Accessibility links

Hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Daxili İşlər Nazirliyində görüş keçirib


Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

Fevralın 11-də Hüquq müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı Azərbaycan Daxili İşlər Nazirliyində görüş keçiriblər.

Hüquq müdafiə Təşkilatlari Monitorinq Qrupundan Amerikanın Səsinə verilən məlumata görə, görüş jurnalist Şahnaz Bəylərqızı ilə əlaqədar etdikləri müraciətlə bağlı olub.

Görüşdə hüquq müdafiəçilərinin müraciəti dinlənilib, onlara aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumatlar veriləcəyi vurğulanıb.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.

Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Forum

XS
SM
MD
LG