Accessibility links

Azərbaycan və İran “diplomatik münasibətlərdəki anlaşılmazlıqları” müzakirə edib


Hikmət Hacıyev və Məsud Pezeşkian (Mənbə: Sosial şəbəkə)
Hikmət Hacıyev və Məsud Pezeşkian (Mənbə: Sosial şəbəkə)

Rəsmi Tehran İran və Azərbaycan rəsmilərinin son qarşılıqlı səfərlərinin iki ölkə arasında diplomatik münasibətlərdə anlaşılmazlıqların aradan qaldırılacağına xidmət edəcəyi ümidindədir.

İRNA agentliyinin məlumatına görə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai fevralın 3-də bildirib ki, Azərbaycan və İran arasında səfərlər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Bakıya son səfərindən sonra baş tutub.

“Bu səfər zamanı yaxşı görüşlər oldu və iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olundu. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün yaxşı başlanğıc olacaq”, o qeyd edib.

İran rəsmisi deyib ki, Tehran Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün hər cür yardım göstərməyə hazırdır.

Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar barədə deyib: “Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar Qafqaz regionu və onun bütün qonşuları üçün çox vacibdir. Bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz və diplomatik mübadiləmiz var ki, bu da son günlər artıb. Biz əvvəllər bəyan etmişik və bir daha bildiririk ki, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün istənilən yardımı göstərməyə, o cümlədən iki ölkə arasında dialoqun irəliləməsinə kömək etməyə hazırıq”, Bəqai qeyd edib.

İran Xarici İşlər Nazirliynin rəsmisinin dedikləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri zamanı fevralın 2-də İran Prezidenti Məsud Pezeşkian və digər yüksək dövlət rəsmiləri görüşündən sonraya təsadüf edir.

Məsud Pezeşkian Hikmət Hacıyevlə görüşündə bildirib ki, region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanması İranın xarici siyasətinin əsas prinsiplərindən biridir.

“Regionun sərhədlərinin dəyişdirilməsi qəbuledilməzdir və regiondankənar bəzi güclərin hərəkətləri region ölkələri arasında birliyin gücləndirilməsinin vacibliyini zəruri edir”, o qeyd edib.

Pezeşkian bildirib ki, İran və Azərbaycan arasındakı münasibətlər qonşuluq əlaqələrinin tərkib hissələrindən əlavə, qardaşlıq və qohumluq münasibətlərinə əsaslanır. O, İranın əlaqələrin gücləndirilməsində maraqlı olduğunu, müxtəlif iqtisadi, siyasi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini bildirib.

“Biz həmçinin ticarət və nəqliyyatda maneələrin sürətlə aradan qaldırılmasını, iki ölkə arasında təcrübə mübadiləsini alqışlayırıq”, Prezident qeyd edib.

Prezident Pezeşkian əvvələr Azərbaycana səfərlərini xatırladıb və münasib vaxtda “mütləq yenidən Azərbaycana səfər edəcyini” deyib.

Pezeşkian həmçinin Azərbaycan Prezidentini Tehrana səfərə dəvət edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan İranla münasibətlərinin səviyyəsini yaxşılaşdırmaq istəyir.

“İran dost və qardaş ölkə kimi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Biz iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək istəyirik və xoşbəxtlikdən bu gün bu məqsəd üçün zəmin hazırdır”, İRNA agentliri Hacıyevə isinadən qeyd edib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin ölkəsinə səfər dəvətini Pezeşkiana çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi fevralın 1-dən İranda səfərdədir. O bu ölkənin prezidenti ilə görüşdən öncə İran Prezidentinin müşaviri Mehdi Sənayi, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əliəkbər Əhmədianla görüşüb.

İran mediasının məlumatlarına görə, görüşlərdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, son aylarda iki ölkənin diplomatik münasibətlərində gərginlik yaranmışdı. Yanvarın son həftəsində Azərbaycan və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb.

Dəmirçili iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycanda bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəsinin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.

İRNA bildirir ki, xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycan XİN-nin məlumatına görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı “açıq-aşkar şəkildə aparılan kampaniyaya” etiraz bildirilib. Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.

Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla, yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Azərbaycan, Rusiya və İran nəqliyyat nazirlərinin yanvarın 28-də Moskvada görüşlərinin keçirilməsi razılaşdırılıb. Bunubnla yanaşı, üç ölkənin nəqliyyat nazirlərinin Moskva görüşü hələ baş tutmayıb.

Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab edib.

“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir", Əliyev bildirib.

Azərbaycan Prezidentinin bu bəyanatından sonra İranın dövlət və dövlətə yaxın olan mediasında Azərbaycan Prezidentinin tənqidinə yönəlmiş məqalələr dərc edilib.

İranın yüksək səviyyəli rəsmiləri Əlyevin səsləndirdiyi son bəyanata reaksiya verməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin insidentlə bağlı etirazına cavabda İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG