Accessibility links

Azərbaycan parlamenti Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin ötürülməsi barədə sazişi təsdiq edib


Milli Məclis (Mənbə: Milli Məclis)
Milli Məclis (Mənbə: Milli Məclis)

Azərbaycan Milli Məclisi fevralın 3-də “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Ötən ilin noyabrında Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmini və davamlı inkişaf məqsədlərinə töhfə verilməsini nəzərdə tutur.

Milli Məclisin iclasında bildirilib ki, sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulan istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir.

“Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq ed əcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək bərpaolunan enerjinin Avropa və digər bazarlara ixracını asanlaşdıracaq”, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib.

Saziş həmçinin Orta Dəhlizin inkişafı və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.

Sənəd imzalanan zaman Prezident İlham Əliyev deyib ki, bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.

Sazişin həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Saziş çərçivəsində bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə üçün böyük potensial mövcuddur.

Onun sözlərinə görə, quruda texniki bərpaolunan enerji potensialı 135 giqavat, dənizdə isə 150 giqavat səviyyəsində qiymətləndirilir: "Mövcud inkişaf tempi nəzərə alınaraq, Azərbaycan daxili istehlak üçün qoyuluş gücündə bərpaolunan enerjinin payını 2027-ci ilə qədər 33,1%-ə, 2030-cu ilə qədər 35,1%-ə, 2035-ci ilədək isə 40,4 %-ə çatdırmağı hədəfləyir".

Qurbanov bildirib ki, 2027-ci ilə qədər Azərbaycanda 6 günəş və 2 külək enerjisi layihəsinə ümumilikdə 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması proqnozlaşdırılır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcə də də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.

“Azərbaycan Avropa ilə artıq üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bu baxımdan bu il martın 1-də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak edir”, o qeyd edib.

İlham Şaban deyib ki, Özbəkistan və Qazaxıstan da üçüncü enerji dəhlizinin açılmasında fəaldır.

“Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır”, o qeyd edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir.

Forum

XS
SM
MD
LG