Gürcüstan AŞPA-da fəaliyyətini dayandırıb

Arxiv fotosu: Avropa Şurası mənzil-qərargahı

Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 29-da qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.

Nümayəndə heyəti bu addımı AŞPA-nın Tbilisini yeni parlament seçkilərinin keçirilməsinə və bir sıra digər şərtlər irəli sürən qətnamə qəbul etməsindən sonra atıb.

Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani qətnamədə irəli sürülən şərtlərin “qəbuledilməz” olduğunu bildirərək komandasının qurumda fəaliyyətini dayandırdığını bəyan edib.

“Bir sıra şərtlər ədalətsiz və əsassız olduğundan bizim üçün qəbuledilməzdir. Bundan başqa, birinci şərt bu assambleyanın səlahiyyətlərini aşdığı, ölkəmizin suverenliyini pozduğu, 1 milyon 120 mindən çox seçicinin iradəsini və reallıqlarını heçə saydığı üçün tamamilə qəbuledilməzdir”, Tsulukiani deyib.

Tsulukiani Gürcüstanın Avropa Şurası üzvü olaraq qaldığını, gürcü deputatların AŞPA-ya yalnız “Gürcüstan dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişdikdən sonra” qayıda biləcəyini əlavə edib.

AŞPA prezidenti Teodoros Russopulos Gürcüstan nümayəndə heyətinin fəaliyyətini dayandırması ilə bağlı təəssüfünü ifadə edib.

“Bu, Gürcüstanda demokratik standartların irəliləyişinə kömək edə biləcək dialoqu təhlükə altına qoyur”, Russopulos deyib.

AŞPA-nın qış sessiyasının ilk günündə Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çağırışdan sonra assambleyada çərşənbə günü məsələ ilə bağlı müzakirələr keçirilib və qətnamə qəbul edilib.

Gürcüstanın nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənsə də, onların bir sıra hüquqları məhdudlaşdırılıb. AŞPA gürcü deputatların etimadnamələrinə aprel ayında keçiriləcək yaz sessiyasında yenidən baxacağını bildirib və ölkədə “demokratik geriləmə”nin qarşısının alınması üçün şərtlər irəli sürüb.

Qətnamədə yeni parlament seçkilərinin elan edilməsi ilə yanaşı “Gürcü Arzusu” hökuməti ölkənin Avropaya inteqrasiya prosesini bərpa etməyə, insan hüquqları pozuntularına və polis zorakılığına son qoymağa, aprel ayınadək bütün siyasi məhbusları azad etməyə çağırılıb.