Ukrayna Prezidenti Volodimir Zelenski vahid Avropa hərbi qüvvələrinin yaradılması təklifini irəli sürüb. O, Rusiyadan gələn davamlı təhdid və ABŞ-ın dəstəyinə dair qeyri-müəyyənlik fonunda qitənin özünə güvənməli olduğunu vurğulayıb və bu vəziyyəti “yeni reallıq” adlandırıb.
“Biz Avropanın silahlı qüvvələrini qurmalıyıq ki, Avropanın gələcəyi yalnız avropalılardan asılı olsun və Avropa haqqında qərarlar Avropada qəbul edilsin,” – Zelenski fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Rusiyanın hücumuna son qoyacaq və Moskvanın xeyrinə nəticələnəcək razılaşmadan Ukrayna və Avropanın kənar qalacağı ilə bağlı narahatlıqlar fonunda Zelenski ölkəsinin və qitənin danışıqlarında iştirak etməli olduğunu vurğulayıb.
“Ukrayna bizsiz, bizim iştirakımız olmadan arxamızda bağlanacaq heç bir razılaşmanı qəbul etməyəcək. Eyni qayda bütün Avropaya da şamil olunmalıdır. Ukrayna haqqında Ukraynasız qərarlar olmaz – Avropa haqqında Avropasız qərarlar olmaz. Biz Avropa kimi hərəkət etməliyik, ayrı-ayrı xalqlar kimi yox”, - Zelenski deyib.
Rusiya tərəfindən genişmiqyaslı işğalın başlanmasından demək olar ki, üç il sonra çıxış edən Zelenski bildirib ki, o, Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməyəcək və Kyiv real təhlükəsizlik zəmanətləri olmadan heç bir atəşkəsə razı olmayacaq.
O, ABŞ-ın Avropaya olan öhdəliyini də sual altına alıb: “Amerikaya Avropa lazımdırmı? Bir bazar olaraq – bəli, müttəfiq kimi – bilmirəm.”
Zelenskinin çıxışı, ABŞ-ın yüksək vəzifəli rəsmiləri, o cümlədən vitse-prezident JD Vans ilə görüşündən bir gün sonra baş tutub. Vans 14 fevralda konfransda çıxışı zamanı Ukraynada “davamlı və uzunmüddətli sülh”ə nail olunmasının vacibliyini vurğulayıb.
Zelenskiy Vansa bildirib ki, Ukrayna Vaşinqtondan təhlükəsizlik zəmanətləri almadan Rusiya ilə müharibəni bitirmək üçün heç bir danışıqlara getməyəcək.
ABŞ-ın strategiyasına dair qarışıq siqnallar Kyivdə narahatlıq yaradıb. Ukraynanın Rusiya ilə qeyri-məqbul bir sazişə məcbur ediləcəyindən və bunun nəticəsində Putinin daha da güclənəcəyindən ehtiyatlanılır.