İsrailin baş naziri Benyamin Netanyahu cümə günü deyib ki, HƏMAS İsraillə sülh razılaşmasına əsasən, girov Şiri Babasın cəsədini azad etmədiyinə görə "bədəl ödəyəcək".
“Biz Şirini bütün girovlarımızla – həm diri, həm də ölü – evə gətirmək üçün qətiyyətlə hərəkət edəcəyik və HƏMAS-ın razılaşmanı bu qəddar və pis şəkildə pozmasına görə tam bədəl ödədiyini təmin edəcəyik,” Netanyahu video bəyanatında bildirib.
“Onlar nəinki ata Yarden Bibası, gənc ana Şirini və onların iki balaca körpəsini ağlasığmaz şəkildə qaçırdılar, həm də Şirini kiçik övladlarına, balaca mələklərinə qaytarmadılar, əvəzində tabuta qəzzalı bir qadının cəsədini qoydular,” o deyib.
Reuters xəbər agentliyinin məlumatına görə, HƏMAS cümə günü bildirib ki, Şiri Babasın qalıqları onun saxlandığı yerə İsrail hava zərbəsidinin endirilməsindən sonra dağıntılar altında qalan başqa bir insan qalıqları ilə qarışıb.
Üç israilli girovun cəsədi və dördüncü, naməlum qadının cəsədi İsrail və HƏMAS militant qruplaşması arasında əldə olunan atəşkəsə əsasən cümə axşamı günü İsrailə qaytarılıb.
Yüzlərlə insan Qəzzanın cənubundakı Xan Yunis şəhərində toplaşıb. Orada HƏMAS dörd qara tabutu Qırmızı Xaç təşkilatına təhvil verib ki, onlar da öz növbəsində onları konvoyla apararaq İsrail hərbçilərinə təhvil verib.
Əllərində İsrail bayraqları ilə yol kənarında insanların toplaşdığı ərazilərdən İsrail korteji keçib. Cəsədlər bir neçə saat sonra şəxsiyyətlərinin təsdiqlənməsi üçün Təl-Əvivdəki Milli Ədli Tibb Mərkəzinə aparılıblar.
Cümə axşamı azad edilənlər arasında ən gənc girovlar - qaçırılanda 9 aylıq olan körpə olan Kfir Bibas və onun 4 yaşlı qardaşı Ariel Bibas da olub.
Onların anası Şiri Bibasın da cəsədinin sərbəst buraxılması nəzərdə tutulurdu. Lakin cümə günü İsrail ordusu qadın cəsədinin Şiri Bibasa aid olmadığını bildirib. Ordunun bildirdiyinə görə, cəsəd başqa heç bir girova aid deyil və şəxsiyyəti naməlumdur.
İsrail ordusu HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
"Bu, dörd ölmüş girovu geri qaytarmaq öhdəliyi olan HƏMAS terror təşkilatı tərəfindən son dərəcə ciddi pozuntudur," orudunun bəyanatında deyilir.
İsrailin BMT-dəki nümayəndəsi Denni Danon da HƏMAS-ı naməlum cəsədi qaytardığına görə qınayıb.
"HƏMAS naməlum cəsəd qaytarıb, sanki o, dəyərsiz bir çatdırılmadır. Bu, yeni bir alçaqlıqdır, paraleli olmayan şər və qəddarlıqdır," Danon açıqlamasında bildirib.
Bibas ailəsi 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən Nir Oz kibbutsundan qaçırılıb. Həmin ana aid videoda Şiri Bibasın uşaqlarını ədyala bükdüyü və silahlı şəxslər tərəfindən aparıldığı əks olunub.
HƏMAS bildirib ki, oğlanlar və anaları 2023-cü ilin noyabrında İsrailin hava hücumu nəticəsində həlak olublar. Onların atası Yarden Bibas ayrıca qaçırılıb və bu ayın əvvəlində sağ-salamat geri qaytarılıb.
Evindən oğurlanarkən 83 yaşında olan Nir Oz sakini Oded Lifşitzin cəsədi də cümə axşamı azad edilib.
Şənbə günü altı canlı girovun, müharibə zamanı İsrail qüvvələri tərəfindən Qəzzada saxlanılan yüzlərlə fələstinlinin müqabilində azad ediləcəyi gözlənilir.
İsrail və HƏMAS yanvarın 19-da başlayan atəşkəsin birinci mərhələsini həyata keçirməkdədir. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, ikinci mərhələ üzrə danışıqların bu həftə başlaması planlaşdırılır.
HƏMAS sözçüsü cümə axşamı Netanyahunu "ikinci mərhələ ilə bağlı süründürməçilikdə" günahlandıraraq, qrupun "danışıqlara hazır olduğunu" deyib.
HƏMAS rəsmisi Agence France-Presse-ə bildirib ki, qalan girovlar atəşkəsin növbəti mərhələsində birlikdə azad oluna bilərlər.
HƏMAS-ın daha 66-ı girovu saxladığı güman edilir ki, onların təxminən yarısı sağdır.
Qrup qalan girovları yalnız döyüşlərin davamlı şəkildə dayandırılması və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması müqabilində azad edəcəyini bildirib.
Bu arada isə İsrail ABŞ-ın dəstəyi ilə Qəzzada HƏMAS-ın hər hansı hərbi və ya idarəedici rolunun kökünü kəsmək məqsədindən geri çəkilməyib.
ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS 2023-cü ilin oktyabr ayında həyata keçirdiyi hücumda təxminən 1200 nəfəri öldürüb və təxminən 250 nəfəri girov götürüb. Girovların yarısından çoxu atəşkəs razılaşmaları və digər sazişlər çərçivəsində azad edilib, səkkizi isə hərbi əməliyyatlar nəticəsində xilas olunub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava və quru əməliyyatları nəticəsində əsasən qadınlar və uşaqlar olmaqla 48,200-dən çox fələstinli həlak olub. Nazirlik ölənlərin arasında neçə nəfərin döyüşçü olduğunu açıqlamır. İsrail ordusu isə 17,000 militantın öldüyünü iddia edir. Hücumlar Qəzzanın geniş ərazilərini dağıdıb və 2,3 milyonluq əhalinin əksəriyyətini didərgin salıb