Ağ Evin yüksək səviyyəli iqtisadi rəsmiləri bazar günü ABŞ prezidenti Donald Trampın ölümcül opioid olan fentanilin ABŞ-a axınını əngəlləmək üçün təzyiq göstərmək məqsədilə Meksika, Kanada və Çinə yeni tarifləri qüvvədə saxladığını bildiriblər.
“Fentanil axını dayansa, düşünürəm ki, bu [tariflər] aradan qalxacaq", ticarət naziri Hovard Latnik NBC kanalına müsahibədə deyib .
“Lakin fentanil dayanmasa və ya o buna əmin deyilsə, o özünü rahat hiss edənə qədər belə qalacaq”, o bildirib.
“Amerikalıların həyatını xilas etməlisiniz”, Latnik əlavə edib.
Keçən həftə Tramp ABŞ-ın üç əsas indeks fondunun düşməsinə və ABŞ-ın uzunmüddətli müttəfiqləri və ən yaxın qonşuları, həmçinin iki ən böyük ticarət tərəfdaşı olan Kanada və Meksika ilə münasibətlərin gərginləşməsinə səbəb olan bir sıra sərt tariflər tətbiq edib.
Trump əvvəlcə Kanada və Meksikadan ABŞ-a ixraca 25 faiz tariflər tətbiq edib, sonra ABŞ-a daxil olan Meksika və Kanada istehsalı olan avtomobilləri rüsumdan azad edib və həftənin sonunda demək olar ki, bütün məhsullar üçün tarifləri aprelin 2-nə qədər dörd həftə təxirə salıb.
Lakin Latnik ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi 25 faiz tariflərin planlaşdırıldığı kimi çərşənbə günü qüvvəyə minəcəyini deyib.
Kanada və Meksika ABŞ bazarlarına ən çox metal ixrac edən ölkələrdir, alüminium idxalının əksəriyyəti Kanadanın payına düşür.
Ticarət naziri Trampın qlobal tariflərinin ABŞ-da tənəzzülə səbəb olacağı ilə bağlı qorxuları rədd edib.
“Qətiyyən. Amerikada tənəzzül olmayacaq”, o deyib.
Lakin Latnik tariflərin ABŞ istehlakçıları üçün xaricdə istehsal olunan malların qiymətlərini artıracağını etiraf edib.
“Xaricdə istehsal olunan bəzi mallar daha baha ola bilər, lakin Amerika malları daha ucuz olacaq və əsas məsələ budur”, o bildirib.
ABŞ istehsalı olan malların xaricdə istehsal olunan mallarla müqayisədə necə ucuzlaşacağı bəlli deyil.
Tramp Fox News kanalına müsahibəsində tarif artımları səbəbi ilə mümkün tənəzzüllə bağlı sualdan yayınıb, lakin deyib ki, “keçid dövrü var, çünki gördüyümüz işlərin miqyası çox böyükdür.”
O, keçən həftə birjada itkilərlə bağlı “bir az geriləmə ola bilər” deyib.
“Baxın, mənim etməli olduğum şey güclü bir ölkə qurmaqdır. Siz həqiqətən birja bazarını izləyə bilməzsiniz. Çinə baxsanız, onların 100 illik perspektivi var. Biz rüblük hərəkət edirik. Amma belə hərəkət edə bilməzsiniz”, Tramp bildirib.
Tramp müxtəlif vaxtlarda bildirib ki, onun yeni tarifləri hökumətin gəlirlərini artırmaq, ABŞ-da iş yerlərini qorumaq və xarici istehsalçılara əməliyyatlarını ABŞ-a köçürmələri üçün təzyiq göstərmək və fentanil axınını məhdudlaşdırmaq məqsədi daşıyır.