Accessibility links

“Traktor”un xorvatiyalı oyunçusu verdiyi bir müsahibəyə görə İran Futbol Federasiyasına çağırılıb


“Traktor” komandasının oyunçusu Igor Postonjski
“Traktor” komandasının oyunçusu Igor Postonjski

İran mediasının yazdığına görə, Təbrizin Traktor Azərbaycan komandasının xorvatiyalı futbolçusu İqor Postoniski (Igor Postonjski) “xarici mətbuata verdiyi bir müsahibəyə görə” Futbol Federasiyasının Əxlaq Komitəsinə çağırılıb.

Yarı-rəsmi İSNA agentliyinə istinadən, “İqor Postoniski bəzi izahatlar vermək üçün fevralın 8-də komitə qarşısına çıxmalıdır.”

Mövzu ilə bağlı məlumat yayan İSNA, Rokna və Varzesh 3 kimi mənbələr futbolçunun hansı müsahibəyə görə çağırıldığı barədə məlumat verməyiblər. Ancaq, bəzi sosial media kanallarında onun Xorvatiyanın Index.hr adlı onlayn qəzetinə verdiyi müsahibəyə diqqət çəkilib.

“Index.hr” yanvarın 10-da Traktor komandası, eləcə də onun xorvatiyalı baş məşqçisi Draqan Skoçiç və xorvatiyalı oyunçuları ilə bağlı bir reportaj dərc edib. Reportajda İqor Postoniskinin sözlərinə də yer verilib.

Postoniski Xorvatiya qəzetinə deyib ki, “Təbriz daha çox Azərbaycan və türk şəhəridir. Ümumiyyətlə, oralar çox gözəldir. İnsanlar buraya görə daha istiqanlıdır və hər zaman tanımadıqları insanlara belə yardım etməyə hazırdırlar.”

Index.hr saytının reportajında Təbrizin İrandan daha çox türk və Azərbaycan mədəniyyətinə yaxın bir şəhər olduğu qeyd edilib.

“Traktor klubu adını Tehranın şimal-qərbində olan Təbriz şəhərindəki bir traktor zavodundan alır. Təbriz mədəni baxımdan daha çox coğrafi olaraq bir İran şəhəridir. Şəhər Şərqi Azərbaycan vilayətində yerləşdir və əhalisinin çoxu türklərdən təşkil olunur. Bu durum özünü komandanın statusunda da göstərir. Traktorun tərəfdarları Beşiktaş və Galatasaray tərəfdarları kimi ehtiraslıdırlar,” Index.hr saytının yanvarın 10-da yayımladığı reportajda dərc edilib.

Forum

XS
SM
MD
LG