Accessibility links

Deputat Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac olduğunu deyir. Hüquq müdafiəçisi isə...


Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

Bu barədə fevralın 3-də Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat Siyavuş Novruzov xatırladıb ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub.

“Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, indi də həbsdədirlər. Bu Amnistiya Aktının qəbulu onları da sevindirər”, S.Novruzov qeyd edib.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, indiyə qədər Azərbaycanda 10 dan çox amnistiya aktı, 70-dən çox əfv sərəncamının olmasına baxmayaraq, ölkədə bu gün də siyasi məhbuslar problemi ciddi problem olaraq qalır.

Samir Kazımlı: Amnistiya aktı Azərbaycanda siyasi məhbus problemini aradan qaldırılması üçün bir çıxış yolu kimi görünmür
please wait

No media source currently available

0:00 0:02:22 0:00
Direct link

“Əvvəlki təcrübələrə baxanda görərik ki, amnistiya aktları, əfv sərəncamları Azərbaycanda siyasi məhbus probleminin aradan qaldırılması ilə bağlı məsələni qaldırmayıb. Düzdür bir neçə siyasi məhbus həm amnsitiya, həm əfv sərəncamı ilə azadlığa çıxıb. Amma ümumilikdə siyasi məhbus problemi qalır”, o deyib.

Hüquq müdafiəçisi deyir ki, bunlar Azərbaycanda siyasi məhbus problemini aradan qaldırılması üçün bir çıxış yolu kimi görünmür.

“Təbii ki, Azərbaycan hakimiyyəti bunun üçün öncə ortaya siyasi iradə qoymalıdır. Məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Siyasi motivli həbslərə son qoyulmalıdır”, ekspert əlavə edib.

Samir Kazımlı hesab edir ki, amnistiya, əfv bəzi insanlarda ümid yaratsa da, bu özünü doğrultmur.

“Əfvlər yarımçıq olur. Amnistiya aktlarında daha çox müəyyən maddələr üzrə cinayət törətmiş şəxslər düşür. Bundan daha çox hakimiyyətin özünün təbliği üçün istifadə olunur. Yaxşı olar ki, Azərbaycan hakimiyyəti bu yolla ölkədə siyasi məhbus problemini aradan qaldırmaq istəyirsə , ortaya siyasi iradə qoymalıdır”, Kazımlı vurğulayıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq-müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Dörd il əvvəl noyabrın 5-də Azərbaycan Milli Məclisi prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edib.

Amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil edilib.

Bir sıra hüquq müdafiəçiləri amnistiya aktının ölkədə yerli hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan yüzdən çox insanı əhatə etməyəcəyinə öz etirazlarını bildirmişdilər.

Bundan əvvəl isə Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub. Sonuncu amnistiya aktı isə 2016-cı ildə qəbul olunub.

Forum

XS
SM
MD
LG