vitse-Prezidenti Baydenin Ağ Evə gedən yolunu kəsməyə çağırmasından sonra atmışdı.
ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş vermişdi. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildirmişdilər.
Senat Baydenə verilən elektoral səsləri təsdiq etdiyi bir vaxt işinə fasilə verməli olub, Vitse-Prezident Mayk Pens gizli xidmət tərəfindən yeraltı tunellərlə binadan çıxarılıb.
Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilib. Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilib.
Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları “Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə” çağırıb.
Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.
Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, “Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək.”
Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.
“Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram,” Bayden deyib.
Bayden Trampı Kapitolidəki zorakılıqları pisləməyə çağırdı

Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.
“Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram,” Bayden deyib.
“Bu etiraz deyil – bu, üsyandır.” Bayden əlavə edib.
O, çərşənbə günü Kapitoli binasında baş verənləri pisləyərək binaya hücum edənləri Amerikanı təmsil etməyən “ekstremistlər” adlandırıb.
“Bu saatda Amerika misilsiz bir hücum altındadır ki, bunun bənzərini müasir zəmanədə görməmişik. Söhbət azadlıq qalası olan Kapitolinin özündən gedir.”
Az sonra Tramp Twitterdə bir dəqiqəlik video açıqlayıb. Həmin videoda Prezident öz tərəfdarlarını “evə getməyə” çağırıb. Lakin prezident öz çıxışına seçkilərin “oğurlanması” barədə əsassız ittihamları təkrarlamaqla başlayıb.
Twitter Trampın tvitini onun ittihamlarının fırıldaq mahiyyətli və zorakılığa səsləyici olduğunu əsas gətirərək onu bəyənməyi yaxud paylaşmağı qadağan edib. Facebook və YouTube da videonu öz platformalarından yığışdırıblar. Onlar bu addımı Trampın seçkilərin saxtalaşdırılması ilə bağlı əsassız ittiamları ilə əlaqələndiriblər.
Ossoffun Corciyada Senator seçilməsi ilə Senata nəzarət Demokratlara keçir

Demokrat Con Ossoffun ABŞ-ın cənubi Corciya ştatında keçirilən Senat seçkilərinin ikinci raundunda Respublikaçı rəqibini məğlub etməsi ilə Senata nəzarət Demokratlara keçir.
Çərşənbə günü gecə digər Demokrat namizəd Rafael Vornok Corciya seçkilərinin qalibi elan edilmişdi.
ABŞ qanunlarına əsasən hər ştatdan iki senator seçilir və ümumilikdə 100 Senator var.
Ossof və Respublikaçı Senator David Perdyu arasındakı yarışda səslər arasında fərq cüzi olduğundan çərşənbə günü axşam saatlarınadək seçkilərin qalibi müəyyən edilməmişdi.
Çərşənbə axşamı keçirilən seçkidə Demokratlar Partiyasının üzvü keşiş Rafael Vornok rəqibi Kelly Luferi səs sayında üstələyərək qalib olmağa yaxınlaşıb.
ABŞ-dakı media qurumları 40 min səs çoxluğu ilə Vornoku seçkinin qalibi adlandırır. Məlumatlara əsasən bülletenlərin demək olar ki, hamısı sayılıb.
Rafael Vornok çərşənbə axşamı gecə saatalrında tərəfdarlarına yönəlik çıxışında bildirib ki, "Bu yarışda qalib gələ bilməyəcəyimizi dedilər. Ancaq bu gecə ümid, qətiyyət və xalqın gücü ilə hər şeyin mümkün olduğunu göstərdik".
Digər namizəd sənədli filmin prodüseri Con Ossoff da seçkilərdə rəqibi - ikinci altı illik müddət üçün yarışan Republikaçı Deyvid Perdyunu üstələyib.
Corciya ştatındakı seçkilərdən əvvəl Senatdakı 50 yerin 48-ni əlində saxlayan Respublikaçılara üstünlüyü qorumaq üçün bu seçkidə bir yer qazanmaq kifayət edəcəkdi.
