ABŞ Prezidenti Donald Tramp bazar ertəsi alüminium və polad tariflərinə 25%-lik tarif elan edib ki, bu da ABŞ-ın əsas ixracatçıları olan Kanada və Meksikaya təsir edə bilər. Trampın davam edən ticarət müharibəsi ABŞ-ın əsas rəqibi Çinin tənqidinə səbəb olub. Amerikanın Səsinin müxbiri Anita Pauel Ağ Evdən xəbər verir.
Prezident Donald Trampın ticarət müharibəsində daha bir zərbəsi. Bazar ertəsi o, polad və alüminiuma 25 faizlik tariflər elan edib.
''Bu, böyük bir işdir. Bu, böyük bir şeydir. Bu, Amerikanı yenidən zənginləşdirməyin başlanğıcıdır...”, Tramp qeyd edib.
“Siz amerikalı polad işçilərinin müdafiəsinə qalxan prezidentsiniz. Və mən sizin yanınızda dayanmaqdan inanılmaz dərəcədə təsirlənmişəm və çox şadam", Ticarət Naziri vəzifəsinə namizəd Hovard Lutnik bildirib.
Trampın ticarət müşaviri deyir ki, bu addım yerli istehsalçılara kömək edəcək və ölkənin iqtisadi və milli təhlükəsizliyini dəstəkləyəcək.
Ən böyük xarici polad tədarükçüləri kimi Kanada, Braziliya, Meksika və Cənubi Koreya ən çox zərər görən ölkələr olacaq.
Bazar ertəsi Pekinin ABŞ mallarına əlavə 10-15 faizlik tarifləri Trampın bu ayın əvvəlində Çin mallarına 10 faizlik artımına qarşı cavab tədbiri olaraq qüvvəyə minib.
“Ticarət müharibələrində və tarif müharibələrində qalib yoxdur. İndi lazım olan birtərəfli tarif artımları deyil, bərabər dialoq və qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələrdir. Biz ABŞ-ı öz yanlış praktikalarını düzəltməyə və iqtisadi və ticarət məsələlərini siyasiləşdirməyi və alət kimi istifadə etməyi dayandırmağa çağırırıq”, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun bildirib.
Lakin Tramp deyir ki, təkcə rəqiblər deyil, müttəfiqlər də ABŞ-dan öz maraqları üçün istifadə edir.
"Bizi həm dost, həm də düşmən vururdu. Bizim ölkəyə polad və alüminiumun xarici ölkələrdə deyil, Amerikada istehsal olunması lazımdır. Ölkəmizin gələcəyini qorumaq üçün biz ABŞ-da istehsalın onilliklər boyu görünməmiş şəkildə canlanmasını təmin etməliyik", Tramp bildirib.
Bir çox iqtisadçı hesab edir ki, tariflər istehlak qiymətlərini artırır. Təchizat zəncirləri və logistika üzrə ekspertlər deyirlər ki, Trampın bu addımı qlobal siyasət məsələlərini də gündəmə gətirir.
“Bunun danışıqlar strategiyası olub-olmaması, daimi olub-olmayacağı bəlli deyil. Bu, indi olduğu kimi yalnız Kanada, Meksika və Çinlə məhdudlaşacaq, yoxsa məsələn Avropa İttifaqına və ya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika və 12 və ya 14 ölkənin bir hissəsi olduğu BRİKS ölkələrinə qədər genişlənəcək?”, Oklahoma Dövlət Universitetindən Sundereş Heraqu bildirib.
Onun sözlərinə görə, bu narahatlıqlar ölkələri ticarət əlaqələrini yenidən qurmağa vadar edə bilər ki, bu da istehsalçıları narahat edəcək.
“Bizneslər qeyri-müəyyənliyə nifrət edirlər. Beləliklə, onlar hər şeyi dayandıracaqlar. Bu o deməkdir ki, istehsal aktivliyində azalma ola bilər, eyni zamanda tariflər inflyasiya effekti yarada bilər”, o əlavə edib.
Baş ofisi Miçiqan ştatının Detroyt şəhərində yerləşən ABŞ avtomobil sənayesində çalışan bəziləri bu narahatlığı bölüşür.
"Birdən-birə sistemə tariflər tətbiq etmək yaxşı nəticə verməyəcək", MichAuto-dan Qlen Stivens Junior bildirib.
Tramp ikinci müddətində bu məsələdə sürətlə irəliləyib.
"Bazar ertəsi polad tariflərini də elan edəcəyik", Tramp deyib. Reportyorun "Sabah?" sualına Tramp "Bazar ertəsi. Sabah" deyib.
ABŞ-ın ticarət tərəfdaşları tariflərin avtomobil istehsalçıları, gəmiqayırma və ABŞ-ın digər sənaye sahələrinə zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Forum