Avropa Parlamenti “Azərbaycanda erməni girovların, o cümlədən Dağlıq Qarabağın yüksək rütbəli siyasi nümayəndələrinin qanunsuz həbsi və saxta məhkəmələri” başlıqlı qətnamə qəbul edərək Qarabağdakı sabiq separatçı qurumun rəsmilərinin həbsini pisləyib və onların azad edilməsinə çağırıb. Qətnamə rəsmi Bakının etirazına səbəb olub.
Rəsmi Bakının müharibə cinayətləri törətməkdə ittiham etdiyi şəxslərlə bağlı qətnamədə ədalətli məhkəmə hüququnun və tibbi yardıma çıxışın təmin edilməsinə, işi aparan hakim və müstəntiqlərə sanksiya tətbiq edilməsinə çağırılır.
Martın 13-də Strasburqda 523 səs lehinə, 3 əleyhinə və 84 nəfərin bitərəf qalması ilə qəbul edilən qətnamədə Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT qurumlarının fəaliyyətinə xitam verilməsi ilə bağlı narahatlıq ifadə edilib, bunun erməni məhbuslara humanitar yardıma mane törədəcəyi bildirilib.
Avropa Parlamenti həmçinin Beynəlxalq Cinayət Məhkəməsini Qarabağ ermənilərinin “məcburi köçürülməsi, təqibi və etnik təmizləmə” ilə bağlı işlərini araşdırmağa, Avropa İttifaqını isə Azərbaycanla enerji tərəfdaşlığını dayandırmağa çağırıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qətnamə layihəsinin Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları tərəfindən irəli sürüldüyünü bildirib.
“İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların əsir və girov adlandırılması beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və qəbuledilməz haldır”, Hacıyev yerli mətbuata açıqlamasında deyib və onların mühakiməsinin davam etdiriləcəyini bildirib.
Azərbaycan Milli Məclisi martın 13-də bu işlə bağlı xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanladığını bildirib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini birbaşa qeyd etməsə də, Azərbaycanın sözügedən məhkəmə prosesini pozmağa cəhd edən “əsassız qarayaxma kampaniyası” ilə üzləşdiyini bildirib.
“Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir”, açıqlamada bildirilir.
Azərbaycanda hazırda sabiq separatçı “Dağlıq Qarabağ Respublikası”nda vəzifə tutmuş 16 nəfərin məhkəmə prosesi aparılır. Təqsirləndirilənlər arasında tanınmamış “respublikanın” üç keçmiş “prezidenti” – Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyanın da olduğu 15 nəfərin işi bir, biznesmen və “dövlət naziri” olmuş Ruben Vardanyanın işi isə ayrıca icraatda aparılır.
Vardanyan və digər təsdiqləndirilənlər terrorçuluq, soyqırım, təcavüzkar müharibəyə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil olmaqla onlarla maddədə ittiham olunur. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Onlar 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağa nəzarəti tam bərpa etməsi və erməni əhalinin köçməsi ilə nəticələnən hərbi əməliyyatından sonra Azərbaycan sərhədçiləri tərəfindən Ermənistana keçməyə çalışarkən həbs olunublar.