Jurnalistlərin həbsi siyasi və ictimai tənqidlərə səbəb olub

Son günlər Azərbaycanda daha iki jurnalist həbs edilib. Hüquq- müdafiə təşkilatları ölkədə həbsdə olan jurnalistlərin sayının 23 nəfərə çatdığını bildirir.

Jurnalistlərin həbsi ictimai-siyasi mühitdə, həmçinin sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub. Tənqidlərdə ölkədəki siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsinə çağırışlar yer alıb.

Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Elşən Həsənov

Elşən Həsənov: Siyasi məhbusların sayında azı 15-20 nəfər artım olacaq

Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, ötən ilin dekabrında ölkədə siyasi məhbusların sayı 331 olub.

“Biz bu günlərdə siyasi məhbusların yeni siyahısını ictimaiyyətə təqdim edəcəyik. Ölkədə siyasi təqiblər sahəsində durum çox ağırdır. Təqdim edəcəyimiz yeni siyahıda siyasi məhbusların sayında azı 15-20 nəfər artım olacaq. Biz son günlər həbs edilən iki jurnalisti, İmişli hadisələri ilə bağlı həbs edilən 13 nəfəri və bir neçə inanclı insanı siyasi məhbus kimi tanıyacağıq”, hüquq müdafiəçisi qeyd edib.

Bəşir Süleymanlı -Vətəndaş Hüquqları İnstitutunun rəhbəri

Bəşir Süleymanlı: Həbs böhranı daha da dərinləşdirməkdir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə bildirib ki, son günlərdə jurnalistlərin yenidən həbs olunması hakimiyyət tərəfindən azad sözün boğulmasının daha bir cəhdidir.

“Belə görünür ki, ölkədə müstəqil jurnalistikanın tam sıradan çıxarılması yekunlaşmayınca proses davam edəcək. Hazırda jurnalisitika klassik formatından çıxaraq qloballaşır. Teleqram kanalları, sosial şəbəkələrdən daha çox məlumatlar yayılır, nəinki saytlar, tv-lərdən. Bu da fake məlumatların çoxalmasına və ölkənin informasiya məkanının kənar təsirlərə məruz qalmasına səbəb ola bilər. Ona görə də hakimiyyət ölkə içində müstəqil jurnalistikanın güclənməsinə, xüsusən də həbs olunan peşəkar jurnalsitlərin azad olunmasına qərar verməlidir. Həbs çıxış yolu deyil, böhranı daha da dərinləşdirməkdir”, Süleymanlı qeyd edib.

Natiq Cəfərli

Natiq Cəfərli: Hökumət azad media istəmir, çünki, media güzgüdür

Respublikaçı Alternativ (RRAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli bildirib ki, jurnalistlər Şəmşad Ağanın və Şahnaz Bəylərqızının həbsi onu deyir ki, hökumət azad media istəmir, çünki, media güzgüdür, deməli özünü görmək istəmir.

“Son zamanlar mediaya qarşı addımların məntiqi budur ki, hökumət xaricdən maliyyələşən media istəmir. Bunu o zaman anlamaq olardı ki, ölkədə azad bazar və rəqabətli iqtisadi model, normal reklam bazarı olsun. Media reklamdan qazanmalı, reklama təlabat rəqabətdən doğmalıdır”.

Cəfərlinin dediyinə görə, Azərbaycanın reklam bazarı Gürcüstandan belə 50% azdır, kiçikdir, çünki, inhisarçılıq çoxdur.

“İnhisarçıya isə reklam lazım deyil. Yəni, "xaricdən maliyyə almayın", deyirsinizsə, daxildə iqtisadiyyatı açmalısınız - bunun başqa alternativi yoxdur”, o qeyd edib.

“Bütün siyasi məhbuslara azadlıq arzu edirəm, bu ayıbdan ölkə olaraq birdəfəlik qurtulmalıyıq”, REAL lideri qeyd edib.

Əli Kərimli

Əli Kərimli: Rejim jurnalistikanı peşə olaraq cinayət sayır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, 37-ci il Sovet repressiyalarından kitablar, məqalələr yazıb, ədalətdən dəm vurub, bu gün baş verən dəhşətli repressiyalara susurlar.

“Bilin ki, jurnalist Şahnaz Bəylərqızı və Şəmşad Ağa da polis tərəfindən həbs olunub. Evində axtarış da aparılıb. Bu da o deməkdir ki, hansısa saxta cinayət ittihamı da olacaq. Şahnaz Bəylərqızı heç bir ictimai-siyasi prosesin iştirakçısı deyildi. Heç rejimin korrupsiyasını da araşdırmırdı. Sadəcə peşəkar müsahibələr təşkil edirdi. Şahnaz xanım işlədiyi redaksiyalarda iqtidarlı - müxalifətli müxtəlif ictimai-siyasi xadimlərlə müsahibələr təşkil edib, onlara sözünü demək üçün imkanlar yaradırdı. Belə bir jurnalisti də həbs etmək o deməkdir ki, rejim həqiqətən də jurnalistikanı peşə olaraq cinayət sayır. Şahnaz xanıma, Şəmşad bəyə və bütün həbs olunmuş jurnalistlərə, siyasi məhbuslara azadlıq tələb etmək indi hər bir ləyaqətli azərbaycanlının borcudur”, AXCP sədri Facebook səhifəsində yazıb.

