İran mediası, o cümlədən rəsmi İRNA agentliyi, 23 fevral tarixində parlamentin açıq iclasında ölkə məktəblərində "etnik dillərin ədəbiyyatının tədrisinə" dair qanun layihəsinin müzakirə edildiyini bildirib.
Məlumata görə, İran parlamentinin açıq iclası sədr müavini Həmidrza Hacıbabayinin rəhbərliyi və 221 deputatın iştirakı ilə keçirilib. Bu iclasda müxtəlif məsələlərlə yanaşı, "yerli və etnik dillərin ədəbiyyatının tədrisinə" dair qanun layihəsi də müzakirə olunub.
Görünən odur ki, bu, ilk dəfədir ki, məktəblərdə qeyri-fars dillərin ədəbiyyatının tədrisi məsələsi parlamentin açıq iclasında müzakirə olunur. Daha əvvəl bu mövzuda bir neçə dəfə layihələr hazırlanaraq Təhsil Komissiyasında təsdiqlənsə də, heç vaxt parlamentin açıq iclasına çıxarılmamışdı.
SEE ALSO: İran Parlamentinin Təhsil Komissiyası yenidən "yerli dillərin tədrisi" layihəsini təsdiqləyibİranın rəsmi dövlət xəbər agentliyi bu mövzunun ölkənin konstitusiyasının 15-ci maddəsi çərçivəsində müzakirəyə çıxarıldığını qeyd edib. Həmin maddəyə əsasən, “yerli və etnik dillərdən mətbuatda, kütləvi informasiya vasitələrində və onların ədəbiyyatının məktəblərdə tədrisində istifadə olunması fars dili ilə yanaşı azaddır.”
Lakin bu maddənin birinci hissəsində ölkənin rəsmi və ortaq dilinin fars dili olduğu vurğulanır. Maddə qeyri-fars dillərində təhsili deyil, yalnız onların ədəbiyyatının tədrisini mümkün sayır. Halbuki, İran Azərbaycanından olan bəzi siyasi fəallar "ana dilində təhsil hüququnu" tələb edir. Bu, bütün fənlərin məktəblərdə ana dilində tədrisini təmin etməyi nəzərdə tutur, eyni zamanda fars dili ortaq dil kimi öyrədilə bilər. Buna baxmayaraq, parlamentdə müzakirəyə çıxarılan bu layihə yalnız etniklərin ədəbiyyatının tədrisi ilə məhdudlaşır.
Hələlik iclasın detalları və qanun layihəsinin qəbul edilib-edilmədiyi barədə rəsmi məlumat yayılmayıb. Bu iclasda müzakirə olunan məsələlərlə bağlı ölkə mediasında hələ açıqlama verilməyib.
Təbrizdən olan millət vəkili və İran parlamentinin Təhsil Komissiyasının sədri Əlirza Münadi Sefidan dünən Instagram səhifəsində bildirib ki, əgər bu layihə təsdiqlənsə, “Təhsil Nazirliyi xüsusi müəllimlər hazırlamaq və yerli dillərin ədəbiyyatını şagirdlərə tədris etmək üçün proqram tərtib etməyə məcbur olacaq.”
Münadi həmçinin qeyd edib ki, "layihə altı maddədən ibarətdir və ümumilikdə 45 ləhcə [dialekt] üçün təsdiq edilib. Buna əsasən, Təhsil Nazirliyi bu dillərin və ləhcələrin tədrisi ilə bağlı tədbirlər görməlidir."
Onun sözlərinə görə, Təhsil komissiyasının hazırladığı layihədə Təhsil Nazirliyinə 7-ci və 11-ci siniflərdə şagirdlərin yerli ədəbiyyatla tanış olması üçün dərslik hazırlanması təklif edilib.
Münadi daha əvvəl İRİB agentliyinə verdiyi açıqlamada bildirmişdi ki, "İranda 80-dən 85-ə qədər dil və ləhcə mövcuddur və onların əksəriyyəti artıq yox olub." Onun sözlərinə görə, hazırlanan layihədə 45 dil və ləhcə nəzərdə tutulub.
Ümumiyyətlə, bu məsələ İran İslam Respublikasının 45 illik mövcudluğu dövründə müxtəlif formalarda və müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gəlsə də, hələ də icraya qoyulmayıb. Bu məsələ ölkənin konstitusiyasında qeyd olunmasına baxmayaraq, İran İslam Respublikası təxminən beş onillikdir ki, hələ də bu maddəni icra etməyib.
İran Azərbaycanından olan bir çox siyasi fəal, İran İslam Respublikasının konstitusiyasında yer alan bu maddəni ədalətsiz və hətta ayrı-seçkilik xarakterli hesab edir. Tənqidçilərin fikrincə, bu məsələ bərabər təhsil imkanlarını pozur və ana dili fars dili olmayan şagirdlərin dərsləri anlamaqda çətinlik çəkməsinə səbəb olur.
SEE ALSO: İran Azərbaycanında türkcə dərslik nəşr edilmədiOnlar həmçinin bu maddədə “etnik və yerli dillər” ifadəsinin işlədilməsini, ana dilində təhsil haqqına deyil, yalnız ədəbiyyatın tədrisinə icazə verilməsini və ümumilikdə bu məsələnin konstitusiyada qeyri-müəyyən formada qeyd olunmasını uzun illərdir tənqid edirlər.