Teatr sənəti müəllimi və rejissor Əli Fütuhinin “Dənizdə” tamaşası bazar günündən bəri Təbriz Şəhər Teatrında səhnədədir.
Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalı və bəzi sosial media kanalları bu barədə xəbər və görüntülər yayıblar.
“Dənizdə” komediya tamaşasının Təbriz Şəhər Teatr kompleksinin Ustad Sadıqi zalında 10 gün nümayiş etdiriləcəyi bildirilib.
Məşhur polşalı dramaturq Slavomir Mrojekin müəllifi olduğu tamaşa sosial media kanallarında yayılan məlumata görə, “Mehdi Vəlizadə tərəfindən ingiliscədən türkcəyə çevirilib.”
“Dənizdə iki kişi və bir qadının dənizdə itmiş bir gəmidə ac qaldıqlarını və aclığa qalib gəlməyə çalışdıqlarını təsvir edir. Atyorlar Yusuf Əkbərzadə, Mehdi Xaliqi, Səba Fərbodyar, Əli Fikri və Mehdi Nurzad Lalə bu tamaşada rol alıblar,” Nasr News yazıb.
Təqribən son 15 ildə Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlər başda olmaqla, İran Azərbaycanında türk dilində tamaşaların səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb.