Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manat, yerli xərcləri 769 milyon 286 min manat) məbləğində olacaq.
İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, 2023-cü ilin dövlət büdcəsi əvvəlki illərin dövlət büdcəsi ilə müqayisədə fərqli yanaşma yoxdur. Ekspertin fikrincə, hər il bəlli bir ölçüdə sosial xərclər, müdafiə xərcləri artırılır.
“Sosial müdafiə xərcləri gələn il bu ilə nisbətən 7 faizdən çox artırılacaq. Amma sosial xərclərin problemi ondadır ki, ünvanlı və əlçatan deyil. Yəni, sosial xərclərin həcmi az deyil, büdcənin 40 faizinə yaxındır. Bu yaxşı göstəricidir. Amma onun bölüşdürülməsi və əlçatanlığında problem olduğu üçün effektinin az olduğunu görürük. Yəni əhalinin dolanışığında, sosial vəziyyətinin yaxşılaşdırılmasında ünvanlı yardımların az olduğunu görürük. Belə ki, ayrılan vəsaitlərin ünvana çatmasının şahidi ola bilmirik. Bu problemləri kökündən həll edə bilmir.”
Ərzaq təhlükəsizliyi məsələsinə gəlincə Cəfərli bildirib ki, dotasiya sistemi qalacaq və həcmi artırılacaq.
“Bu da məsələni kökündən həll etmir. Ərzaq təhlükəsizliyi məsələsinə iki yöndən baxılmalıdır. Birincisi, istehsal artırılmalıdır, stimullaşdrıma proqramları olmalıdır. İkincisi isə ölkədə istehsalı olmayan məhsulların bazara çıxarılmasını sadələşdirmək lazımdır. Məsələn, ərzaq məhsullarının vergi yükünün azaldılması, yəni əlavə dəyər vergisinin, gömrük rüsumlarının azaldılmasıdır. Bu da ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi kimi ola bilər. Təəssüf ki, belə yanaşmanı da görmürük,” o qeyd edib.