“Abzas Media”nın həbsdə olan jurnalistləri məhkəmə proseslərində iştirak etmədiklərinə görə saxlandıqları təcridxanada təzyiq və məhdudiyyətlərə məruz qalır. Bu barədə martın 6-da “Abzas Media” həbsdə olan əməkdaşlarının yaxınlarına istinadən məlumat yayıb.
Məlumata görə, jurnalistlərə saxlandıqları Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə üzbəüz görüşlər qadağan edilib və təcridxana rəhbərliyi onlarla təhqiramiz rəftar edir.
Daha öncə “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirmişdi ki, jurnalistlər məhkəməyə eyni vaxtda və eyni nəqliyyat vasitəsilə birlikdə aparılmadıqlarına görə prosesdə iştirakdan imtina ediblər. Media qurumu məlumat verir ki, martın 4-də Bakı İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdıyev jurnalistlərə bildirib ki, onlar daha məhkəməyə “ayrı-ayrı, acınacaqlı vəziyyətdə yox, normal şəraitdə və birlikdə” aparılacaqlar. Lakin daha sonra “ayrı maşınlarda və əvvəlki şəraitsiz vəziyyətdə” aparılacaqlarını görən jurnalistlər ardıcıl 3-cü dəfə məhkəmədə iştirakdan imtina ediblər.
Məlumatda vurğulanır ki, bundan sonra təcridxana rəisi Elnur İsmayılov "Abzas Media“nın jurnalistləri ilə “kobud şəkildə və təhdid dilində” danışıb. “Onlar Elnur İsmayılovdan etika çərçivəsində danışmağı tələb ediblər. Təcridxana rəisi jurnalistlərin bu tələbinə məhəl qoymayıb. Jurnalistlər bundan sonra görüşü yarımçıq tərk ediblər”, – deyə jurnalistlərin yaxınları bildiriblər.
“Abzas Media” qanunvericiliyə istinad edərək bildirir ki, saxlanılan və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır və eyni zamanda onların müdafiəçi, qanuni nümayəndə, yaxın qohumlar və əlaqə saxlaması qanuni maraq doğuran digər şəxslərlə görüşləri təmin edilməlidir.
Jurnalistlər bundan əvvəlki iki məhkəmə prosesində də məhz təcridxanada üzləşdikləri zorakılıq hallarının araşdırılmaması səbəbilə iştirak etməkdən imtina etmişdilər.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
2024-cü ilin mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum