Accessibility links

8 Mart günü həbsdə olan qadın jurnalistlərə dəstək ifadə olunub


Həbsdə olan qadın jurnalistlər
Həbsdə olan qadın jurnalistlər

Martın 8-i Beynəlxalq Qadınlar Günündə Azərbaycanda həbsdə olan 8 qadın jurnalistə ölkə xaricində yaşayan feminist fəallar tərəfindən dəstək ifadə olunub.

Dəstək nümayişlərinin anonsu öncədən yaradılan “8 Qadın – 8 Mart” Facebook qrupunda verilib. Qrupda martın 6-ı paylaşılan bəyanatda bildirilib ki, 2019-cu ildən bəri hər il 8 martda ənənəvi olaraq Bakının mərkəzində keçirilən yürüş bu dəfə təşkilatçılar ölkə xaricinə üz tutmalı olduqlarına görə baş tutmayacaq.

“Biz - son illərin feminist yürüşlərinin təşkilatçıları hazırda Azərbaycan hüdudlarından kənarda Azərbaycan üçün fəaliyyətimizə davam etməkdəyik. Bu günədək təşkilatçısı olduğumuz bütün etiraz aktlarında hər bir iştirakçıyla çiyin-çiyinə olmaq, qol-qola yürümək, yumruğumuzu birgə qaldırmaq şərəfinə nail olmuşuq. Hazırda ölkədən kənarda və nisbi təhlükəsizlik şəraitində Azərbaycan üçün çağırışlar etmək bizim prinsiplərimizə ziddir. Lakin 8 mart sadəcə bu yürüşün ənənəvi təşkilatçılarına deyil, bütün qadınlara məxsusdur. Bu tarix mübariz qadınların hər birimizə mirasıdır. Biz martın 8-i öz səsini duyurmağa, mövqeyini, etirazını və tələblərini öz arzu etdiyi şəkildə bildirməyə, patriarxal sistemə müqavimət göstərməyə təşəbbüs göstərən hər bir qadına dəstəyimizi ifadə edirik və illər ərzində toplanan bilik və təcrübələrimizi paylaşmağa hazır olduğumuzu vurğulayırıq”, bəyanat müəllifləri bildiriblər.

Onlar Azərbaycanda repressiyaların yeni mərhələdə olduğunu, hüquq müdafiəçilərinin qondarma ittihamlarla həbs olunduğunu və 8 qadın jurnalistin məhz peşə fəaliyyətlərinə görə barmaqlıqlar arxasında olduğunu qeyd ediblər.

“Həbs edilən jurnalistlər indi də öz peşələrinə sadiq qalaraq ədliyyə sisteminin yol verdiyi pozuntuları ifşalayırlar. Onların hər biri qadın hüquqları mövzusunu da daimi prioritetdə saxlayıb”, təşkilatçılar əlavə edib.

Ənənəvi feminist yürüşlərinin təşkilatçıları 8 mart günü sözügedən qrupda paylaşılan 8 qadın jurnalistin fotoları əks olunmuş posteri çap edərək və ya kompüter ekranına yerləşdirərək foto çəkdirib, #8Women8March heşteqi ilə sosial mediada yaymağa çağırış ediblər. Ölkə xaricində olanlara isə yaşadıqları şəhərdə 8 mart yürüşünə posterlə çıxaraq azərbaycanlı qadın jurnalistlərə dəstək olmaq təklif olunub.

Martın 8-i Azərbaycanda və xaricdə yaşayan onlarla fəal və jurnalist bu şəkildə həbsdə olan jurnalistlərə dəstək ifadə edib.

Eyni zamanda, həbsdə olan qadın jurnalistlərdən biri, “Meydan TV” əməkdaşı Aytac Tapdıq 8 mart günü münasibətilə ictimaiyyətə mesaj göndərib. Ənənəvi feminist yürüşlərində bəyanatları oxumaqla yadda qalan Aytac Tapdıq saxlandığı təcridxanadakı qadınların müdafiəsiz olduğunu qeyd edib.

“Sistemin mahiyyətini yaxından görmək üçün fürsət yaradan təcridxanalar zorakılığa məruz qalmış və müdafiə hüququndan məhrum edilən qadın hekayələri ilə zəngindir. Xüsusilə imtiyazlı kəsimdən olmayan, hüquqlarının polislərin iki dodağının arasında olduğunu sanan qadınlar saxlanılarkən hüquq mühafizə orqanlarının qısnamasına, fiziki və psixoloji zorakılığa daha çox məruz qalır. Özlərini müdafiə etmək üçün heç bir resursu olmayan, təqsirli etiketi ilə damğalanan qadınlar tamamilə çarəsiz vəziyyətdədir” - deyə, o bildirib.

Aytac Tapdıq əlavə edib ki, Azərbaycan hakimiyyəti feminist ideyalarına təhdid olaraq baxır.

“Mən adımın adları ilə yanaşı çəkilməyindən qürur duyduğum, həbs olunmuş 8 qadın jurnalistlə birgə demək istəyirəm ki, olduğumuz yerdən asılı olmayaraq, səsimiz kəsilməyəcək. Biz sükutu pozmağa davam edəcəyik. Meydanda da, zindanda da yan-yana”, o, bəyanatını bitirib.

Azərbaycanda müstəqil jurnalistlərə qarşı son illərdə aparılan həbs dalğasında 9 qadın həbs olunub, onlardan biri ev dustaqlığına buraxılıb.

2023-cü ilin noyabrın 21-ə keçən gecə xaricdən Azərbaycana qayıdanda hava limanında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq maddəsilə həbs olunub. Sonradan həmin iş üzrə “Abzas Media” jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova da həbs olunublar.

2024-cü ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Aysel Umudova barəsində qaçaqmalçılıq maddəsilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu ilin martın 1-i isə jurnalist Fatimə Mövlamlı barəsində eyni iş üzrə 1 ay 9 günlük həbs qətimkan tədbiri seçilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG