Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə ölkə üzrə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində aparılır.
Seçkilərdə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü uğrunda 16 min 96 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyası seçkiləri 70 min 625 nəfər yerli müşahidəçinin izlədiyini bəyan edib.
Mərkəzi Seçki Komissiyasının Bakı vaxtı ilə saat 17-yə olan məlumatına görə, seçicilərin 28,77 faizi səsvermədə iştirak edib.
Amerikanın Səsinin müxbiri Bakı şəhərində bir sıra seçki məntəqələrində seçkilərin gedişini izləyib. Seçki qutularında çoxsaylı bülletlenlər olsa da, səsəvermənin kütləviliyini müşahidə etməyib.
Bələdiyyə seçkiləri
20 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Sevinc Budaqova Amerikanın Səsinə bildirib ki, seçicilərin kütləviliyi əsasən səhər saatlarında olub və hər hansı qanun pozuntusunu qeydə almayıb.
Bununla yanaşı, məntəqələrdə müşahidəçilərin aktivliyi hiss edilmir. Çoxsaylı məntəqələrdə müxalif siyasi partiyaların müşahidəçiləri olmayıb. Özünü müstəqil müşahidəçi kimi təqdim edənlər isə kameraya görünməkdən imtina ediblər.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova Amerikanın Səsinə seçkilərin şəffaf və demokatik keçirildiyini bildirib.
Bununla yanaşı, bələdiyyə üzvlüyünə namizəd, fəal Cəmilə Əlişova bildirib ki, bələdiyyə seçkilərində qanun pozuntularını müşahidə edib.
O, öz Facebook hesabında seçki məntəqələrindəki veb-kameralardan eyni insanların Nəsimi-Səbail Seçki Dairəsinin yan-yana yerləşən həm 12, həm 13, həm 28, həm də 29 saylı seçki məntəqələrində səs verdiklərini əks etdirən görüntüləri paylaşıb.
14 məntəqədə bülletenlərin qalaq-qalaq qutuya atılmasını qeydə aldığını bildirib.
Seçki günü olmasına baxmayaraq, Bakının küçələrində insanlar gözə az dəyib.
Amerikanın Səsinin bələdiyyələrin fəaliyyəti ilə bağlı sualına cavab verən seçici Həsən Məmmədov Bakının Nəsimi rayonunda yaşayır. Amma, rayon bələdiyyəsinin sədrini tanımadığını deyib.
Bir digər seçici İntiqam Məmmədov isə iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür. O, bələdiyələrin fəaliyyətsiz olduğu fikrindədir.
Seçici Ərkinaz Məmmədhəsənzadə bələdiyyələrin vətəndaşların həyatında aktiv rol oynamasını istəyir.