Prokurorluq jurnalistə xəbərdarlıq edib

Əziz Orucov

Sentyabrın 15-də “Kanal 13” YouTube kanalının rəhbəri Əziz Orucov Baş Prokurorluğa çağırılıb və ona xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin sentyabrın 23-də yaydığı məlumata görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı YouTube kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Sentyabrın 15-də Əziz Orucova prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Orucov prokurorluğa çağırılaraq xəbərdarlıq edildiyini təsdiq edib və deyib ki, dərc olunan materiallar “cəmiyyətin məlumatlandırılmasına xidmət edib”.

Öz növbəsində, Əziz Orucovun üzvü olduğu Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatı Koalisiyası kanalın rəhbərinə xəbərdarlığı pisləyib.