İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsinin sona çatdığı bir vaxt Rubio Səudiyyə Ərəbistanına səfər edir

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb, 17 fevral 2025-ci il.

ABŞ-ın dövlət katibi Marko Rubio bazar ertəsi İsrail və HƏMAS arasındakı atəşkəsə diqqət yetirən regional turunun bir hissəsi olaraq Səudiyyə Ərəbistanında olub.

Rubionun Səudiyyə Ərəbistanının və digər ərəb ölkələrinin ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan çıxarmaq təklifinə etiraz etdiyi bir vaxtda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcəyi gözlənilir.

Tramp, fələstinlilərin qonşu ölkələrə köçürüləcəyini, ABŞ-ın isə Qəzzanı nəzarətə alaraq bölgəni yenidən inkişaf etdirəcəyi fikrini irəli sürüb.

Belə bir plan Trampın Səudiyyə Ərəbistanını İsraillə diplomatik əlaqələri normallaşdırmağa razı salmaq ümidlərini sarsıda bilər. Səudiyyə rəsmiləri bildirib ki, bu, yalnız fələstinlilər üçün dövlət yaradılmasına aparan bir yol təqdim edilərsə mümkün ola bilər.

ABŞ bazar günü İsrailin Qəzzadakı müharibə hədəflərini tam dəstəklədiyini bəyan edib, Rubio isə bildirib ki, HƏMAS “məhv edilməlidir” və “hərbi və ya siyasi hakimiyyət qüvvəsi kimi fəaliyyətini davam etdirə bilməz.”

Atəşkəsin birinci mərhələsinin sona çatmasına iki həftə qalmış Rubio, Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahuyla görüşü zamanı bildirib ki, “HƏMAS hökumət qurmaq və ya idarəetmə aparmaq iqtidarında olduğu və ya zorakılıq yolu ilə hədə-qorxu gələ bildiyi müddətcə sülh mümkün olmayacaq.”

Trampın sözlərini təkrarlayan İsrail lideri bildirib ki, əgər HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə hücum edərək müharibəyə səbəb olan və girov götürdüyü onlarla insanı azad etməsə, “cəhənnəmin qapıları açılacaq.”

ABŞ tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS şənbə günü üç girovu azad edib və bunun əvəzində İsraildə həbsdə olan təxminən 400 fələstinli buraxılıb. Lakin silahlı qruplaşma hələ də 1,200 nəfərin ölümünə səbəb olan terror hücumu zamanı girov götürdüyü onlarla insanı saxlamaqdadır.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, 15 aydır davam edən döyüşlər zamanı 48,200-dən çox fələstinli ölüb. Nazirlik döyüşçülərlə mülki şəxsləri fərqləndirmir. İsrail isə ölənlər arasında 17,000-dən çox döyüşçü olduğunu bildirir.

Atəşkəsin ikinci mərhələsi nəzəri olaraq HƏMAS-ın girov saxladığı insanları azad etməsi, bunun əvəzində daha çox fələstinli məhbusun buraxılması, daimi sülh razılaşmasının hazırlanması və İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutulur. Lakin razılaşmanın detalları hələ də müzakirə olunmayıb.

Rubionun bölgəyə səfəri çərçivəsində heç bir fələstinli rəsmilərlə görüş planlaşdırılmayıb.