Ali Məhkəmə ictimai fəal Samir Aşurovun həbs cəzasını 6 ay azaldıb

Samir Aşurov

Yanvarın 8-də Azərbaycan Ali Məhkəməsi hakim Tahir Kazımovun sədrliyi ilə Almaniyadan deportasiya edildikdən sonra həbs olunan ictimai fəal Samir Aşurovun həbs cəzasını 6 ay azaldıb.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmə tərkibi olmadığına görə Samir Aşurovun günahlı bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddəsi üzrə xitam qərarı qəbul edib və ona bəraət verib. Ali Məhkəmə Aşurova Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 6 il qəti cəza təyin edib.

Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Həmin il iyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib. 2024-cü il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər bir neçə min nəfərin readmissiyası artıq baş tutub.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edib.