Accessibility links

Beynəlxalq vətəndaş cəmiyyəti koalisiyası Qubad İbadoğluya qarşı təqiblərin dayandırılmasına çağırır


Qubad İbadoğlu
Qubad İbadoğlu

İndoneziyanın paytaxtı Cakartada keçirilən beynəlxalq konfransda azərbaycanlı iqtisad elmləri doktoru Qubad İbadoğluya qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə çağırılıb.

Fevralın 18-də “Ödədiyini açıqla” (PWYP – Publish What You Pay) beynəlxalq vətəndaş cəmiyyəti koalisiyasının ümumi yığıncağının açılış mərasimində İbadoğluya kürsüdə simvolik olaraq boş stul ayrılıb.

“Açılış panelində çıxış edənlər iştirakçılara bildiriblər ki, 2023-cü ilin iyul ayının 23-də şərlənərək həbs edilən Qubad İbadoğlu hazırda Bakıda ev dustaqlığındadır. Onlar Azərbaycan hakimiyyətindən Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə və onun üzərindən səyahət qadağasını götürməyə çağırış ediblər”, Qubad İbadoğlunun oğlu Emin Bayramlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, qlobal tədbirdə iştirak edən 50-dən çox ölkədən 350-dək vətəndaş cəmiyyəti fəalı Qubad İbadoğlunun pisləşən səhhətindən narahatlıq ifadə edib, onun sağlamlığını beynəlxalq tibbi diqqətə götürülməsinin vacibliyini qeyd ediblər.

Qubad İbadoğlu hasilat sənayesində maliyyə şəffaflığı uğrunda kampaniya aparan PWYP təşkilatına 2003-cü ildə üzv olub və təşkilatın hər üç ildən bir keçirilən ümumi yığıncaqlarının aktiv iştirakçılarından olub.

“Bu dəfəki toplantı Azərbaycan üçün xüsusi əhəmiyyətli mövzulara – enerji keçidinə, yaşıl iqtisadiyyata, bərpa olunan enerjiyə həsr olunduğundan təşkilatçılar Qubad İbadoğlunun qlobal tədbirdə iştirakını çox arzulayırdılar və onun üçün PWYP ümumi yığıncağını tədqiqatlarını və təkliflərini bölüşmək üçün platforma kimi görürdülər”, Emin Bayramlı əlavə edib.


Qubad İbadoğlu 2023-cü ilin iyulunda saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım almasına şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Təcridxanada səhhətinin pisləşməsi və çoxsaylı beynəlxalq çağırışlardan sonra İbadoğlu ötən ilin aprel ayında ev dustaqlığına buraxılıb. Daha sonra isə barəsindəki ev dustaqlığı polis nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəz edilib.

İttihamları qəbul etməyən və siyasi sifarişli hesab edən Qubad İbadoğlu ona qarşı təzyiqlərin və hüquq pozuntularının davam etdirildiyini vurğulayır.

Onun sözlərinə görə, barəsindəki istintaq əməliyyatları qeyri-rəsmi formada ötən ilin iyulundan dayandırılsa da, bu barədə qərar ona və ya vəkilinə təqdim edilmir. Bundan əlavə, onun şəxsiyyət vəsiqəsi etibarsızlaşdırılıb, ailə üzvlərinin əmlaklarına həbs qoyulub və bütün bunlardan hüquqi müdafiə vasitələrinə çıxışı məhdudlaşdırılıb.

“Əfsuslar olsun ki, bir vətəndaş kimi ən adi hüquqlarımdan istifadə imkanlarım məhdudlaşdırılıb”, İbadoğlu yanvar ayında işi ilə bağlı Amerikanın Səsinə danışarkən deyib.

Azərbaycanın Daxili İşlər Nazirliyi qeyd edilən məsələlərlə bağlı Amerikanın Səsinin sorğularına cavab verməyib.

İnsan hüquqları qrupları İbadoğluya qarşı cinayət təqibini Azərbaycanda son dövrlərdə müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlərin bir hissəsi kimi qiymətləndirir və siyasi motivli hesab edir.

Çoxsaylı hüquq müdafiə təşkilatları və digər beynəlxalq aktorlar dəfələrlə Azərbaycan hakimiyyətini təzyiqləri dayandırmağa və İbadoğluya qarşı ittihamları ləğv etməyə, səyahət qadağasını aradan qaldırmağa çağırıblar.

Rəsmi Bakı isə hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.

Azərbaycanlı rəsmilər insan hüquqlarının vəziyyətinə dair beynəlxalq tənqidləri bir qayda olaraq rədd edir, bu cür çağırışların “qərəzli” olduğunu və ya ölkədəki vəziyyətlə bağlı məlumatın olmamasından irəli gəldiyini vurğulayır, vətəndaşların bütün hüquq və azadlıqların təmin edildiyini və qorunduğunu bəyan edirlər.

Forum

XS
SM
MD
LG