Accessibility links

Tofiq Yaqublunun məhkəməsi yenidən təxirə salınıb


Martın 5-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi baş tutub. Məhkəmə iclasının Yaqublunun işi üzrə sonuncu olacağı gözlənilsə də, onun son sözü uzun çəkdiyindən məhkəmə təxirə salınıb.

Yaqublu iki saatdan çox çəkən çıxışına haqqında açılan cinayət işini “torbatikmə əməliyyatı” adlandırmaqla başlayıb. O deyib ki, ittiham aktı “bağça uşağının fantaziyası çatacağı qədər gülünc” şəkildə yazılıb.

“Müstəntiq Abdulla Cəlilli bu məqsədlə ştatlı üzəduranlar - Elnur Məmmədov və Elşən Hüseynov arasında saxta bir “WhatsApp” söhbəti təşkil edib və onları özünün verdiyi tezislər əsasında yazışdırıb. Sonra bu danışığa əsasən gətirib evdə yatdığım döşəyin altına müəyyən məbləğdə pul atıb və guya onu “tapıb”, - deyə siyasətçi bildirib.

Yaqublu qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır. “Məqsədləri çox aydın və sadədir. Siyasi fəaliyyətimdən əl çəkməyimi və bu oğru, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmağımı istəyirlər. Dayandırmayacam! Onsuz da siyasi partiyalar, QHT-lər və s. haqqındakı qanunlarınız dünyada qəbul edilmiş demokratik standartlara uyğun deyil, onların hamısı AŞPA-nın Venesiya Komissiyasından mənfi rəy alıb. Amma bütün bunlar belə mürtəce qanunları qəbul etmənizə mane olmayıb. Elə isə müxalifətçiliklə məşğul olmağın qadağan edilməsi haqda da bir qanun qəbul edin və bununla da hər şey qurtarsın. Bundan sonra bizləri tutanda, daha saxtakarlıq edib cibimizdən silah, narkotik, evimizdən pullar, avtomobillərimizdən qadağan edilmiş ədəbiyyat və s. “tapmağa” ehtiyac qalmayacaq. “Küçədə ünvansız söyüş söydüyümüz”, “polisə müqavimət göstərdiyimiz”, “ictimai yerdə xuliqanlıq etdiyimiz” və s. görə həbs etməli olmayacaqsınız və bununla da sifətinizi qoruyacaqsınız”, - deyə o çıxışında bildirib.
İş gününün bitməsi səbəbilə hakim Yaqublunun son sözünü yarımçıq qoyub və növbəti məhkəməni martın 12-ə təyin edib.

Məhkəmə önündə mətbuata açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib ki, Yaqublu son sözündə cinayət işini “başdan-ayağa ifşa edib”. O bir məqama diqqət çəkib ki, Yaqublunun evində axtarış zamanı ailənin xərc və borclarının qeyd olunduğu bir dəftər də maddi sübut kimi götürülüb. “Təsəvvür edin, həyatını bütövlükdə mübarizəyə həsr etmiş adam elə bir şəffaf həyat yaşayıb ki, həmişə borc içində olub, amma ona saxta ittiham veriblər ki, guya 25,000 avro və 10,000 manatı dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı belə bir ittihamın irəli sürülməsi özü bir dələduzluqdur”, - deyə Kərimli qeyd edib.

Kərimli və Tofiq Yaqublunun qızı Nigar Həzinin çıxışları məhkəmə önünə toplaşan onlarla polis işçisi tərəfindən yarımçıq saxlanılıb və Yaqublunun tərəfdarları və media nümayəndələri məhkəmə önündən uzaqlaşdırılıb.
Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) maddələriylə ittiham olunur.

Cinayət işində iddia olunur ki, Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldadıb.

Fevralın 19-da baş tutan iclasda dövlət ittihamçısı bu ittihamlarla siyasi fəala 10 il həbs cəzası kəsilməsini təklif edib. Digər təqsirləndirilən Elnur Məmmədova isə 9 il həbs cəzası verilməsini istəyib.

Yaqublu ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG