İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsinin müddəti şənbə günü başa çatır, daimi atəşkəsin təmin edilməsi ilə bağlı növbəti mərhələ üzrə aparılan danışıqlar isə hələ nəticəsiz qalıb.
Bu atəşkəs, İsrailə qarşı HƏMAS terrorçularının 7 oktyabr 2023-cü il tarixində törətdiyi və ölkə tarixində ən ölümcül olan terror hücumundan sonra 15 aydan çox davam edən müharibədən sonra, 19 yanvar tarixində qüvvəyə minib.
Bir neçə həftə ərzində HƏMAS 25 girovu azad edib və daha 8 girovun cəsədini İsrailə qaytarıb. Buna cavab olaraq İsrail həbsxanalarında saxlanılan yüzlərlə fələstinli məhbus azad edilib.
ABŞ, Qətər və Misirin aylarla davam edən çətin danışıqlardan sonra vasitəçiliyi ilə əldə edilən bu kövrək atəşkəsin ikinci mərhələsi bazar günü başlamalı və hələ də Qəzzada saxlanılan onlarla girovun azad edilməsini təmin etməlidir.
İsrail mediasının məlumatına görə, cümə günü İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik rəsmiləri ilə nazirlər toplantısı keçirməli idi. Bundan əvvəl o, atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələr aparmaq üçün nümayəndə heyətini Misirə göndərmişdi.
“Müvafiq tərəflər atəşkəs razılaşmasının növbəti mərhələlərini müzakirə etmək üçün intensiv danışıqlara başlayıblar və əvvəlcədən razılaşdırılmış məsələlərin icrasını təmin etmək üçün səylər davam edir,” - Cümə axşamı Misirin Dövlət İnformasiya Xidməti bildirib.
Bəyanatda qeyd olunub ki, İsrail, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar üçün Qahirədədir.
Şənbə günü səhər saatlarına qədər ortaq razılıq əldə olunmadığı və HƏMAS nümayəndə heyətinin Misir paytaxtında olmadığı müşahidə olunurdu.
Beynəlxalq Böhran Qrupu analitik mərkəzinin eksperti Maks Rodenbek bildirib ki, ikinci mərhələnin şənbə günü başlamasını gözləmək olmaz. “Amma düşünürəm ki, atəşkəs də çökəcək deyil”, – o əlavə edib.
İsrailin Müdafiə naziri İsrael Kats isə bildirib ki, İsrailin üstünlük verdiyi variant ikinci mərhələnin başlanması yox, birinci mərhələnin davam etdirilməsi və daha çox girovun azad edilməsidir.
HƏMAS isə müharibədə ağır itkilər verdikdən sonra ikinci mərhələnin başlanmasını israrla tələb edir.
“Razılaşmanın bütün müddəalarına və bütün mərhələlərinə tam riayət edəcəyini təsdiqləyir,” - Təşkilat bəyanatında bildirib.
Həmçinin HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə “heç bir gecikdirmə olmadan razılaşmanın ikinci mərhələsinə dərhal başlamaq” üçün təzyiq göstərməyə çağırıb.
Atəşkəs “qorunmalıdır”
HƏMAS-ın 7 oktyabr hücumu zamanı əsir götürdüyü 251 girovdan 58-i hələ də Qəzzada saxlanılır. İsrail ordusunun məlumatına görə, onlardan 34-ü artıq ölüdür.
BMT-nin Baş katibi Antonio Quterreş cümə günü İsrail-HƏMAS atəşkəsi və girovlarla bağlı razılaşmanın “qorunmalı olduğunu” bəyan edib, çünki ilkin mərhələnin başa çatmasına saatlar qalıb.
“Gələn günlər həlledici olacaq. Tərəflər bu razılaşmanın pozulmaması üçün bütün səylərini səfərbər etməlidirlər”, – Quterreş Nyu-Yorkda bildirib.
BMT bildirir ki, atəşkəs, müharibə nəticəsində binaların 69%-dən çoxunun zədələndiyi və ya dağıdıldığı, demək olar ki, bütün əhalinin didərgin düşdüyü və geniş yayılmış aclıqla üzləşdiyi Qəzza bölgəsinə daha çox humanitar yardımın çatdırılmasına imkan verib.