Accessibility links

Əzimi Qədimin səhhəti aclıq aksiyası nəticəsində pisləşib, Evin həbsxanasında digər siyasi məhbus Ayaz Seyfxah aclığa başlayıb


Güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədim
Güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədim

Azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim Evin həbsxanasında keçirdiyi aclıq aksiyasının yeddinci günündə 8 mart tarixində, şənbə günü qan təzyiqinin kəskin enməsi nəticəsində huşunu itirib və həbsxananın tibb məntəqəsinə aparılıb.

Təbriz Səsi Telegram kanalının yaydığı məlumata görə, klinikaya köçürüldükdən sonra ona serum vurulmaq istənilib, lakin Əzimi Qədim buna qarşı müqavimət göstərib.

6 mart tarixində yayılan məlumatlara əsasən, aclıq aksiyasına görə onun telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Həmçinin həbsxana rəhbərliyi aksiyanı davam etdirəcəyi təqdirdə onu təkadamlıq kameraya köçürməklə hədələyib.

Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlər onların ailələri və yaxınları arasında ciddi narahatlığa səbəb olub.

Yayılan məlumatlara əsasən, Evin həbsxanasında saxlanılan digər türk siyasi məhbus Ayaz Seyfxah da 9 mart tarixindən etibarən aclıq aksiyasına başlayıb. Ayaz Seyfxah Təbrizdə yaşayan azərbaycanlı fəallardan biridir və 6 fevral 2024-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O hazırda Evin həbsxanasında saxlanılır. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati onu "casusluq" ittihamı ilə 9 il həbs cəzasına məhkum edib.

Ayaz Seyfxah, siyasi məhbus (Mənbə: Araz News Telegram kanalı)
Ayaz Seyfxah, siyasi məhbus (Mənbə: Araz News Telegram kanalı)

Əbdüləziz Əzimi Qədim azərbaycanlıların hüquqlarını müdafiə edən ruhani və mədəni fəaldır. O, İran hakimiyyətinin azərbaycanlılara qarşı siyasətinə etiraz etdiyi üçün dəfələrlə həbs edilib və mühakimə olunub, nəticədə ruhani statusundan məhrum edilib.

Bir neçə gün öncə yayılan audio-müraciətində o, Evin həbsxanasında türk fəallara qarşı çıxarılan ədalətsiz hökmlərə etiraz olaraq aclıq aksiyasına başladığını və İran Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei ilə görüş tələb etdiyini açıqlamışdı.


O, 2 mart tarixindən etibarən məhkəmənin təhlükəsizlik qurumlarının təsiri altında olduğunu və fəalların məhkəmə prosesinə Kəşfiyyat Nazirliyinin müdaxilə etməsinə etiraz olaraq quru aclıq aksiyasına başladığını bildirib.

Əzimi Qədim daha əvvəl də fəalların həbsdə saxlanıldığı müddətdə təhlükəsizlik qüvvələrinin pis rəftarına və məhkəmə prosesinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. O, milli fəalların və ailəsinin tələbi ilə 44 gün davam edən aclıq aksiyasına son vermişdi.

Bundan əvvəlki aclıq aksiyasında həddindən artıq çəki itirən Əzimi Qədim bu dəfə quru aclıq aksiyasına başlayıb ki, bu da onun sağlamlığı üçün ciddi təhlükə yaradır.

Forum

XS
SM
MD
LG