Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya etiraz notası təqdim edib

Xarici İşlər Nazirliyi

Oktyabrın 3-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib və oktyabın 1-də Fransadakı Azərbaycan səfirliyinə qarşı törədilən vandalizm aktı ilə bağlı etiraz notası təqdim edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüşdə son zamanlar Azərbaycanın Fransa ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan “radikal erməni qrupları tərəfindən törədilən hücumların” sayının artdığı qeyd edilib.

“Növbəti belə bir hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib,” məlumatda qeyd edilir.

Mətbuat xidməti idarəsi bəyan edib ki, Fransa hökumətinin Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyini lazımi səviyyədə təmin etməməsi bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirilir.

“Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.”

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

Bundan öncə sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və sentyabrın 18-də Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki erməni icmasının nümayəndələri tərəfindən törədilən hücumla bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Fransa səfirinə təqdim edilib.