Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) siyasi fəal Məmməd İbrahimin 2015-ci ildə məhkəmə qərarı olmadan 48 saatdan artıq polisdə saxlanılmasını qanunsuz hesab edərək Azərbaycan hökumətini cərimələyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da “xuliqanlıq” ittihamı ilə saxlanılmış, 48 saatdan artıq müddətdə Nərimanov Polis İdarəsində saxlanılmaqla azadlıq hüququ məhdudlaşdırılmışdı. Nəhayət, oktyabrın 3-də məhkəmə qarşısına çıxarılan fəal bərəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.
İbrahimin vəkili Yalçın İmanov hələ o vaxt müvəkillinin polis idarəsində təxminən 16 məhkəmə qərarı olmadan qanunsuz saxlanıldığını və Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirmişdi.
“İbrahim Azərbaycana qarşı” işinin hallarına görə, Məmməd İbrahim barəsində seçilən həbs qətimkan tədbirinin də qanunsuz olmasından şikayətlənib.
Avropa Məhkəməsi martın 6-da elan etdiyi qərarında qərarında qeyd edib ki, Məmməd İbrahimin 30 sentyabr 2015-ci il saat 23.30-dan 3 oktyabr 15.00-dək daxili qanunvericiliyin icazə verdiyi qırx səkkiz saatdan çox müddətə məhkəmə qərarı olmadan saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) birinci bəndini pozub.
Ancaq Məhkəmə “ərizədə qaldırılan əsas hüquqi məsələyə” baxdığını əsas gətirərək həbs qətimkan tədbirinin qanunsuzluğuna dair şikayətə baxmağa ehtiyac görməyib.
Qərara əsasən, hökumət İbrahimə maddi zərərə görə 2 min, hüquqi xərclərə görə 250 avro ödəməli olacaq.
Məmməd İbrahim
Məmməd İbrahimin sözlərinə görə, həmin vaxt ona qarşı açılan iş tamamilə qurama və siyasi sifariş olmasından əlavə, irəli sürülən ittiham əsasında həbs qətimkan tədbiri seçilə bilməzdi və 48 saatdan artıq polis idarəsində saxlanılması da bunun bağlı olub.
“Saxlanılmağım qanunsuz idi. İrəli sürdükləri ittihama dair heç bir sübut yox idi, üstəlik həmin ittihama görə haqqımda həbs qətimkan tədbiri çıxara bilməzdilər. Ancaq sifariş nə idisə, onu etdilər. Sonradan özlərinin gətirdikləri şahidlər belə məhkəmədə mənim lehimə danışmışdı. İllərdir eyni saxta məhkəmə proseslərinə şahid oluruq. Həbsdə olan fəalların, Tofiq Yaqublunun, digərlərinin işinə baxsaq, indi artıq özlərinə rəva da bilmirlər ki, iş inandırıcı görünsün. Öz istədiklərini qərarda çıxarırlar”, Məmməd İbrahim Amerikanın Səsinə deyib.
AXCP üzvü Strasburq məhkəməsinin barəsində çıxarılmış həbs qətimkan tədbirinə hüquqi qiymət verməməsindən də narazılığını ifadə edib.
“Səhv etmirəmsə, 2021-ci ildə məhkəmə 7500 avro kompensasiya təyin edərək barışıq təklif etmişdi. Mən rədd etdim ki, qanun pozuntusu tanınsın. Həmin o 7500 indi 2 min olaraq geri qayıdıb. Əlbəttə ki, münasibətimiz pisdir”, İbrahim qeyd deyib.
O əlavə edib ki, hakimiyyət bu işlə bağlı qanun pozuntusunu tanıdığını və yenidən baxılacağını bildirsə də, yerli məhkəmələr ona hələ də bəraət qərarı çıxarmayıb.
“Ali Məhkəmənin Plenumunun qərarından sonra Apellyasiya Məhkəməsi yenidən baxdı işə, ancaq əcaib-qəraib bir qərar çıxardılar. Hələ də mənə bəraət verməyiblər. Apellyasiya məhkəməsinin qərarından yenidən Ali Məhkəməyə şikayət edəcəyik və bəraət qərarı olmasa, iş yenidən Avropa Məhkəməsinə qayıdacaq”, İbrahim bildirib.
2015-ci ildə açılan cinayət işi nəticəsində Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülərək həbs müddəti uzadılıb və nəhayət 2019-cu ildə azadlığa buraxılıb.
Avropa Məhkəməsi martın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha üç qərardadını elan edib.
“Babayev və Malikov Azərbaycana qarşı” işində ərizəçilər Allahverdi Babayev və Hüseyn Malikov inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayət ediblər.
Beləki, tərəflər arasında “barışıq” cəhdləri uğursuz olduqdan sonra, hökumət işlərin baxılacaq işlərin siyahısından çıxarılması xahiş ilə bağlı bəyannamələr tədqim edib. Hökumət qanun pozuntularını tanıyaraq, ərizəçilərə kompensasiya təklif edib və ərizəçilər hökumətin şərtləri ilə razılaşıb.
Qəradada əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçilərin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.
Ümumilikdə beş ərizənin yer aldığı “Abdullazadə və başqaları Azərbaycana qarşı” işi də inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dair verilmiş şikayətlər olub. Ərizəçilərin bəziləri azadlıq və toxunulmazlıq hüququnun pozuntusundan da şikayətlənib.
Bu işdə də uğursuz “barışıq” cəhdlərindən sonra hökumət təktərəfli bəyannamələr təqdim edərək qanun pozuntularını tanıyıb və kompensasiya təklif edib. Məhkəmə hökumətin təktərəfli bəyannamələrinə əsaslanaraq bu işi baxılacaq işlər siyahısından çıxarmağa qərar verib.
Qərardada əsasən, hökumət ərizəçilər – Elvin Abdullazadə, Əmrah Təhməzov, Hüseyn Malikov, Vüqar Əliyev və Fəzail Əliyevin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.
Son olaraq, “Əliyev Azərbaycana qarşı” işində ərizəçi Fərrux Əliyev və hökumət “dostca razılaşma” əldə ediblər.
Covid-19 pandemiyası ilə bağlı karantin qaydalarını pozduğuna görə inzibati həbsə məhkum edilən Fərrux Əliyev ədalətli məhkəmə hüququnun pozulduğunu iddia edib. O, həmçinin iki mobil telefonunun rəsmi qərarı olmadan müsadirə edilməsindən şikayətlənib.
Məhkəmə kommunikasiya zamanı tərəflərin “dostca razılaşma” əldə etdiklərini bildirib. Qərardada əsasən, hökumət ərizəçiyə maddi zərərə görə 3 min, hüquqi xərclərə görə 500 avro kompensasiya ödəyəcək.