Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi

Tofiq Yaqublu

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə son məhkəmə iclası keçirilib. İclasda siyasətçiyə 9 il hökm oxunub.

Ötən iclasda son sözünü bitirə bilmədiyi üçün Yaqublu çıxışına davam edib. O, əvvəllər də iki dəfə uzunmüddətli həbs olunduğunu və dəfələrlə inzibati qaydada həbs edildiyini xatırladıb. Yaqublu ona qarşı siyasi motivli olduğunu dediyi məhrumiyyətlərdən ailəsinin də əziyyət çəkdiyini deyib.

“Əminliklə deyə bilərəm ki, Azərbaycan tarixində Yaqublular ailəsi də, Əliyevlər ailəsi də haqq etdikləri yerləri rəsmi qaydada tutacaqlar. Onsuz da xalqa hər şey aydındır”, - deyə o çıxışında bildirib.

Yaqublu təqsirsiz olduğunu məhkəmə iclaslarında sübut etdiyini deyib. “Rədd olsun şərəfsizlik, rədd olsun korrupsiya, rədd olsun diktatura, rədd olsun repressiya! Yaşasın demokratiya, yaşasın dürüstlük, yaşasın ədalət! Mübarizəyə davam!”, - deyərək o, çıxışını bitirib.

İclas kiçikhəcmli zalda baş tutduğuna görə siyasətçinin çoxsaylı tərəfdarları və jurnalistlər məhkəmə binası önündə gözləməli olub. Əvvəlki iclaslarda olduğu kimi bina önünə xeyli polis qüvvəsi yerləşdirilib.

Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında atasının həbs cəzasının prezident İlham Əliyev tərəfindən verildiyini yazıb. O əlavə edib ki, bu həbs atasının ya ölümü, ya da azadlığı ilə nəticələnəcək.

Yaqublu əvvəlki iclasların birində hökm oxunacağı təqdirdə aclıq aksiyasına başlayacağını bildirmişdi. O, bundan əvvəlki həbslərində də aclıq aksiyaları keçirmiş və nəticədə həkimlərin rəyinə görə orqanizminə ciddi fəsadlar yaranmışdı. 2020-ci ilin sentyabrında hökm oxunmasına etiraz olaraq keçirdiyi aclıq aksiyasının 19-cu günündə o, şərti azadlığa buraxılmışdı.

Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) maddələriylə ittiham olunurdu.

Cinayət işində iddia olunur ki, Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldadıb.

Fevralın 19-da baş tutan iclasda dövlət ittihamçısı bu ittihamlarla siyasi fəala 10 il həbs cəzası kəsilməsini təklif edib. Digər təqsirləndirilən Elnur Məmmədova isə 9 il həbs cəzası verilməsini istəyib.

Yaqublu ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.