Fevralın 20-də Azərbaycanda hökumətyönlü mövqeyi ilə tanınan bir sıra xəbər saytları kiberhücumlara məruz qalıb. Haker hücumunun arxasında özünü “hüseynçilər” adlandıran qrupun dayandığı bildirilir.
“Report” informasiya agentliyi və “Caliber.Az” kimi internet resurslarına nəzarət edən “Global Media Group” MMC cümə axşamı serverlərə və saytların panelinə sızmalara cəhd edildiyinə, saytların giriş səhifələrinə şəkillər yerləşdirildiyinə dair açıqlama yayıb.
Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişərək özünü “Azərbaycan İslam Müqavimət Hərəkatı” – “Hüseynçilər” adlandıran qrupun loqosunu yerləşdiriblər.
Məlumata görə, kiberhücumlarla əlaqədar “Report.Az”, “Oxu.Az”, “Media.Az”, “Baku.ws”, ‘’Caliber.Az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb.
“Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur”, məlumatda qeyd edilir.
Şirkətlər qrupu kiberhücumların qarşısının alınması üçün “təxirəsalınmaz tədbirlər” həyata keçirildiyini və mütəxəssislərin saytların işinin bərpa olunması istiqamətində çalışdığını və hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verildiyini bildirib.
Forum