Rafael Vornokun qələbəsidən əlavə Con Ossoffunda seçilməsi ilə Senatda Demokratlar və Respublikaçılar arasında əlli-əlliyə bərabərlik yaranacaq. Bu halda Senatın iclaslarına rəhbərlik edəcək Vitse Prezident Kamala Harris Senat daxilindəki səs vermələrdə Demokratların lehinə səs verərək partiyasının üstünlüyün qorumuş olacaq.
Demokratlar Partiyası kiçik fərqlə də olsa Nümayəndələr Palatasında üstünlüyə sahibdir. Lakin Konqresin hər iki qanadına nəzarət 20 yanvardan sonra prezident vəzifəsini ələ alacaq olan Co Baydenə səhiyyə sığortası islahatları, ətraf mühitin mühafizəsi qanunlarının sərtləşdirilməsi və immiqrasiya siyasəti ilə bağlı qanunlar kimi digər əsas sahələrdə əsaslı dəyişiklik etmək imkanı verə bilər.
Senatı idarə edən partiya qanunvericilik təqviminin müəyyənləşdirilməsində və hansı qanun layihələrinin gündəmə gətirilməsində söz sahibidir.
Çərşənbə axşamı keçirilən seçkilərin ikinci turunda məntəqələrə gedən seçicilərin sayında yüksək fəallıq müşahidə edilib. 5 yanvar rəsmi seçki günündən əvvəl isə təxminən 3 milyon 100 min seçicinin erkən səs verməyə getdiyi bildirilir. Trampı məğlub edərək prezident seçilən Co Bayden Corciya ştatından beş milyon səs qazanmışdı.
Amerikadakı seçkilərin ikinci turunda verilən səslərin ümumi sayı ənənəvi olaraq ümumi seçkilərdə verilən səslərdən az olur. Bununla belə Corciyada noyabr ayında seçkiyə getməyən təxminən 100 min seçicinin ikinci turda erkən səs verməyə getdiyi bildirilir.
Noyabr seçkilərində Biden 1992-ci ildən bəri Corciyada qalib gələn ilk Demokrat prezidentliyə namizəd olub.
Həm Bayden, həm də Prezident Donald Tramp seçicilərə təsir göstərmək məqsədilə seçkilərdən bir gün əvvəl Corciyada mitinq keçirmişdi.
“Güc sizin əlinizdədir,” Bayden deyib. “Mənim karyeram boyu şahid olmadığım bir haldır ki, bir ştat təkcə növbəti dörd il deyil, növbəti nəsil üçün gedişatı dəyişə bilər.”
O, həmçinin deyib ki, corciyalılar noyabr ayında prezident seçkisində rekord fəallıq göstəriblər və nəticədə o, cüzi fərqlə ştatda qalib gəlib. “İndi bizim sizin yenidən rekord dərəcədə fəal olmağınıza ehtiyacımız var,” o söyləyib.
Tramp bazar ertəsi ştatın şimal hissəsində Respublikaçıların çoxluq təşkil etdiyi Dalton anklavında mitinq keçirib və tərəfdarların bu seçkinin “sevdiyimiz Amerikanı qurtarmaq üçün son şans” ola biləcəyini deyib.
“Ultra-solçular ölkəmizi dağıtmaq, tariximizi məhv etmək və əziz gördüyümüz hər şeyi silmək istəyir,” Tramp deyib. Bu, həyatınızın sonunadək iştirak etdiyiniz ən mühüm seçki ola bilər,” o, əlavə edib.
Tramp tərəfdarları Konqres binasına daxil olduqdan sonra Kapitoli bağlanıb

ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş verib. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildiriblər.
Senat Baydenə verilən elektoral səsləri təsdiq etdiyi bir vaxt işinə fasilə verib, Vitse-Prezident Mayk Pensin gizli xidmət tərəfindən yeraltı tunellərlə binadan çıxarıldığı bildirilir.
Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilir. Televiziyadakı xəbərlərdə Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilir.
Seçkinin təsdiqi prosesi adətən formal xarakter daşıyır və Seçicilər Kollegiyasının dekabrın 14-də Baydeni rəsmi olaraq prezident seçməsinin ardınca prezident seçkisinin son mərhələsi hesab olunur. Lakin Konqresin bir neçə Respublikaçı üzvü təsdiq prosesinə etiraz edəcəyini bildirib.
Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları “Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə” çağırıb.
Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.
Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell çərşənbə günü seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, “Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək.”
"Mən Amerika xalqının qərarına hörmət etməyə və bizim hökumət sistemimizi qorumağa səs verəcəyəm," Respublikaçı Senator Makkonnell bəyan edib.
Bundan öncə çərşənbə günü Tramp Vaşinqtonda minlərlə etirazçının önündə çıxış edib. Daha sonra isə etirazçıların böyük bir qrupu Konqresə doğru irəliləyib. Tramp etirazçılara “heç vaxt məğlubiyyətini qəbul etməyəcəyini” deyib.
Ağ Evin arxasında Ellipse adlı parkda quraşdırılan səhnədə çıxış edən Tramp noyabr ayında keçirilən seçkinin “oğurlandığına” və onun “böyük səs fərqi ilə” qalib gəldiyinə dair yanlış iddialarını təkrarlayıb. Tramp deyib ki, “radikal solçu Demokratlarla” birlikdə “saxta xəbər mediası” “seçkini oğurlamaq üçün” “Çin virusu”ndan sui-istifadə edib.
Tramp həmçinin Vitse-Prezident Pensi çərşənbə günü Konqresdə səslərin təsdiqi prosesinə sədrlik etdiyi zaman “doğru şeyi etməyə” çağırıb. Tramp yanlış olaraq israr edib ki, “Vitse-Prezidentin etməli olduğu yeganə şey səsləri yenidən təsdiq olunması üçün ştatlara geri göndərməkdir və nəticədə biz prezident olacağıq, siz isə ən xoşbəxt insanlar.”
Pens Trampın bu sözlərindən qısa müddət sonra məktub yayaraq Seçicilər Kollegiyasının əleyhinə səs verməyi rədd edib.
“Mənim düşünülmüş qənaətim odur ki, mənim Konstitusiyanı dəstəkləyib, qorumaq üçün verdiyim söz mənim hansı elektoral səslərin hesablanıb, hansıların hesablanmayacağını müəyyən etməyə birtərəfli səlahiyyətimin olduğunu iddia etməyimə imkan vermir,” o yazıb.
Trampın tərəfdarları, o cümlədən polislə qarşıdurma yaşayan bəzi qruplar çərşənbə axşamından Vaşinqtonda toplaşmaya başlayıblar. Rəsmilər azı altı nəfəri silah və sursat daşımaq, polisə hücum daxil olmaqla müxtəlif ittihamlarla həbs etdiklərini bildirib.
Vaşinqtonun küçələri bağlanıb, mer Muriel Bouser Milli Qvardiyaya müraciət edib.
Demokratlar Senatın nəzarətini ələ almağa yaxındır

ABŞ-ın Corcia ştatında Senatın iki yeri uğrunda keçirilən seçkilərin ikinci turunda Demokratlar Partiyası Senatda çoxluq qazanmağa daha da yaxınlaşıb.
Çərşənbə axşamı baş tutan seçkidə Demokratlar Partiyasının üzvü rahib Rafael Vornok rəqibi Kelly Luferi səs sayında üstələyərək qalib olmağa yaxınlaşıb.
ABŞ-dakı media qurumları 40 min səs çoxluğu ilə Vornoku seçkinin qalibi adlandırır. Məlumatlara əsasən bülletenlərin demək olar ki, hamısı sayılıb.
Rafael Vornok çərşənbə axşamı gecə saatalrında tərəfdarlarına yönəlik çıxışında bildirib ki, "Bu yarışda qalib gələ bilməyəcəyimizi dedilər. Ancaq bu gecə ümid, qətiyyət və xalqın gücü ilə hər şeyin mümkün olduğunu göstərdik".
Digər namizəd sənədli filmin prodüseri Con Ossoff da seçkilərdə rəqibi - ikinci altı illik müddət üçün yarışan Republikaçı Deyvid Perdunu 12 min səslə üstələyir.
