Anar Natiqoğlu: Odesada müdafiə üçün kifayət qədər hazırlıqlar aparılıb

Anar Natiqoglu

"Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu Amerikanın Səsinə müsahibəsində Odesa şəhərindəki ümumi durumdan danışıb.

Amerikanın Səsi: Hazırda Odesada ümumi durum necədir, humanitar vəziyyət necədir?

Odesa, Ukrayna. (Foto:Anar Natiqoğlu)

Anar Natiqoğlu: Hazırda şəhərin mərkəzindəyəm. Burada çoxsaylı insanlar var. Elə bil Bakıda mərkəzdəyəm.

Odesa, Ukrayna. (Foto:Anar Natiqoğlu)

Amerikanın Səsi: Odesa şəhəri müdafiə üçün hazırlaşırmı? İnsanların əhval-ruhiyyəsi necədir?

Anar Natiqoğlu: İnsanların əhval-ruhiyyəsi yükəsək səviyyədədir. Müdafiə üçün də kifayət qədər hazırlıqlar aparılıb. Dünən şəhərin çıxışındakı blok-postlarda duran əsgərlərə humanitar yardım aparmışdım. Gördüm ki, əvvəlkindən də gücləndirilmiş iş rejimində çalışırlar.

Odesa, Ukrayna. (Foto:Anar Natiqoğlu)

Amerikanın Səsi: Odesa şəhərində fövqəladə vəziyyət elan edilibmi, məhdudlaşırılmalar varmı?

Anar Natiqoğlu: Bütün Ukraynada, o cümlədən Odesada komendant saatı elan edilib. Bizdə əvvəl axşam saat 8-dən səhər saat 6-dək, indi isə axşam saat 9-dan səhər saat 6-dək komendant saatıdır. Bundan başqa məhdudiyyətlər yoxdur. Şəhərdə həm avtomobillərin, həm də adamların hərəkəti ilə bağlı məhdudiyyət yoxdur. Amma, şəhərin çıxışlarında blok-postlarda sənədlərin yoxlanılması, avtomobillərin yoxlaılması tətbiq edilir.

Odesa, Ukrayna. (Foto:Anar Natiqoğlu)

Amerikanın Səsi: Əhalinin qida təhlükəsizliyi, su təchizatı ilə bağlı çətinliklər var? Humanitar yardımlar edilirmi?

Anar Natiqoğlu: Humanitar yardımlar təbii ki gəlir. Əsasən Rumıniya, Moldova istiqamətindən humanitar yardımlar gətirilir. Amma, şəhərdə kommunal sistemlər, o cümlədən işıq, qaz, su, digər kommunikasiya, deyək, internet təchizatında hər hansı problem yoxdur. Bu sahələrdə hətta bir anlıq kəsilmə halı belə olmayıb. Bütün kommunal sistemlər öz qaydasında çalışır.