Seçki qutusuna "Meydan TV"nin əməkdaşlarının fotosunu atan fəal: İşgəncəyə məruz qalmışam

Cəlal Cavadov

Fevralın 7-də "Meydan TV"nin həbsdə olan əməkdaşlarının fotosunu bələdiyyə seçkilərində səsvermə qutusuna atandan bir gün sonra həbs olunan ictimai fəal Cəlal Cavadovun apellyasiya şikayətinə baxılıb. Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə prosesi axşam saat 21:00 radələrində baş tutub.

Cəlal Cavadov Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib.

Fəalın sözlərinə görə onu narkotik ittihamı ilə həbs ediblər, lakin həbsinin əsl səbəbi "Meydan TV"nin əməkdaşlarının həbsinə etirazıdır:

"Məni döyə-döyə deyirdilər ki, şəklini seçki qutusuna atdığın qızlar gəlib səni xilas eləsinlər".

Seçki qutusuna "Meydan TV"-nin həbsdə olan əməkdaşlarının fotosu atılıb (Mənbə: Sosial şəbəkə)

Yanvarın 31-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə protokolda qeyd olunub ki, o, Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, 22-ci polis bölməsinə gətirilib. Ona Nəsimi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, saxlama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib.

Fəal bildirib ki, o metronun "28 May" stansiyası yaxınlığında saxlanılıb, onu 22-ci polis bölməsinə aparmayıblar. Cavadov iki gün Nəsimi Rayon Polis İdarəsində saxlanıldığını, orada işgəncəyə məruz qaldığını deyib:

"Orada qabağıma tərkibində narkotik olan su qoydular. Dedim ki, içməyəcəm. Döyməyə başladılar. O qədər döydülər ki, vəziyyətim pisləşdi".

Fəal polis idarəsinə təcili yardım çağırıldığını bildirib. Cavadovu Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıblar.

Seçki qutusuna "Meydan TV"-nin həbsdə olan əməkdaşlarının fotosu atılıb (Mənbə: Sosial şəbəkə)

Nəsimi Rayon Məhkəməsinin qərarında Cəlal Cavadovun etirafedici izahatı yer alsa da, fəal belə bir izahat vermədiyini, məhkəmədə 3 dəqiqəlik proses keçirildiyini bildirib. Fəalın sözlərinə görə, onun imzası da saxtalaşdırılıb. Cəlal Cavadov qeyd edib ki, sənədlərdəki imzaların heç biri ona məxsus deyil.

Prosesin yekununda Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Fəalın işgəncəyə məruz qalması ilə bağlı iddiasına hələlik Daxili İşlər Nazirliyindən mövqe bildirilməyib.

Cəlal Cavadovdan yanvarın 30-da saat 16:00 radələrindən xəbər alına bilməyib. Vəkili Zibeydə Sadıqova Cəlal Cavadovun yerini müəyyənləşdirmək üçün Ombudsman Aparatına müraciət edib. Həmçinin, Daxili İşlər Nazirliyinin "102" xidmətinə də məlumat verilib.

Yanvarın 31-də Nəsimi Rayon Məhkəməsi hakim Anar İbadzadənin sədrliyi ilə ictimai fəala 30 sutka inzibati həbs cəzası verildiyi məlum olub. O İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə ittiham olunur.