Corciya ştatındakı seçkilərdən əvvəl Senatdakı 50 yerin 48-ni əlində saxlayan Respublikaçılara üstünlüyü qorumaq üçün bu seçkidə bir yer qazanmaq kifayyət edirdi.
Rafael Vornokun qələbəsidən əlavə Con Ossoffunda seçilməsi ilə Senatda Demokratlar və Respublikaçılar arasında əlli-əlliyə bərabərlik yaranacaq. Bu halda Senatın iclaslarına rəhbərlik edəcək Vitse Prezident Kamala Harris Senat daxilindəki səs vermələrdə Demokratların lehinə səs verərək partiyasının üsütünlüyün qorumuş olacaq.
Demokratlar Partiyası kiçik bir fərqlə də olsa Nümayəndələr Palatasında üstünlüyə sahibdir. Lakin Konqresin hər iki qanadına nəzarət 20 yanvardan sonra prezident vəzifəsini ələ alacaq olan Co Baydenə səhiyyə sığortası reformu, ətraf mühitin mühafizəsi qanunlarının sərtləşdirilməsi və immiqrasiya siyasəti ilə bağlı qanunlar kimi digər əsas sahələrdə əsaslı dəyişiklik etmək imkanı verə bilər.
Lakin əgər Respublikaçılar Partiyası Senatda çoxluğunu qoruyarsa bu Baydenin işini çətinləşdirə bilər. Mübahisəli mövzularda Respublikaçılar Partiyası Konqres üzvləri ilə danışıqları uzada bilər.
Digər tərəfdən Senatı idarə edən partiya qanunvericilik təqviminin müəyyənləşdirilməsində və hansı qanun layihələrinin gündəmə gətirilməsində söz sahibidir.
Hazırda bu dörd namizədin seçki yarışı zəriridir. Çünki onlardan heç biri noyabrda seçkilərin birinci turunda üstülüyü ələ ala bilməmişdi.
Çərşənbə axşamı keçirilən seçkilərin ikinci turunda məntəqələrə gedən seçicilərin sayında yüksək fəallıq müşahidə edilib. 5 yanvar rəsmi seçki günündən əvvəl isə təxminən 3 milyon 100 min seçicinin erkən səs verməyə getdiyi bildirilir. Trampı məğlub edərək prezident seçilən Co Bayden Corciya ştatından beş milyon səs qazanmışdı.
Amerikadakı seçkilərin ikinci turunda verilən səslərin ümumi sayı ənənəvi olaraq ümumi seçkilərdə verilən səslərdən az olur. Bununla birlikdə Corciyada noyabr ayında seçkiyə getməyən təxminən 100 min seçicinin ikinci turda erkən səs verməyə getdiyi bildirilir.
Noyabr seçkilərində Biden 1992-ci ildən bəri Corciyada qalib gələn ilk Demokrat prezidentliyə namizəd olub.
Həm Bayden, həm də Prezident Donald Tramp seçicilərə təsir göstərmək məqsədilə seçkilərdən bir gün əvvəl Corciyada mitinq keçirib.
“Güc sizin əlinizdədir,” deyən Bayden “Mənim karyeram boyu şahid olmadığım bir haldır ki, bir ştat təkcə növbəti dörd il deyil, növbəti nəsil üçün gedişatı dəyişə bilər” - deyə, bildirib.
O həmçinin deyib ki, corciyalılar noyabr ayında prezident seçkisində rekord fəallıq göstəriblər və nəticədə o, cüzi fərqlə ştatda qalib gəlib. “İndi bizim sizin yenidən rekord dərəcədə fəal olmağınıza ehtiyacımız var,” o söyləyib.
Tramp bazar ertəsi ştatın şimal hissəsində Respublikaçıların çoxluq təşkil etdiyi Dalton anklavında mitinq keçirib və tərəfdarların bu seçkinin “sevdiyimiz Amerikanı qurtarmaq üçün son şans” ola biləcəyini deyib.
