Martın 13-ü Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri Zaur Əsgərov və Gündüz Mirzəyevin şikayətlərinə baxılıb. Dövlət əleyhinə çağırışda təqsirləndirilən siyasi fəalların şikayətləri təmin olunmayıb.
Əsgərovun vəkili Nemət Kərimli Azadlıq Radiosuna bildirib ki, müvəkkili özünü təqsirli bilmir. O əlavə edib ki, fəalın saxlanması üçün ciddi əsaslar yoxdur və o həbs olunmadan da istintaq aparıla bilərdi.
Əsgərov və Mirzəyev martın 7-də Cinayət Məcəlləsinin dövlət əleyhinə açıq çağırışlar etmək maddəsilə Binəqədi rayon məhkəməsi tərəfindən 2 aylıq həbs ediliblər.
AXCP martın 11-də yaydığı bəyanatda fəalların “qondarma” ittihamlarla həbs olunduğunu bildirib. Partiya əlavə edib ki, bununla da hazırda həbsdə olan üzvlərinin sayı 14-ə çatıb və son illərdə uzunmüddətli siyasi motivlərlə məhbus həyatı yaşayan üzvlərinin sayı isə 50 nəfəri keçib.
“Azərbaycan hakimiyyəti demokratik dünyanın gündəmini hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar problemlərin zəbt etdiyini fürsət bilərək, açıq-aşkar cəmiyyəti tamamilə əzib etiraz potensialından məhrum etmək niyyəti güdür”, - deyə bəyanatda bildirilir.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.