Rza Səlimi və Səməd Heydəri adlı iki azərbaycanlı fəal yanvarın 23-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumatlara görə, təhlükəsizlik qüvvələri onların iş yerinə gələrək, həbs qərarı və şikayətçilərin olduğu iddiası ilə onları saxlayıblar.
Həbs edilən türk fəallar Təbrizdə kəşfiyyat idarəsinin təcridxanasına aparılıb. Onlar həmin təcridxanadan ailələri ilə qısa telefon əlaqəsi zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqlarını bildiriblər.
Milli fəal Səməd Heydəri daha əvvəl Traktor komandasının oyunları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və onun barəsində məhkəmə işi açılmışdı.
Cümə günü 24 yanvar tarixində Təbriz şəhərində bir qrup milli fəal həbsdə olan fəallar Səməd Heydəri və Rza Səlimiyə dəstək məqsədilə şəhərin müxtəlif yerlərində onların posterlərini yerləşdiriblər. Həmin posterlərdə "Ardınca çox gəzib dolanmışam, səni dustaqlarda tapmışam, Salam vətən! Salam vətən!" və "Daim yaşayış oldu bizə qara dustaq, əl-qol yerinə bəndə vurulduq dilimizdən" ifadələri yer alıb.
İran Azərbaycanından yayılan məlumatlar, İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən milli fəallara qarşı təzyiqlərin artdığına, həbslərin və hədələyici telefon zənglərinin sayının əhəmiyyətli dərəcədə çoxaldığına işarə edir.
Forum