“Ultra-solçular ölkəmizi dağıtmaq, tariximizi məhv etmək və əziz gördüyümüz hər şeyi silmək istəyir,” Tramp deyib. Bu, həyatınızın sonunadək iştirak etdiyiniz ən mühüm seçki ola bilər,” o, əlavə edib.
_
ABŞ-ın Corciya ştatında Senata seçkilərin ikinci raundu keçirilir

Çərşənbə axşamı ABŞ-ın cənubi Corciya ştatında Senatdakı iki yer uğrunda səsvermənin ikinci raundu keçirilir. Bu önəmli səsvermənin nəticələri ABŞ Senatına Respublikaçılar, yaxud Demokratların nəzarət edəcəyini müəyyən edəcək.
Respublikaçı Senator Deyvid Perdu televiziyada sənədli film prodüseri olan Demokrat namizəd Con Ossofla mübarizə aparır. Ölkənin ən zəngin qanunvericilərindən biri olan Respublikaçı senator Kelli Loeffler isə baptist rahib Rafael Vornokla yarışır.
Seçki günündən öncə rəy sorğuları iki Demokratın az səs fərqi ilə öndə olduqlarını göstərir. Bu dörd namizəddən heç biri noyabrda keçirilən seçkinin ilk raundunda mütləq səs çoxluğu əldə etmədiyi üçün səsvermənin ikinci raundu keçirilir.
Erkən səslər çərşənbə axşamı hesablanmağa başlayacaq və qaliblərin rəsmi olaraq seçki günü axşam saatlarında bəlli olacağı gözlənilir.
Rəsmilər deyir ki, erkən səvermə fəallığı prezident seçilən Demokrat Co Baydenin noyabr ayında qalib gəldiyi rayonlarda yüksək olub, lakin Respublikaçılar çərşənbə günü seçici fəallığının onların xeyrinə olacağını deyirlər.
Noyabr ayında Corciyada bənzər mənzərə müşahidə edilmişdi. Belə ki, Demokratlar daha çox erkən səsvermə yolu ilə səs vermişdilər, Respublikaçılar isə seçki günündə seçki məntəqələrinə yollanmışdılar. Erkən səsləri hesablamaq daha uzun vaxt aldığı üçün seçki günündə Donald Trampın öndə olduğu düşünülsə də, nəticədə o həmin ştatda məğlub oldu.
İndi Senata hansı partiya nəzarət edir?
Hazırda Respublikaçılar 50-48 səs fərqi ilə çoxluq təşkil edirlər. Çərşənbə axşamı Respublikaçıların səsvermələrdən birində belə qalib gəlməsi ilə partiya Senata nəzarət etməyə davam edəcək.
Əgər Vornok və Ossoff ikisi də qalib gəlsə, Senatda 50-50-yə bərabərlik yaranacaq. Bu isə vitse-prezident seçilən Kamala Harrisə komitələrin təşkili və qanunvericilik gündəminə nəzarət kimi məsələlərdə Demokratların xeyrinə səs verərək bərabərliyi pozmaq imkanı verəcək.
Respublikaçıların Senata nəzarəti isə Baydenin növbəti iki ildə qanunvericilik gündəmini həyata keçirməsini çətinləşdirəcək və sağlamlıq sığortası, immiqrasiyaya nəzarət və iqlim nizamlamaları kimi məsələlərdə geniş müzakirələrin aparılmasına səbəb olacaq.
Bazar ertəsi nümayişlər keçiriləcək
Həm Bayden, həm də Prezident Donald Tramp seçicilərə təsir göstərmək məqsədilə bazar ertəsi Corciyada mitinq keçirəcək.
“Güc sizin əlinizdədir,” Bayden deyib. “Mənim karyeram boyu şahid olmadığım bir haldır ki, bir ştat təkcə növbəti dörd il deyil, növbəti nəsil üçün gedişatı dəyişə bilər.”
O deyib ki, corciyalılar noyabr ayında prezident seçkisində rekord fəallıq göstəriblər və nəticədə o, cüzi fərq ilə ştatda qalib gəlib. “İndi bizim sizin yenidən rekord dərəcədə fəal olmağınıza ehtiyacımız var,” o söyləyib.
