Avropa liderləri Ukrayna və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün bazar ertəsi Parisdə böhran iclası keçirib. Henri Ricvelin məlumatına görə, bu görüş Vaşinqtonun ABŞ-ın Avropanın təhlükəsizliyinin əsası olan transatlantik alyansa sadiqliyinə şübhələr yaradan diplomatik müdaxilələrindən sonraya təsadüf edib.
Bir neçə gün davam edən ağır diplomatiya Avropa təhlükəsizliyinin fundamentini sarsıdıb. Fransa Prezidenti Emmanuel Makron böhran müzakirələri üçün bazar ertəsi bir neçə Avropa liderini Parisə dəvət edib. Onlar arasında Britaniyanın baş naziri Keir Starmer olub.
“Biz avropalılar daha çox iş görməli olacağıq. Yükün bölüşdürülməsi məsələsi yeni deyil, amma indi aktualdır. Və avropalılar həm xərclərini, həm də təyin edə bildyimiz imkanları artırmalı olacaq,” o deyib.
Starmer bildirib ki, o, davamlı sülh razılığı olduğu halda, Ukraynaya Britaniya qüvvələrini göndərməyə hazırdır.
“Amma ABŞ-ın dəstəyi olmalıdır, çünki ABŞ-ın təhlükəsizlik zəmanəti Rusiyanı Ukraynaya yenidən hücum etməkdən effektiv şəkildə çəkindirmək üçün yeganə yoldur,” o bildirib.
Vaşinqtonda bir sıra siyasət dəyişiklikləri Avropanın geo-siyasi hesablarlamalarını dəyişdirib. ABŞ-ın müdafiə naziri Pit Heqset ötən həftə NATO müttəfiqlərinə deyib ki, Rusiya işğalçıları ilə mübarizə aparan Ukraynaya yardımın böyük hissəsini Avropa təmin etməlidir. O əlavə edib ki, artıq Birləşmiş Ştatlar, onun sözləri ilə desək, “əsas diqqətini Avropanın təhlükəsizliyinə yönəltmir.”
Daha sonra ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıb və bununla da praktiki olaraq Moskvanın təcridinə son qoyub. Hər iki lider Səudiyyə Ərəbistanında Ukrayna sülh danışıqlarına başlamağa razılaşıb – amma Ukrayna və Avropa danışıq masasında olmayıb.
“Biz nizam strukturlarının tektonik yerdəyişmələrinin, həmçinin böyük dövlətlərin mövqelərinin dəyişməsinin şahidi oluruq,” Bertelsman Stiftunq Fondundan Daniela Şvarzer deyib.
Bir başqa analitik deyir ki, Avropa liderləri bəzi böyük qərarlar verməlidir.
“Ukraynaya dəstəyi təkcə davam etdirmək deyil, həm də artırmaq, nəzərə alsaq ki, ABŞ-ın Baydenin rəhəbərliyi altında olduğu kimi böyük rol oynamayacağı açıq-aşkardır. Ancaq həm də orta və uzun müddətdə Avropanın müdafiəsi və təhlükəsizliyi üçün. Yəni, avropalıların üzləşdiyi çox sayda suallar var,” Chatham House-dan Armina van Rij deyir.
32 NATO üzvündən yalnız 23-ü alyansın müdafiəyə ümumi daxili məhsulun ən azı 2 faizini xərcləmək hədəfinə çatıb - o ki, qaldı Donald Trampın tələb etdiyi kimi 5 faizi.
“Bu, maliyyə baxımından çox məhdud bir şəraitdə fəaliyyət göstərən bir çox avropalı üçün çox çətin olacaq,” van Rij deyib.
ABŞ təkcə müdafiə məsələlərini tənqid etməyib. Həftə sonu keçirilən Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti JD Vans kütləvi miqrasiyanı və Avropada söz azadlığına hücumu tənqid edib.
“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə Rusiya deyil, bu, Çin deyil, başqa heç bir kənar amil deyil. Məni narahat edən şey daxildən gələn təhlükədir. Avropanın bəzi ən fundamental dəyərlərindən, Amerika Birləşmiş Ştatları ilə ortaq dəyərlərindən geri çəkilməsidir,” JD Vans deyib.
Almaniya rəsmiləri bu şərhləri “qəbuledilməz” adlandırıb.
Van Rij deyir ki, Avropa transatlantik münasibətlərdəki yeni tondan şoka düşüb.
“Təəccüblü olan bunun hansı üslübda edildiyidir. Və bu, diplomatiyanın necə aparılması baxımından bütün normaları pozdu, və onlar çox açıq şəkildə bu reallıqla qarşı-qarşıya qaldı,” o deyib.
Bu, Avropa və Ukraynanın tez bir şəkildə adaptasiya etməli olduğu bir reallıqdır.
Forum