ABŞ Senatı cümə günü axşam saatlarında müvəqqəti maliyyələşdirmə qanununu qəbul edərək hökumətin qismən qapanmasının qarşısını aldı və Demokratların bu tədbirə qarşı müqavimətini üstələdi.
Qanun layihəsi 54-46 səs nisbəti ilə qəbul edildi. Bu səsvermədən öncə qanun layihəsinin müzakirəsinin dayandırılması və dərhal səsvermənin keçilməsi üçün daha çətin prosedur maneəsi aşılmalı idi ki, bunun üçün ən azı 60 səs tələb olunurdu.
Respublikaçıların çoxluqda olduğunu Nümayəndələr Palatası 14 mart tarixində maliyyəsinin bitdiyi hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün bu qanun layihəsini həftənin əvvəlində qəbul etmişdi.
Senat Demokratları hökuməti qarşıdakı altı ay ərzində maliyyələşdirəcək, ümumi hökumət xərclərini keçən ilki səviyyədən təxminən 7 milyard dollar azaldacaq və vəsaiti qeyri-müdafiə sahələrdən hərbi xərclərə yönəldəcək müvəqqəti büdcə qanun layihəsini dəstəkləmək məsələsində fikir ayrılığına düşmüşdü.
Bir çox Demokratlar Senatdakı liderləri Çak Şumerin cümə axşamı gecə bu qanun layihəsini bəyənmədiyini, lakin hökumətin qapanmasının “daha pis bir seçim” olduğunu bildirməsindən sonra qəzəblərini ifadə etdilər.
Cümə günü səhər Senatda çıxış edən Şumer, Respublikaçıların maliyyələşdirmə qanun layihəsinin qəbul edilməməsinin İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinə (DOGE) hökumətin hansı agentliklərinin bağlanacağına qərar vermək üçün daha çox səlahiyyət verəcəyini söylədi.
“Hökumətin bağlanması DOGE-un tam gücü ilə işləməsinə imkan verəcək,” - o bildirdi.
Aşağı palatada maliyyələşdirmə tədbirinə qarşı çıxan onlarla Demokrat cümə günü Şumerə məktub göndərərək onun qanun layihəsini dəstəkləmə planına “qəti etirazlarını” ifadə etdilər.
Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi isə Senat Demokratlarını liderlərinə qarşı çıxmağa çağırdı.
O, cümə günü verdiyi açıqlamada belə yazdı: “Amerika daha əvvəl də Trampın səbəb olduğu hökumət bağlanmasını yaşayıb — amma bu zərərli qanunvericilik vəziyyəti yalnız daha da pisləşdirir.”
Cümə günü jurnalistlər tərəfindən sorğu-sual edilərkən Nümayəndələr Palatasında azlıqda olan Demokratların lideri Hakim Cefris Şumerin liderliyini dəstəkləyib-dəstəkləmədiyini bildirməkdən imtina etdi.
Konqresi maliyyələşdirmə qanun layihəsini qəbul etməyə çağırmış Tramp cümə günü Şumeri bu qanunu dəstəklədiyinə görə təbrik etdi. “Çak Şumeri düzgün qərar verdiyinə görə təbrik edirəm — Bunun üçün cəsarət və iradə lazım idi!” - o, Truth Social platformasında yazıb.
“Mən, bu arada, Şumerin bu gün etdiyinə böyük hörmət bəsləyirəm. O, irəli çıxdı və dedi ki, Respublikaçılarla birlikdə səs verməlidirlər, çünki bu, düzgün olan şeydir,” - Tramp Ədliyyə Nazirliyində çıxışı zamanı söylədi.
Qanun layihəsinin qəbul edilməsi üçün Senatda prosedur mərhələsində 60 səs tələb olunur ki, bu da Respublikaçıların ən azı səkkiz Demokratın dəstəyini qazanmasını zəruri edirdi. Qanun layihəsi prosedur mərhələsində 62-38 nisbətində təsdiqləndi.
Qanun layihəsinə bir neçə əlavənin edilməsi cəhdi uğursuz oldu. Lakin DOGE-a maliyyə ayrılmasını ləğv etməyi təklif edən düzəliş bir Respublikaçının dəstəyini qazandı. Alyaska senatoru Liza Murkovski Maskın təşəbbüsünə qarşı açıq tənqidləri ilə tanınır.
Şumer daha əvvəl yazılmasında Demokratların da iştirak etdiyi qanun layihəsinin əvvəlki versiyasının Senatda qəbul edilməsinə çağırmışdı.
“Hökumətin maliyyələşdirilməsi iki partiyanın birgə səyi olmalıdır. Lakin Respublikaçılar Demokratların heç bir iştirakı olmadan, tamamilə birtərəfli şəkildə öz qanun layihələrini hazırlamağı seçdilər,” - Şumer çərşənbə günü gecə Senatda bildirmişdi.
Nümayəndələr Palatası çərşənbə axşamı 217-213 səs nisbəti ilə qısamüddətli maliyyələşdirmə tədbirini qəbul etdi. Bir Demokrat qanun layihəsinə lehinə, bir Respublikaçı isə əleyhinə səs verdi. Çərşənbə axşamı günortadan sonra iclaslarını bağlayan palata Senat üzərində qanun layihəsini təsdiqləmək üçün təzyiq yaratdı.
Nümayəndələr Palatasının spikeri Mayk Conson partiyasının daxilindəki etirazları yatıraraq bu qanun layihəsini qəbul etdirdi. O, çərşənbə axşamı jurnalistlərə bildirdi ki, yeddi aylıq maliyyəşdirməni təmin edən qanun layihəsi Trampın DOGE vasitəsilə hökumət israfçılığı və sui-istifadə hallarını aradan qaldırmaq planını həyata keçirmək üçün vacib bir addımdır.
“Bu, federal hökumətin ölçüsünü və əhatə dairəsini dəyişdirməyə doğru irəliləməyimizə imkan verir. Vaşinqtonda hazırda nəhəng bir dəyişiklik baş verir. Bu, indiyə qədər olduğumuzdan fərqli bir andır. DOGE işləri böyük miqdarda fırıldaqçılığı, israfçılığı və sui-istifadəni üzə çıxarır,” - Conson bildirdi. “Ağ Ev bizi maliyyə cəhətdən daha məsuliyyətli bir yola qaytarmağa tam sadiqdir.”
Lakin müstəqil nəzarətçilər və analitiklər DOGE-un federal proqramlar və idarələrə geniş miqyaslı kəsintilər üçün dəstək toplamaq məqsədilə fırıldaqçılıq iddialarını həddindən artıq şişirtdiyini bildirirlər.
Nümayəndələr Palatasının üzvü Tomas Massi qanun layihəsinə qarşı səs verən yeganə Respublikaçı oldu. Tramp bazar ertəsi gecə Truth Social-da paylaşım edərək, Massinin qanun layihəsinə qarşı səs verəcəyi halda növbəti seçkilərdə ona qarşı səs verilməsinə çağırış etmişdi.
Bu qanun qanunvericilərə oktyabrda başlayacaq növbəti maliyyə ili üçün Senat və Nümayəndələr Palatasının hökumət xərcləri versiyası ilə bağlı kompromis əldə etmək üçün vaxt qazandırır ki, bu da Trampın daxili siyasət gündəminin həyata keçirilməsi üçün əsas alətdir.
Müzakirə olunan əsas məsələlərdən biri 2017-ci il vergi endirimlərinin uzadılması və ABŞ büdcə kəsirinin əsas sosial təminat proqramlarına toxunmadan necə azaldılmasıdır.
Forum