Fevralın 6-da Xətai Rayon Məhkəməsində "Meydan TV işi" üzrə həbs olunan jurnalist Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi müstəntiqdən Şəmşad Ağanın bu ittihama aidiyyətinin, əsaslı şübhənin mövcud olduğunu sübut edən ilkin sübutları tələb ediblər. Hümbətova bildirib ki, məhkəməyə vəsatət və təqdimatdan başqa ilkin sübutlarla bağlı heç bir fakt təqdim olunmayıb.
"Mənə aydın olmadı ki, məhkəmə həbs qətimkan tədbirini nəyə əsasən seçdi. Nə müstəntiq, nə də dövlət ittihamçısı çoxsaylı suallarımızın heç birinə cavab verə bilmədi" - deyə, vəkil qeyd edib.
Jurnalist özü məhkəmədə bildirib ki, prosesdən də ittihamın böhtan olduğu aydın olub və heç bir cinayət əməlindən söhbət gedə bilməz:
"Əsassız ittihamdır, həbs olunmağım üçün heç bir əsas yoxdur".
Vəkilin məlumatına görə, Şəmşad Ağa məhkəmədə tənqidi jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.
Jurnalist tutularkən əməliyyatı icra edən polislərdən biri tərəfindən zorakılığa məruz qaldığını deyib.
"Qarnına yumruqla vurub və Şəmşad bildirdi ki, onun mədə xorası, həmçinin öd kisəsi ilə bağlı xəstəliyi var. Yumruqla qarnından vurulması indiyədək ona ağrılar verir" - deyə, Hümbətova əlavə edib.
Şəmşad Ağa fevralın 5-də gecə 2 radələrində polis tərəfindən saxlanılıb, elə həmin gün onun evində axtarış aparılıb. Axtarış nəticəsində jurnalistin telefonları, kompüteri, jurnalist vəsiqəsi, yaddaş kartları götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov jurnalistin saxlanması barədə məlumatı Amerikanın Səsinə təsdiq edib.
"Şəmşad Ağa "Meydan TV işi" üzrə şübhəli şəxs qismində saxlanılıb. O qaçaqmalçılıqda ittiham olunur", mətbuata xidmətinin əməkdaşı qeyd edib.
Ötən il iyulun 5-də "Arqument.az" xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində "Toplum TV işi" üzrə şahid qismində dindirilib. Şəmşad Ağa "Toplum TV"də yayımlanan "Debat" verilişinin aparıcısı olub. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Forum