Accessibility links

Milyonlar Hindu Holi festivalını, baharın yaxınlaşmasını qeyd edir


Hindistan və digər Cənubi Asiya ölkələrində milyonlarla hindu, əksəriyyəti ağ geyinmiş halda, cümə günü dostlarını və qohumlarını parlaq rəngli tozlarla boyayaraq və ya su səpərək Holi – rənglər festivalı çərçivəsində baharın gəlişini qeyd etdilər.

Cümə günü Hindistanda ümummilli bayram günüdür, buna görə də insanlar adətən qışın sonunu müjdələyən və ay təqviminə əsasən sonuncu tam ay gününə düşən bu şən, rəngarəng və çılğın festivalda iştirak edə bilirlər.

Qonşu Nepalda festivalın tədbirləri cümə axşamı başlayıb və iki gün davam edib. Bu səs-küylü festival digər Cənubi Asiya ölkələrində və Hindistan diasporasının üzvləri tərəfindən də qeyd olunur.

Holi Hindistanın ən böyük festivallarından biridir və milyonlarla insan bu münasibətlə nostalji bir səfərə çıxaraq doğma şəhərlərinə gedir, orada yaxınları ilə birlikdə bayram gecəsində tonqallar yandıraraq xeyirin şər üzərində qələbəsini simvolizə edirlər. İnsanlar tonqal ətrafında toplaşaraq oxuyur, rəqs edir və Hindu tanrılarına dua edirlər.

Hindistanın Baş naziri Narendra Modi cümə günü sosial mediada xalqa Holi təbriklərini çatdırıb. “X” platformasında paylaşımında Modi bu festivalın insanları bir araya gətirməkdəki mühüm rolundan bəhs edib.

“Hamınıza Xoşbəxt Holi arzulayıram. Ümid edirəm ki, sevinc və xoşbəxtlik dolu bu müqəddəs bayram hər kəsin həyatına yeni ruh və enerji gətirər və həmçinin ölkə vətəndaşlarının birliyinin rəngini daha da dərinləşdirər,” - Modi yazıb.

Yeni Dehlidəki parklardan birində o qədər insan bir-birinə rəngli tozlar atırdı ki, hava göy qurşağı rənglərinə bürünmüşdü. Digərləri isə küçələrdə səsgücləndiricilərdən yayılan musiqinin sədaları altında rəqs edirdilər. Festival iştirakçılarını izləyən gənc oğlanlar əsasən su tapançalarından istifadə edərək park və dar küçələrdə artıq müxtəlif rənglərə boyanmış insanları hədəfə alırdılar.

Uşaqlar isə hədəflərinə daha uzaq məsafədən çatıblar – onlar damlardan və ya eyvanlardan aşağıda əylənənlərə içi rəngli tozlar və parıltılarla dolu su şarları atırdılar.

Bu illik tədbir, həmçinin, Hindu tanrısı Krişna ilə onun sevgilisi Radha arasındakı əfsanəvi eşq macərasını qeyd edir. Daha geniş mənada isə Holi, Hindu mədəniyyətində yenidən doğuluşu və təzələnməni simvolizə edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG