Qəzzadan yeni azad edilmiş israilli girovlar ABŞ tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-ın əsirliyində keçirdikləri 16 ay ərzində yaşadıqları çətin şərait haqqında danışırlar. Amerikanın Səsinin Qüdsdəki müxbiri Linda Qradstayn məlumat verir.
Eli Şarabi 7 oktyabr 2023-cü ildə Qəzza sərhədinə yaxın Beeri Kibbutsundan girov götürülüb. Girov götürülən qardaşı əsirlikdə öldürülüb. Bir ay əvvəl azad edilənə qədər Şarabi, həyat yoldaşı və iki qızının da HƏMAS üzvləri tərəfindən evlərində öldürüldüyünü bilmirdi.
Şarabi İsrail televiziyasına verdiyi son müsahibəsində gördüyü işgəncələri təsvir edib.
Eli Şarabi, Azad edilmiş israilli girov: “Mən ağrıdan yata bilmədiyimi xatırlayıram. İplər artıq ətini kəsir və hər hərəkət etdikdə qışqırmaq istəyirsən; elə anlar olur ki, sadəcə huşunu itirirsən. 2-3 saat sonra ayılırsınız və ağrı davam edir.”
Şarabi təxminən 500 gün. əsasən yeraltı tunellərdə əsirlikdə saxlanılıb. Gün ərzində cəmi bir neçə yüz kalori qəbul edərək sağ qalıb və bədən çəkisinin 40%-ni itirib. Onun və onunla birlikdə azad edilən digər iki girovun zəifləmiş vəziyyəti israilliləri şoka salıb və qəzəbləndirib.
Eli Şarabi, Azad edilmiş israilli girov: “Səni döymələrini vecinə almırsan; onlar səni döyür, qabırğalarımı sındırırlar. Mənim vecimə deyildi. Amma Aclıq! Mənə bir yarım çörək verin.”
HƏMAS əsirlikdə öldürülən 35 girovun cəsədini saxlayır və hələ də sağ olduğu güman edilən daha 24 girov var. Ailələri bildirir ki, onları xilas etmək üçün vaxt azalır.
İdit Ohel, Girov Alon Ohelin anası: “Son azad edilmiş girovların məlumatına görə, Alon 500 gündən çoxdur ki, 40 metr dərinlikdə, qaranlıq bir tuneldə saxlanılır. O, daim ayaqlarından zəncirlənib, döyülür və aclığa məruz qalır, çox çəki itirib. Bir gözündə qəlpə var və bu, onu kor edib. Digər gözünü də itirmək təhlükəsi var.”
ABŞ prezidenti Donald Tramp Şarabinin televiziya müsahibəsini izlədikdən sonra bir qrup azad edilmiş girovu Ağ Evə dəvət edib və HƏMAS-a sərt ultimatum verib.
Bəzi keçmiş girovlar, məsələn, ABŞ və İsrail vətəndaşı olan Kit Siqel hesab edir ki, Donald Tramp qalan girovların azad edilməsi üçün ən böyük ümiddir. Azad edildikdən sonra Siqel Qəzza sərhədində yerləşən evini ziyarət edib və Trampa təşəkkür videosu çəkib.
Kit Siqel, Azad edilmiş israilli girov: “Mən bir daha vurğulamaq istəyirəm ki, bütün girovları Qəzzadan çıxarmaq və ailələrinə qaytarmaq nə qədər təcili məsələdir. Siz indiyə qədər çox iş görmüsünüz və hamımız sizi bunu davam etdirməyə və girov mübadiləsi üçün daha çox irəliləyişə nail olmağa çağırırıq.”
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Qətərdə İsrail və HƏMAS arasında mövcud atəşkəsin davam etdirilməsi və daha çox girovun azad edilməsi üçün danışıqlar aparır.