Tramp bazar ertəsi ştatın şimal hissəsində Respublikaçıların çoxluq təşkil etdiyi Dalton anklavında mitinq keçirib və tərəfdarların bu seçkinin “sevdiyimiz Amerikanı qurtarmaq üçün son şans” ola biləcəyini deyib.
“Ultra-sol ölkəmizi dağıtmaq, tariximizi məhv etmək və əziz gördüyümüz hər şeyi silmək istəyir,” Tramp deyib. Bu, həyatınızın sonunadək iştirak etdiyiniz ən mühüm seçki ola bilər,” o, əlavə edib.
Tramp Corciya ştat rəsmilərindən səsvermənin nəticələrini aradan qaldırmağı xahiş edib

Ötən şənbə günü qeyri-adi telefon zəngində ABŞ Prezidenti Donald Tramp Corciya ştatı rəsmilərindən ştatdakı səsvermənin nəticələrini aradan qaldırmağı xahiş edib. ABŞ-ın mühüm elektoral səslərə malik cənub ştatında Tramp Demokrat namizəd Co Baydenə məğlub olub.
“Mənim istədiyim sadəcə budur. Mən sadəcə 11,780 səs tapmaq istəyirəm ki, bu da bizdə olduğundan çoxdur. Çünki biz ştatı udmuşuq,” Tramp ştatın baş seçki rəsmisi Respublikaçı Ştat Katibi Brad Raffenspergerlə telefon söhbətində bildirib. Həmin telefon söhbətinin səs yazısını The Washington Post qəzeti əldə edərək bazar günü dərc edib.
Bir saat çəkən telefon zəngində Tramp bəzən Raffenspergeri və ştatın baş müvəkkili Ryan Germanini tənqid edib, bəzənsə tərifləyib. Prezident Corciyada üç ayrı səsvermənin səhihliyini sual altına alıb. Həmin səsvermələr Co Baydenin Corciya ştatında 1992-ci ildən bəri qalib gəlmiş ilk Demokrat namizəd olduğunu göstərir.
Bazar günü Tramp Twitterdə yazıb: “Mən dünən Ştat Katibi Brad Raffenspergerlə Fulton Qraflığı və Corciya ştatında seçki fırıldağı haqda danışdım. O, "masa altındakı bülletenlər", bülletenlərin məhv edilməsi, ştatdan xaric "seçicilər", ölü seçicilər və daha çox məsələlər barədə sualları cavablandırmaqdan imtina etdi, yaxud bacarmadı. Onun xəbəri yoxdur.”
Bir neçə saat sonraq Raffensperger cavab yazıb: "Hörmətlə, Prezident Tramp: Sizin dediyiniz doğru deyil. Həqiqət üzə çıxacaq."
Zəngin səs yazısı üzə çıxdıqdan sonra President Tramp seçkilərə müdaxilə ilə bağlı tənqidlərə məruz qalıb.
ABŞ seçki sisteminə əsasən, Co Bayden ştatdakı ümumi səs çoxluğunu qazanmaqla ştata məxsus 16 elektoral kollegiya səslərini əldə etmiş olur ki, bu da onun Tramp üzərində 306-232 elektoral kollegiya qələbəsinin tərkib hissəsidir.
Çərşənbə günü Konqresin birgə sessiyasında qanunvericilərin seçki nəticələrini rəsmi olaraq təsdiqləməsi gözlənilir. Vitse Prezident Mayk Pensin rəhbərlik edəcəyi sessiyada azı 10-dan çox Respublikaçı senator Nümayəndələr Palatasındakı partiyadaşlarına qoşularaq Baydenin qələbəsini təsdiqləyən elektoral kollegiya səsverməsinin nəticələrinin sertifikasiyalaşdırılmasına etiraz edəcəklərini deyiblər.
Həmin səylərin müvəffəq olacağı gözlənilmir. Demokratlar Nümayəndələr Palatasında səs çoxluğuna malikdir və bir sıra nüfuzlu Respublikaçı senatorlar etiraza dəstək verməyəcəklərini aydın ediblər.
