ABŞ Konqresi Trampın prezident seçkilərində qələbəsini təsdiqlədi

ABŞ Konqresi bazar ertəsi Donald Trampın vitse prezident Kamala Harris üzərində noyabrda keçirilmiş prezident seçkilərindəki qələbəsini qeydiyyatdan keçirib. Bununla da Trampın iki həftə sonra Ağ Evdə ikinci dönəm prezidentliyə başlamaq üçün andiçmə mərasiminə gedən yol açılmış olur.

ABŞ qanunlarına əsasən, mövcud vitse prezident – bu halda Trampa məğlub olmuş Harris - 50 ştatın hər birindən toplanmış seçki nəticələrinin təsdiqlənməsi üçün Elektoral Kollegiyanın səs sayımına rəhbərlik edir.

Trampın 2020-ci il seçkilərində Co Baydenə məğlubiyyətini aradan qaldırmaq cəhdindən və onun tərəfdarlarının Kapitoliyə hücum etməsindən dörd il sonra bazar ertəsinin sertifikasiya prosesi insidentsiz ötüşüb və ritual xarakter daşıyıb.

Öncə yaydığı video müraciətdə Harris mərasimdəki rolunu dinc hakimiyyət dəyişikliyinin təmin olunması naminə “müqəddəs borc” kimi xarakterizə edib.

“Biz görümüşük ki, bizim demokratiyamız kövrək ola bilər,” o deyib. “Bu əziz prinsiplərimizi müdafiə etmək vəzifəsi hər birimizin üzərinə düşür.”

O, hər bir ştatda seçkilərin nəticələrini tanıyan sənədləri artıq bir müddətdir bilinən nəticələri oxuyan dörd qanunvericiyə təqdim edib. Həmin nəticələrə əsasən, Tramp Elektorla Kollegiyada 312-226 nisbətində qələbə qazanıb.

Amerikada prezident seçkilərinin nəticələri hər bir ştata əhalisinə uyğun olaraq müəyyən edilmiş elektoral kollegiya sistemi əsasında hesablanır. Qalib namizəddən 270 elektoral səs toplamaq tələb olunur.