Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyadakı müsadirə edilmiş mülkləri satışa çıxarılıb.
BBC yazır ki, ümumi qiyməti 19.5 milyon funt sterlinq (təqribən 25 milyon dollar və ya 43 milyon manat) göstərilən mülklərin satış elanları ötən ay dərc edilib.
Hacıyevaya məxsus mülklər – Londonun zəngin Naytsbric rayonunda yerləşən 490 kvadrat metrlik ev və London yaxınlığındakı qolf klubu ötən ilin avqustunda müsadirə edilmişdi.
Britaniyanın Milli Cinayət Agentliyi (National Crime Agency-NCA) mülklərin “irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində” əldə edildiyini əsas göstərərək həbs qoymuş, 6 illik məhkəmə çəkişməsindən sonra Hacıyeva müsadirəyə razılıq vermişdi.
Britaniya məhkəməsinin qərarı və təyin etdiyi qəyyum vasitəsilə satışa çıxarılan müklərdən gələn gəlirin 70 faizi dövlətin hesabına keçiriləcək, 30 faizi isə Hacıyevaya qaytarılacaq.
Hazırda Naytsbricdəki ev 14.75 milyon funt sterlinqə, qolf klubu isə 4.25 milyon funt sterlinqə satışdadır.
20 il ərzində Azərbaycan Beynəlxalq Bankına sədrlik edən Cahangir Hacıyev 2015-ci ildə 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinərək 16 illik həbsə məhkum edilib.
Məhkəmə çəkişmələri zamanı NCA bildirib ki, təhqiqatçılar Beynəlxalq Bankdan vəsaitlərin çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə müxtəlif hesablar vasitəsilə köçürülməsinə dair çoxsaylı nümunələr əldə edib.
Belə ki, Britaniyanın Vircin adaları, Panama, Lüksemburq və digər müxtəlif yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə köçürülən böyük miqdarda məbləğlər Hacıyev ailəsinin dəbdəbəli aktivlərinə yönəldilib.
Agentlik əlavə edib ki, müdafiə tərəfi hər iki əmlakın alınması üçün istifadə olunan vəsaitin mənbəyi ilə bağlı heç bir əsaslı izahat verə bilməyib və vəsaitin əhəmiyyətli bir hissəsinin Beynəlxalq Bankda aparılan qanunsuz əməliyyatlardan gəldiyinə inanır.
Zamirə Hacıyevanı müdafiə edən hüquq firması onun həbsdə olan ərindən “iş üçün mühüm əhəmiyyət kəsb edən” sənədləri ala bilmədiklərini, “Azərbaycan hakimiyyətinin xanım Hacıyeva və onun Böyük Britaniyalı vəkillərinə cənab Hacıyevlə görüşə bilərəkdən icazə vermədiyini” və nəticədə müdafiənin qeyri-mümkün olduğunu bildiriblər. Bu iddia ilə bağlı hələlik Azərbaycan hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.
Zamirə Hacıyeva 2018-ci ildə Londondakı Harrods ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinqdən çox pul xərcləməklə gündəmə gəlib. Bundan sonra o, Britaniyada çirkli pulların yuyulması və vergidən yayınma ilə mübarizə üçün yaradılmış “İzahedilməmiş Sərvət Sərəncamı” rejiminin ilk hədəfinə çevrilib.
Zamirə Hacıyevanın əmlaklarının müsadirəsi Azərbaycan vətəndaşlarının Böyük Britaniyada başına gələn ilk belə hadisə deyil.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızı İzzət Cavadovaya məxsus hesablardakı 4 milyon funt sterlinq, digər bir işdə Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevə məxsus 5.6 milyon funt sterlinq məbləğində pul qeyri-qanuni yollarla əldə edildiyi üçün məhkəmə qərarı ilə müsadirə edilib.
Hazırda Britaniya məhkəmələrində Feyziyev ailəsinə məxsus 39.5 milyon funt sterlinq (təqribən 50 milyon dollar) dəyərində ölçülən daşınmaz əmlakın müsadirə edilməsi tələbi ilə açılan iş davam edir.
Forum