Həbsdə olan tanınmış media hüququ eksperti Ələsgər Məmmədli təsisçisi olduğu “Toplum TV”-yə qarşı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və “məhkəmədə azacıq ədalət olacağı təqdirdə” bütün ittihamları “puç edəcəyinə” inanır.
Bunu bu gün Ələsgər Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib.
“Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib”, Nəsimi Məmmədli deyib.
Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün 5 gün sərf edib.
“50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur”, Nəsimi Məmmədli bildirib.
Nəsimi Məmmədlinin fikrincə, qardaşının həbsi faktiki olaraq heç bir əsaslı sübut və dəlil olmadan siyasi sifarişlə həyata keçirilib.
O həmçinin əlavə edib ki, Ələsgər Məmmədli media hüququ sahəsində peşəkar fəaliyyətinə görə “hüquq terroruna məruz qaldığını, məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə” inanır.
Ələsgər Məmmədli ötən il martın 8-də “Toplum TV işi” çərçivəsində saxlanılıb, “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilib və həbsin müddəti bir neçə dəfə uzadılıb.
Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar narahatlıqlara, çoxsaylı müraciətlərə baxmayaraq, yerli məhkəmələr müdafiə tərəfinin Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərini də təmin etməyib.
“Toplum TV” nəşrinin redaksiyası ötən il martın 6-da həyata keçirilən polis reydindən sonra möhürlənərək qapadılıb.
Polis həmçinin “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
“Toplum TV işi” çərçivəsində Ələsgər Məmmədli ilə yanaşı, jurnalist Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, əməkdaşları Əli Zeynalov və İlkin Əmrahov və “III Respublika Platforması”nın Qurucu Heyət üzvü Ruslan İzzətli də həbs edilib.
İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən jurnalistlər və fəallara qarşı ittihamlar yanvarın 17-də 6 yeni ittihamla ağırlaşdırılıb. Eyni gündə “Toplum TV”-nin polis nəzarətində olan jurnalisti Fərid İsmayılov barəsində də həbs qətimkan tədbiri seçilib.
Fevralın 5-də isə “Toplum TV”-nin daha bir jurnalisti – Şahnaz Bəylərqızı eyni ittihamlarla həbs edilib.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub
Forum