Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib. Belə ki, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.