Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi hökuməti jurnalistlərin müdafiəsi üçün effektiv tədbirlər görməyə çağırır


Arxiv fotosu: Avropa Şurası Nazirlər Komitəsinin iclası
Arxiv fotosu: Avropa Şurası Nazirlər Komitəsinin iclası

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalistləri hücumlardan, təhdidlərdən və təqiblərdən qorumaq üçün “effektiv tədbirlər” görməyə çağırıb.

Nazirlər Komitəsi 4-6 mart tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət məqsədilə keçirdiyi rüblük iclasında “Xədicə İsmayılova qrupu” işləri üzrə aralıq qətnamə qəbul edib.

Bu qrupa daxil olan işlər üzrə çıxarılan qərarlarda (4 qərar) hakimiyyətin araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyat və ifadə azadlığı hüquqlarını qoruya bilmədiyi, digər iki işdə isə ərizəçilərin şəxsi toxunulmazlığı ilə medianın ifadə azadlığı hüququnu adekvat qiymət verilmədiyi müəyyən edilib.

Nazirlər Komitəsi aralıq qətnaməsində Avropa Məhkəməsinin İsmayılovanın işi ilə bağlı müəyyən etdiyi hüquq pozuntularının aradan qaldırılması üçün təcili olaraq irəliləyiş əldə edilməli olduğunu vurğulayıb.

Ümilikdə isə Komitə hökuməti jurnalistlərin müdafiəsi üçün effektiv tədbirlər görməyə, media nümayəndələrinə qarşı hücumların səmərəli şəkildə araşdırılmasını təmin etməyə çağırıb.

Bundan əlavə, Komitə yenidən Azərbaycanın media qanununun Avropa Şurasının standartlarına uyğunlaşdırılması üçün konkret addımlar atılmasına çağırıb.

Nazirlər Komitəsi əvvəlki qərarlarında Azərbaycan hakimiyyətini jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etmək imkanı verən əlverişli mühit yaradılması və “Media haqqında” qanunun Avropa Şurası standartlarına tam uyğunlaşdırılması istiqamətində konkret tədbirlər planı hazırlamağa və təqdim etməyə dəvət etmişdi.

Hökumət iclasın gündəliyində olan digər işlərlə bağlı məlumatlar təqdim etsə də, bu qrup işləri üzrə heç bir informasiya göndərməyib.

Komitə fərdi və ümumi tədbirlərlə bağlı son qərarlarında əksini tapmış sual və tələblərinin Bakı tərəfindən cavabsız qoyulmasından təssüfünü ifadə edib.

Avropada yaşayan azərbaycanlı vətəndaş cəmiyyəti fəallarının təsis etdiyi “Free Voices Collective” qeyri-hökumət təşkilatı Nazirlər Komitəsinə kommunikasiyasında hökumətin nə İsmayılovanın işi ilə bağlı fərdi tədbirləri, nə də jurnalistlərin müdafiəsi üçün əlverişli mühiti təmin etdiyini bildirib.

Təşkilatın bildirdiyinə görə, son beş ildə jurnalistlərə hücumlar, təhdidlər və digər oxşar hallarla bağlı 200-dən artıq insident qeydə alınıb, ancaq bunların heç biri effektiv şəkildə araşdırılmayıb.

“Free Voices Collective” bu xüsusda 2022-ci ildə jurnalist Aytən Məmmədovanın bıçaqla hədələnməsi, 2023-cü ildə jurnalist Aytac Əhmədovaya qarşı kiberhücum, habelə son il yarım ərzində müstəqil media orqanlarına və onların əməkdaşlarına qarşı hökumətyönlü mediada gedən qaralama kampaniyası ilə bağlı səmərəli araşdırmaların aparılmamasını misal gətirib.

Təşkilat həmçinin ötən il yarım ərzində müstəqil mediaya, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” jurnalistlərinə qarşı açılmış cinayət işlərini vurğulayıb və onlarla jurnalistin həbs olunduğunu qeyd edib.

“Bu, əhatə dairəsinə görə Azərbaycanın Avropa Şurasına daxil olmasından bəri ən genişmiqyaslı təzyiqlərdir. Hazırda 300-dən çox insan jurnalist və ya digər vətəndaş cəmiyyəti fəaliyyətinə görə saxta ittihamlarla həbs olunub”, təşkilatın həmtəsisçisi Nicat Məmmədbəyli bildirib.

Amerikanın Səsi məsələ ilə bağlı hökumətin mövqeyini öyrənmək üçün Azərbaycanın Xarici İşlər Nazirliyi və Avropa Şurası yanında daimi nümayəndəliyinə sorğu göndərsə də, məqalə dərc edilənədək cavab almayıb.

Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının “Avropa Mətbuat Azadlığı” illik hesabatına əsasən, ötən il dekabrın 31-də Azərbaycanda 30 jurnalist və media əməkdaşı həbsdə olub.

Azərbaycan bu mənada bütün Avropa Şurası ölkələrini qabaqlayıb və Avropada yalnız Rusiya və Belarusdan (bu ölkələr Avropa Şurası üzvü deyil) geri qalıb.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Azərbaycanlı rəsmilər bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.

Forum

XS
SM
MD
LG