Bayden və seçilmiş Vitse-Prezident Kamala Harrisin inaqurasiyası yanvarın 20-də gözlənilir.
Hətta əgər Tramp Corciyada səsvermənin nəticələrini dəyişdirməyə müyəssər olsa da, Bayden prezident olmaq üçün tələb olunan 270 elektoral kollegiya səsinə malik olacaq.
Co Baydenin inaqurasiya paradı virtual keçiriləcək

Təşkilatçıların bazar günü bildirdiyinə görə, koronavirus dövründə toplaşma məhdudiyyətlərinə uyğun olaraq yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə həsr edilən parad virtual olacaq.
Bayden andiçmə mərasimindən sonra xanımı Cill Bayden, yeni seçilmiş vitse-prezident Kamala Harris və həyat yoldaşı Daq Emhoff la birlikdə Kapitoli binasının arxa hissəsində ənənəvi olaraq hərbi qüvvələrin hazırlığını yoxlayacaq.
Bayden ordu nümayəndələrinin müşayiəti ilə Vaşinqtonun 15-ci küçəsindən Ağ Evə qədər ənənəvi prezident yürüşünü edəcək. Prezidentin İnaqurasiya Komitəsinin dediyi kimi, "Amerika xalqına və dünyaya yeni seçilmiş prezidentin Ağ Evə gedən tarixi yürüşünün böyük izdiham olmadan, eləcə də sosial məsafə saxlayaraq etdiyini" göstərəcək.
Son günlər Baydenin keçid qrupunun əsasən virtual keçiriləcək şənliklərə hazırlaşmağa davam edərkən, fəhlələr inaqurasiya paradına tamaşa üçün Ağ Evin qarşısında inşa edilmiş oturacaqları sökməyə başlayıb. Təşkilatçılar eləcə də, Amerikanın qəhrəmanlarını, müxtəlif ştatlar və bölgələrdəki bütün təbəqələrdən olan amerikalıları, yeni dövrə başlayan Amerikanın müxtəlifliyini və irsini əks etdirən ümummilli virtual parad keçiriləcəyini bildirib
Ölkə icmalarının müxtəlifliyini və dinamikasını nümayiş etdirən parad televiziya ilə yayımlanacaq.
Ted Kruz bir neçə digər Respublikaçı senatorla birlikdə Baydenin qələbəsinə etiraz etməyi planlaşdırır

ABŞ senator Ted Kruz cümə günü bildirib ki, o, gələn həftə Konqresdə elektorların sayı hesablandığı zamanı president seçilmiş Co Baydenin qələbəsinə etiraz edən ona yaxın Respublikaçı senatorlara qoşulacaq. Daha çox simvolik xarakter daşıyan bu addımın Baydenin vəzifəyə gəlməsinin qarşısını almaq şansı demək olar yoxdur.
Respublikaçılar bu həftənin əvvəlində seçkinin nəticələrinə etiraz edəcəyini bildirən ilk Senat üzvü senator Çoş Havliyə qoşulurlar. ABŞ Nümayəndələr Palatasının da bir neçə üzvü səsverməyə etiraz etməyi planlaşdırır.
Kruz və digər senatorlar yaydıqları bəyanatda bildiriblər ki, onlar Prezident Trampın seçki saxtakarlığı ilə bağlı əsassız iddialarının mərkəzində olan mühüm ştatlardan elektorların səslərini ləğv etmək lehinə səs verməyi planlaşdırırılar və fövqəladə səbəblə saxtakarlıq iddilarının araşdırılması üçün komissiyanın yaradılmasına çağıracaqlar.
Kruzla birlikdə bəyanatı senatorlar Ron Conson, Ceyms Lankford, Stiv Deyns, Con Kennedi, Marşa Blekbörn, Mayk Braun, habelə bazar günü and yeni Konqresdə senator vəzifəsində işə başlayacaq Sintia Lummis, Tommis Tubervil, Bil Hagerti və Rover Marşal imzalayıblar.
