Jurnalist Fatimə Mövlamlı fevralın 28-də “Meydan TV”ə qarşı cinayət işi ilə əlaqədar saxlanılıb və istintaq orqanının təqdimatı əsasında məhkəməyə çıxarılacaq. Bu barədə faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
“Mən də artıq həbs olundum. Mən jurnalistika fəaliyyətimə görə saxlanılmışam. Etdiyim heç nəyə görə peşman deyiləm. Jurnalistika cinayət deyil!”, - deyə Mövlamlının Facebook səhifəsində status paylaşılıb. Səhifənin idarəçiliyinin Mövlamlı tərəfindən ölkə xaricində yaşayan dostlarına verildiyi qeyd olunub.
Daha sonra səhifədə Mövlamlının əvvəldən həbs ehtimalını nəzərə alaraq çəkdirdiyi videomüraciəti yayımlanıb.
“16 yaşımda ictimai-siyasi proseslərlə tanış olub sonradan özüm də onun bir parçasına çevriləndə indi dayandığım yerə çatacağımı fikirləşmirdim. Amma lap o vaxtdan bilsə idim ki, gedəcəyim yer həbsxanadır, müstəqil jurnalistlərin hamısına qaçaqmalçı damğası vurulacaq, bu günə qədər gördüyüm işlərdən heç nə əksilməzdi”, - deyə Mövlamlı müraciətində bildirib.
“İlham Əliyev bizi həbs etməklə dəyişdirmək istədiyi həqiqət ki var, onu dəyişə bilməyəcək. Qaçaqmalçının yekəsi, qaçaqmalçıların himayədarı İlham Əliyevdir. Biz jurnalist fəaliyyətimizə görə həbs olunmuşuq, heç nədən peşman deyilik, həbsdən çıxdığım ilk gün reportaj hazırlamağa gedəcəm”, - deyə o, çıxışını sonlandırıb.
Dostu Gülnarə Rəhimova Facebook səhifəsində qeyd edib ki, Mövlamlının evində polis tərəfindən axtarış aparılıb və evdən 2,000 avro dəyərində pul vəsaiti və jurnalistin bacısının telefonu götürülüb. Mövlamlının ailəsi isə bildirib ki, pul onlara məxsus deyil.
Mövlamlı “Meydan TV” işi ilə əlaqədar saxlanılan 10-cu jurnalistdir. Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu ilin fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı (Libre) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib. Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.