ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxıb

Mark Libbi (Mənbə: (ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi təqaüdə çıxıb. Bu münasibətlə yanvarın 17-də ABŞ səfirliyində səfir Libbi ilə vidalaşmaq mərasimi olub.

“Onun ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanla yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması həqiqətən ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq. Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik!” - deyə, ABŞ-ın Azərbaycandakı səfirliyinin X Platformasında məlumat yayılıb.

Xatırladaq ki, səfir Mark Libbi 2024-cü il dekabrın 3-də səhhəti ilə əlaqədar istefaya çıxmaq qərarına gəldiyi barədə bəyanat yaymışdı.

“ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları təəssüf ki, davam etmişdir. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”, səfir Libbi bəyanatında qeyd edib.

Mark Libbinin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 25 may 2022-ci ildə irəli sürülüb; onun namizədliyi 8 noyabr 2023-cü ildə təsdiqlənib.

O, 2021-ci ildən 2023-cü ilədək Milli Hərbi Kollecdə dosent və Dövlət Departamentinin akademik məsləhətçisi işləyib.

Səfir Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində növbətçi əməkdaş, böhranın idarə olunması üzrə əlaqələndirici və direktor müavini, Mərkəzi Avropa Məsələləri idarəsində direktor müavini, Cənubi Avropa Məsələləri idarəsində (Türkiyə, Yunanıstan, Kipr) direktor, Xarici Xidmət İnstitutunda yönləndirmə direktoru işləyib. O, həmçinin dövlət katibi Pauelin rəhbərliyi altında Dövlət Departamentinin Katibliyinin sıravi əməkdaşı, Dövlət katibi Klintonun rəhbərliyi altında həmin idarənin direktoru işləyib.

Səfir Libbi Massaçusettsdəki Tafts Universitetində və Parisdəki Siyasi Tədqiqatlar İnstitutunda (“Sciences-Po”) humanitar elmlər üzrə bakalavr dərəcəsi, Milli Hərbi Kollecdə isə magistr dərəcəsi alıb.