Bayden yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.
Seçicilər Kollegiyası tərəfindən verilən səslər Konqresdə hesablanacaq
ABŞ prezidentinin seçilməsinin konstitusion prosesinin son mərhələsi çərşənbə günü yanvarın 6-da baş tutacaq. Adətən formal xarakter daşıyan bu proses bu dəfə məhkəmə tərəfindən rədd edilən seçki saxtakarlığı ittihamları səbəbilə diqqət çəkir.
Co Bayden Birləşmiş Ştatların prezidenti olmaq yolunda növbəti addımın nə olacağını yaxşı bilir.
O özü daha öncə bunu iki dəfə edib. İlk dəfə 2013-cü ildə.
“Şəhadətnamələri yoxlayın və bir neçə ştatın Birləşmiş Ştatlar prezidenti və vitse-prezidentinə verdiyi səsləri hesablayın.”
Və bir daha bundan dörd il sonra --- 2017-ci ilin yanvarın 6-da.
O, vitse-prezidentin konstitusiyada əks olunan səlahiyyətini yerinə yetirib. Bu da 50 ştatdan gələn elektorların möhürlənmiş səslərinin olduğu şəhadətnamələri açıb hesablamaq üçün təşkil olunan Konqresin Birgə Səssiyasına sədrlik etməkdir.
“Nyu-yorklu Donald Tramp Birləşmiş Ştatlar prezidentliyi üçün 304 səs alıb…”
ABŞ Konstitusiyasına 12-ci düzəlişdə vitse-prezidentin səlahiyyətləri sadalanıb. O, “Senatın Prezidenti olaraq Senat və Nümayəndələr Palatasının iştirakı ilə şəhadətnamələri açmalıdır və bütün səslər hesablanmalıdır.”
Bunun necə və nə zaman baş verəcəyi ABŞ-ın Qanunlar Kodeksinin 3-cü fəsliin “Konqresdə elektoral səslərin hesablanması” başlıqlı 15-ci alt-bölməsində qeyd olunub.
Bu qanun 1887-ci ildə yaradılıb və 1948-ci dəyişdirilib və kodeks halına salınıb. Qanuna əsasən, Senatın prezidenti yanvarın 6-a gündüz saat 12-yə Konqresin birgə sessiyasına sədrlik etməli, 50 ştatdan elektoral səslərin olduğu möhürlənmiş şəhadətnamələri açıb, onların əlifba sırası ilə hesablanmasını təmin etməlidir.
15-ci alt-bölmə həmçinin Konqres üzvlərinə hər bir ştatın səslərinin hesablanmasına etiraz etmək imkanı verir. Bunun üçün etiraz yazılı şəkildə təqdim edilməli və azı bir senator və Nümayəndələr Palatasının bir üzvü tərəfindən imzalanmalıdır.
2005-ci ildə elektoral səslərin hesablanması tarixdə ikinci dəfə təxirə salınmışdı, çünki etiraz üçün tələb olunan şərtlər yerinə yetirilmişdi.
Konqresin hər iki palatası iki saatdan çox müzakirələr aparmışdı və daha sonra etiraz üzərində səsvermə keçirilmiş, lakin heç bir nəticə verməmişdi.
“Onlar hiylə etdilər və prezident seçkimizi saxtalaşdırdılar…” ABŞ prezidenti Donald Tramp deyib.
Prezident Donald Tramp seçki saxtakarlığı ilə bağlı əsassız iddialar irəli sürdüyü bir vaxt, Co Baydenin 2020-ci il prezident seçkisinin qalibi elan edən elektoral səslər onun vitse-prezidenti Mayk Pensin sədrliyi altında hesablanacaq.
Nümayəndələr Palatasının azı bir üzvü, Alabama ştatından Respublikaçı Mo Bruks və bir senator, Missuri ştatından Respublikaçı Çoş Havli çərşənbə günü səslər hesablandığı zaman etirazlarını irəli sürəcəklərini bildiriblər.
Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil etdiyi üçün isə, çox güman ki, hər hansı bir etiraz nəticə verməyəcək.