Yanvarın 28-də Səbail rayon Məhkəməsində AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadənin saxlanılan zaman ona qarşı pis rəftarını prokurorluğun tanımaqdan imtina etməsilə bağlı şikayətinə baxılıb.
Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarovanın sözlərinə görə, jurnalist saxlanılan zaman pis rəftara məruz qalıb.
"Fərid saxlanılarkən pis rəftara məruz qalıb. O, küçədə başına torba keçirilərək oğurlanıb. Fərid zorakılıqla maşına mindirilib, qolları qandallanıb və yolboyu da zorakılığa məruz qalıb. Yoldaşımın əlindən zorla maşının açarları və telefonu alınıb. Daha sonra o, naməlum ünvanda 15-20 dəqiqə saxlandıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Yalnız müstəntiqin qarşısında Fəridin başından torba çıxarılıb. Biz bununla bağlı şikayəti prokurorluğa vermişik. Prokurorluq isə işgəncə hallarını tanımayıb", o bildirib.
Onun sözlərinə görə, prokurorluğa şikayətdə küçə kameralarının görüntüləri və jurnalistin telefon-anten məlumatları istənilmişdi.
“Bizə bu məlumatların heç biri verilməyib, yalnız polis əməkdaşları dindirilib və qərar qəbul olunub ki, Fərid zorakılığa məruz qalmayıb. Biz prokurorluğunun bu qərarından şikayət verdik və bu gün həmin şikayətə baxılırdı. Məhkəmə qərarı eyni formada qüvvədə saxladı, bizim şikayətimizi təmin etmədi və dediyimiz heç bir məqamı nəzərə almadı", o bildirib.
Fərid Mehralızadə 2024-cü il mayın 30-da saxlanıb. İyunun 1-də Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı "AbzasMedia işi" ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra həmin ittiham ağırlaşdırılıb. O, ittihamları qəbul etmir, qurama sayır.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırıb və onun işləri təhlükəsizlik səbəbi ilə mənbə göstərilmədən dərc edilib.
Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, Fərid Mehralızadənin jurnalist fəaliyyətinə və müstəqil mediaya verdiyi müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunduğunu düşünür.
AzadlıqRadiosu oktyabrın 30-da yaydığı bəyanatında Mehralızadəyə qarşı ittihamları saxta adlandırıb və onun dərhal azad edilməsinə çağırıb.
“Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Biz onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, AzadlıqRadiosunun prezidenti Stiven Kapus vurğulayıb.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.