İsa Qəmbər- Müsavat partiyasının başqanı

İsa Qəmbər: Yenə gecə əməliyyatı, yenə uydurma qaçaqmalçılıq ittihamı...

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Arqument.az saytının redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağa və tanınmış jurnalist Şahnaz Bəylərqızı həbs edilib.

“Yenə də gecə əməliyyatı, yenə də uydurma qaçaqmalçılıq ittihamı... İctimaiyyət həbslərə son qoyulmasını gözləyir, hakimiyyət isə repressiyaları genişləndirir. Şəmşad Ağanın, Şahnaz Bəylətqızının və bütün siyasi məhbusların azad edilməsinə çağırırıq”, o qeyd edib.

Müsavat Partiyasının başqanı bildirir ki, əsassız ittihamlarla həbsdə olan xanım jurnalistlərin sayı 8-ə çatıb.

Kəramət Böyükçöl

Kəramət Böyükçöl: Heç olmasa Şahnaz xanımı tutmayın, ananı baladan ayırmayın

Publisist Kəramət Böyükçöl bildirir ki, siyasi həbslər dayanmaq bilmir.

“Bu gün də iki jurnalisti həbs etdilər. Şəmşad Ağa və Şahnaz Bəylərqızı. Mən artıq hakimiyyətdən ədalət tələb etmirəm, ondan sadəcə mərhəmət umuram. Çünki ədalət tələb edəcək gücdə deyiləm. Şəxsən mənim ədalət tələb eləməyə həm halım yoxdu, həm də tələb sözü daha üzümdə acı bir gülüş doğurur. Şəmşadı da, Şahnaz xanımı da azad edin. İkisi də alınmırsa, heç olmasa Şahnaz xanımı tutmayın. Ananı baladan ayırmayın”, publisist qeyd edib.

Millət vəkili Bəhruz Məhərrəmov

Millət vəkili Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunbericilil aktları tam təminat verir ki, da heç kəs heç bir xüsusiyyətinə görə təqib və məhrumiyyətlərə məruz qalmasın.

Your browser doesn’t support HTML5

Bəhruz Məhərrəmov: Ölkədə media azaddır

Onun sözlərinə görə, barəsində cinayət təqibi başlanan adıçəkilən şəxslər yalnız və yalnız şübhəli bilindikləri yaxud ittiham olunduqları konkret əməllərə görə onlar barəsində cinayət təqibi başlanıb.

“Təkzibedilməz faktlar və sənədlər bu şəxslərin Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının milli maraqlarına münasibətdə çoxsaylı cinayətlər törətməsi barədə şübhələr meydana çıxarıb və bu şəxslər barəsində tam hərtərəfli və qərərsiz cinayət təqibi həyata keçirilərək təqsirlərinə müvafiq şəkildə cəzalandırılması həyata keçiriləcəkdir. Bu şəxslərin siyasi məhbus kimi qələmə verilməsi isə məqsədli xarakter daşıyır və hüquqa uyğun deyil. Kiminsə jurnalist olması həmin şəxsə törətdiyi əmələ görə toxunulmazlıq hüququ vürmir, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir”, millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycanda media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya proseslərində iştirak hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Bəhruz Məhərrəmovun sözlərinə görə , ölkədə media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam təmin edilib.

“Lakin çox təəssüflər olsun ki, ölkədə bəzi media qurumları beşinci kolon funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının imperialist niyyətlərinin aləti kimi çıxış edir və Qərb institutlara da bu tip "jurnalistlərdən" Azərbaycan əleyhinə qarayaxma kampaniyasında böyük "uğurla" istifadə etməkdədir”, Məhərrəmov qeyd edib.

Onun fikrincə, bu baxımdan ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri, saxlanılanlar heç bir formada media azadlığı kontekstində qiymətləndirilə bilməz.

“Hüquq-mühafizə orqanları səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq aidiyyəti tədbirləri həyata keçirib. Əlbəttə, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər Qərbin qeyri-adekvat reaksiyaları ilə müşahidə olunur. Prosesin gedişatında da davamlı, qərəzli, böhtan və qarayaxma kampaniyasına və qeyri-adekvat bəyanatlarına şahidlik edəcəyimiz şübhə doğurmur, lakin istənilən halda Azərbaycanda məhkəmələrin faəliyyəti hər hansı kənar təsirləri istisna edir və bir daha qeyd edirəm, bu məhkəmə prosesləri kifayət qədər hüquqa uyğun və şəffaf formada həyata keçiriləcək. Aidiyyəti dəlil və sübutlara hüquqi qiymət veriləcək”, o bildirib.