Azərbaycanın xarici işlər naziri Münhendə Avropa Şurası Baş katibi ilə görüşüb

Avropa Şurası Baş katibi Alen Berse və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov (Mənbə: Azərbaycan XİN)

Münhendə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Avropa Şurası (AŞ) Baş katibi Alen Berse arasında görüş baş tutub.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur.

Məlumata görə, nazir Ceyhun Bayramov Avropa Şurası üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla qurum arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən Azərbaycana qarşı nümayiş olunan qərəzin əməkdaşlığa xələl gətirdiyini qeyd edib.

“Xüsusilə, ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb. Bu kimi addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib”, Nazirliyin mətbuat xidməti bildirib.

Ceyhun Bayramov görüşdən sonra “X” sosial şəbəkəsindəki səhifəsində AŞ Baş katibi ilə hərtərəfli müzakirə apardıqlarını və Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı maraqlar əsasında əməkdaşlığın vacibliyini vurğuladıqlarını qeyd edib.

“Mən bir daha Azərbaycan nümayəndə heyətinin AŞPA-da etimadnaməsinin təsdiq edilməməsi ilə nəticələnən və mövcud əməkdaşlığa xeyli ziyan vuran qərara görə təəssüfləndiyimizi bildirdim”, Bayramov yazıb.

Avropa Şurası hələlik görüşlə bağlı məlumat yaymayıb və Baş katibin ofisindən müzakirələrin detallarına dair dərhal məlumat almaq mümkün olmayıb.

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini öhdəliklərin yerinə yetirməməsi, insan hüquqlarının pisləşən vəziyyəti və əməkdaşlıqdan imtina kimi halları əsas gətirərək ötən ilin yanvar ayında təsdiqləməyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu addımı Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya kimi qiymətləndirib.

Rəsmi Bakı Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə səs verən avropalı deputatları “arzuolunmaz şəxslər” elan etməklə yanaşı, Avropa Şurasının digər orqanları ilə də əməkdaşlığı dayandırıb.

Alen Berse İlham Əliyevlə ötən il noyabrın 14-də Bakıda COP29 çərçivəsində baş tutan görüşdən sonra dialoqun bərpasının vacibliyini vurğulayıb və bir sıra sahələrdə əməkdaşlığın, o cümlədən Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində işlərin bərpa olunduğunu bildirib.

Avropa Şurası Baş katibinin dialoq cəhdləri fonunda AŞPA yanvarın sonlarında baş tutan plenar iclasında Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan haqlarının vəziyyətinin daha da pisləşməsindən, o cümlədən siyasi və vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə qarşı davam edən repressiyalarla bağlı “ciddi narahatlıq” ifadə edib.

Assambleya üzvlərindən Azərbaycanla dialoqun davam etdirilməsinə çağıranlar olsa da, ölkənin qurumdan xaric edilməsi ilə nəticələnə biləcək prosedurun başladılmasına səsləyənlər də var.

SEE ALSO: AŞPA-da Azərbaycanla bağlı daha sərt addımlara çağırış edilir

Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün bu şəhərdə olan jurnalist və hüquq müdafiəçisi Emin Hüseynov Amerikanın Səsinə deyib ki, münasibətlər problematik olaraq qalsa da, rəsmi Bakı və ən azı Baş katib timsalında Avropa Şurası “körpüləri yandırmaq” istəmir.

“Ancaq azərbaycanlı deputatların Assambleyaya geri dönməsi hələlik sual altındadır. Azərbaycanın AŞPA-ya geri dönməsi üçün qoyulan əsas şərtlərdən biri siyasi məhbusların azad edilməsidir. Siyasi məhbuslar azad edilməzsə, AŞPA azərbaycanlı deputatların səlahiyyətlərini təsdiqləməyəcək. Azərbaycan ona görə yanvar ayında nümayəndə heyəti göndərmədi”, Hüseynov əlavə edib.

Azərbaycan Milli Məclisi AŞPA-nın yanvar ayında baş tutan qış plenar iclasına nümayəndə heyəti göndərməyib. Bu isə Azərbaycanın Assambleyadakı gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha dərinləşdirib.

Beləki qaydalara əsasən, üzv ölkələr parlament seçkilərinin keçirilməsindən ötən altı ay müddətində nümayəndə heyətinin etimadnaməsini AŞPA-ya təqdim etməlidir.

Azərbaycanda son parlament seçkiləri ötən il sentyabrın 1-də keçirildiyindən, Milli Məclis martın 1-dək AŞPA-ya etimadnamələri təqdim etməlidir. Milli Məclis bu tarixədək üzvlərinin etimadnamələrini göndərərsə, nümayəndə heyətinin etimadnaməsinə aprel sessiyasında yenidən baxıla bilər. Əks halda, Azərbaycanın AŞPA-da gələcəyi ən azı parlamentin hazırkı tərkibinin mandatı bitənədək sual altında qalır.

Emin Hüseynovun fikrincə alternativ olaraq, Azərbaycan hakimiyyəti Rusiyanın nümunəsindəki kimi Avropa Şurasının Baş katibi və Nazirlər Komitəsi ilə münasibətləri normal saxlamağa, AŞPA ilə status-kvonu isə qeyri-müəyyən müddətdə uzatmağa çalışacaq.

AŞPA 2014-cü ildə Rusiyanın Krımın ilhaqından sonra bu ölkənin nümayəndə heyətinin səsvermə hüququnu təsdiqləməmiş və növbəti 5 ildə Rusiya AŞPA-da iştirakını dondurmuşdu.

Rusiyalı deputatların səlahiyyətləri 2019-cu ildə təsdiqlənsə də, Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından sonra Avropa Şurasından xaric edilmişdi.